Lənkəran rayonu, Vilvan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü G.Hüseyinlini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.