RU

Trampla bərabər Azərbaycanda da fəallaşanlar var- Elton Məmmədovun üsyankarlığı...

Image

Təhmasib Novruzov: “Elton Məmmədovun bu kükrəmək cəhdini vızıltı saymaq olar” 

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov ölkənin həssas bir prosesə - parlament seçkilərinə  qədəm qoyduğu zamanda üsyankar mövqe sərgiləməyə başlayıb. E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib.

Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmağa çalışıb. MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır. Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub. Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib. 

Məsələ ilə bağlı danışan E.Məmmədov müxtəlif media resurslarına verdiyi açıqlamasında  bunları deyib:

“Sizcə, dövlətə və dövlət başçısına qarşı saxta siyasət həyata keçirə bilərəm?! Açığı, xəbəri sizdən eşidirəm. Yəqin, bu qərarı Mərkəzi Seçki Komissiyasının rəhbəri və Ucar rayon icra başçısı verib. Mənim heç nədən xəbərim yoxdur. Mənə qarşı saxtakarlıq olduğu üçün, əslində, namizəd olaraq mən xəbərdar olmalıyam. Namizədliyim mənə xəbər verilmədən ləğv edilibsə, deməli, hüququm pozulub. Hüququmun pozulması haqda gərək addım atım. Mən nə əmlaklarıma aid, nə də başqa bir sənədlərimdə heç bir saxtalaşdırma etməmişəm. Ən böyük saxtakar Məzahir Pənahovdur!”

Sabiq deputat daha sonra bildirib ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib: ”Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da “hə” deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Əgər YAP-dan olan rəqibim qələbə qazansa, əlini ilk sıxan mən olacaqdım. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim, ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir”.

Belə ehtimallar var ki, Elton Məmmədovun məhz indiki məqamda fəallaşması təsadüfi deyil. Hesab edilir ki, ABŞ-da Donald Trampın prezident seçilməsi ehtimalı artdıqca Ziya Məmmədova yaxın şəxslər fəallaşmağa meyllənir. 

Bu baxımdan, Elton Məmmədovun  belə cəsarətlənməsi Tramp amili ilə bağlı ola bilərmi?

Azad Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, Elton Məmmədovun davranışlarına aid bir neçə atalar sözü deyə bilər. (Həmin atalar sözləri bir qədər sərt olduğu üçün yazmırıq - red ) : “ Onlar zamanında hakimiyyətin resurslarından geninə - boluna yararlanıblar. Yenidən gündəmə gəlmək istəyirlər. Deputat olmaq iddiasına düşüb, amma bunu reallaşdıra bilmir. Ona görə də, ağlına gələn ittihamı səsləndirir. Azərbaycanda heç kimə sirr deyil ki, Ziya Məmmədovun və onun ətrafının Donald Trampla müəyyən əlaqələri var. Trampın yenidən ABŞ prezidenti olma şansı artdığı üçün bunlar yenidən fəallaşıblar. Məsələ başqa üsullarla həll olunursa, Azərbaycanda ən çox pul Ziya Məmmədov və onun qardaşındadır. Bunu hamı bilir. Özü də həmin pulların necə əldə olunmağı da bizə gözəl məlumdur. Ciddi bir prosesdə saxtakarlıq axtarırlarsa, məntiqlə, o zaman bunların şansı daha çox olmalıdır. Yadıma bir hadisə düşdü. Eyni yerdə iki nəfər imtahan verirdi. Biri kasıb ailənin , digəri isə vəzifəli şəxsin uşağı idi. Kasıb ailənin uşağı imtahandan 5 qiyməti almışdı. İmkanlı isə kəsilmişdi. İmkanlı ailənin uşağının valideynləri prosesi belə qiymətləndirmişdi : “Onsuz da  hər şey pulladır”. Məntiqlə, imtahan pulla olsaydı, elə 5 - i imkanlı ailənin uşağı alardı. İnsanların əli istədiklərinə çatmayanda yüz bəhanə ilə başqalarını da hədəfə alırlar. Azərbaycanda seçkilərin necə keçdiyi hamıya məlumdur. Ona görə də Elton Məmmədovun bu kükrəmək cəhdini  vızıltı saymaq olar”.

Məhəmmədəli QƏRİBLİ





Избранный
60
3
baki-xeber.com

6Источники