RU

Qarabağda 3 gün...

Beynəlxalq səyyahlar işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli quruculuq işlərinə heyrandırlar

İşğal azad edilmiş ərazilərimiz xarici ölkələrin səyyahlarının diqqət mərkəzindədir. Təsadüfi deyil ki, həmin yerləri görmək istəyənlərin sayı gündən-günə artır. Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib.

Belə səfərlər vasitəsilə dünya ictimaiyyətinin diqqətini işğaldan azad olunmuş ərazilərdə törədilən vəhşiliklərə yönəltmək mümkün olur. Səyyahlar həm də Qarabağda aparılan sürətli bərpa və quruculuq işləri ilə tanış olurlar. 

13 ölkədən 35 səyyah...

İyulun 25-də bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri baş tutub. Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Üçgünlük səfər...

Qarabağa səfəri Füzulidən başlayan səyyahlar iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət ediblər. Əvvəlcə Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Səyyahlar iyulun 26-da Şərqi Zəngəzura - Laçına, iyulun 27-də isə Zəngilan və Cəbrayıla (Xudafərin körpüsü) səfər ediblər. Səyyahlar üçgünlük səfər çərçivəsində Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olublar.

Hər dəfə yeni bir şeyin şahidi oluruq...

MTP-nin rəhbəri Çarlz Veyli bildirib ki, MTP təşkilatının bir qrup səyyahı artıq dördüncü dəfədir ki, Qarabağa səfər edirlər və onlar regionda aparılan bərpa işlərinin sürətinə heyran qalıblar: “Bu, qrupumuzla Qarabağa artıq dördüncü səfərimizdir. Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilanın hansı sürətlə bərpa olunduğunu görürük. Hər dəfə yeni bir şeyin şahidi oluruq. Qarabağa gəlmək insanların həqiqətən də çox xoşuna gəlir.

Ç.Veyli qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük turizm potensialına malikdir: “Hesab edirəm ki, yerli turizmin yaxşı gələcəyi var. Mən hər il buraya gələrək regionun necə dəyişdiyini görmək istəyirəm”.

Bərpa işlərinin sürətinə heyran qaldım...

Ukraynalı səyyah Vlad Kibol Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərinin sürətinə heyran qaldığını söyləyib: “Mən artıq bir neçə dəfə Azərbaycanda olmuşam və bu ölkənin ərazi bütövlüyünü bərpa etməsinə çox sevinirəm”.

Regionun tarixi haqqında çox şey öyrəndik...

Səyyah qeyd edib ki, Şuşa şəhərinə səfər etməzdən əvvəl o, Füzulidə olub və tikinti işlərinin sürətinə heyran qalıb: “Ümid edirəm ki, Füzulidə tikilmiş hava limanına təkcə Azərbaycandan deyil, Türkiyə, Avropa ölkələri və digər ölkələrdən də turistlər gələcək.

Şuşa haqqında danışan səyyah şəhərin təbiətinin gözəlliyinə və memarlığına heyran qaldığını söyləyib: “Burada çox gözəl dağlar, məscidlər, zəngin tarix var”.

Amerikalı səyyah Şelvin Şah bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahət ona bölgənin tarixi haqqında çox şey öyrənməyə imkan verib. Səyyah mina problemi ilə bağlı fikirlərini də bölüşüb: “İstərdim ki, insanlar daha minalardan ölməsinlər, mən həmişə sülhün tərəfdarıyam. Fikrimcə, həm Azərbaycana, həm də Ermənistana sülh gətirən hər şey hər iki ölkənin maraqlarına uyğundur”.

Şuşa mənə Qüdsü xatırladır...

Almaniyalı səyyah Yoahim fon Löben isə Qarabağın sürətlə bərpasının heyrətamiz olduğunu bildirib. Şuşa haqqında danışan səyyah qeyd edib ki, bu şəhər ona Qüdsü xatırladır: “Şuşa bənzərsiz bir şəhərdir. Bu şəhərin azərbaycanlılar üçün əhəmiyyəti və müqəddəsliyi mənə Qüdsü xatırladır.

Səyyah, həmçinin deyib ki, Qarabağda Füzuli şəhərinin timsalında şahidi olduğu bərpa işlərinin sürəti onu heyran edib: “Sakinlər artıq oraya qayıtmağa başlayıblar və bütün infrastruktur cəmi bir-iki ilə tikilib”.

Qeyd edək ki, səyahlar Ağdamda da olublar. Turistlər işğal illərində Ermənistanın Ağdamda törətdikləri dağıntılar, davam edən bərpa və tikinti işləri ilə tanış olublar. Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər. Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib.

Azərbaycan xalqını çox yaxşı anlayıram...

Kosovolu xanım səyyan Vjollca Nivokazi Ağdamdakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb: “Bu dağıntılar, bu mənzərə mənə yad deyil. Azərbaycan xalqını çox yaxşı anlayıram”.

V. Nivokazi Ağdam Şəhidlər xiyabanında işğalçılar tərəfindən dağıdılan məzarlara baxaraq göz yaşlarını saxlaya bilməyib.

Bakının memarlıq üslubu məndə dərin təəssürat oyatdı...

Filippinli səyyah Camel Santos bildirib ki, bütün xarici qonaqlar işğaldan azad olunmuş ərazilərə səyahət etməklə Azərbaycan haqqında daha çox məlumat əldə edirlər: “Buradakı vəziyyəti və Azərbaycan hökumətinin səylə həyata keçirdiyi tədbirləri öz gözlərimizlə görmək tamamilə fərqli hisslərdir. Ölkənizə gəldiyim ilk andan etibarən yerli əhali, yeməklər, paytaxt Bakının memarlıq üslubu məndə dərin təəssürat oyatdı”.

Yeganə BAYRAMOVA

Избранный
90
yeniazerbaycan.com

1Источники