Bir neçə gün əvvəl Xalq artisti Ağadadaş Ağayevin gündəmə gəldiyi balta olayı ilə bağlı təfərrüat məlum olduqdan sonra mövzu ətrafında gedən müzakirələr daha da alovlanıb.
Məsələnin təfərrüatı, sənətçinin səhhəti ilə bağlı Yenisabah.az-a onun vəkili Asim Abbasov danışıb.
A.Abbasov hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini bildirib:
“Ağadadaş Ağayevin səhhəti yaxşı deyildi, bir neçə gün idi ki, sənətçi həkim nəzarəti altında idi. Ola bilər yaxın günlərdə özü bu barədə mətbuata açıqlama versin.
Əgər səhhəti əl versə, qısa zaman ərzində Ağadadaş müəllim həm mətbuata, həm cəmiyyətə açıqlama verəcək. Hələ ki, istintaq davam etdiyi üçün məsələ barəsində açıqlama verə bilmirik. Biz eyni zamanda, buna görə məsuliyyət daşıyırıq”.
Xatırladaq ki, bir neçə gün öncə Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçiyə balta atıb və onunla əlbəyaxa davaya çıxıb. Hadisə zamanı atılan balta klinikanın əməkdaşı olan qadına dəyib və o xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.