Almaniyanın 2-ci bundesliqasında "Nürnberq" klubu Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emrelinin xidmətində maraqlıdır.
Sportinfo.az xəbər verir ki, klubun idman direktoru Joti Xatsialeksiu "Bild" nəşrinə müsahibəsində M.Emreli ilə bağlı növbəti açıqlama verib.
Xatsialeksiu bildirib ki, Mahir hazırda transfer üçün tam hazır olmasa belə, "Nürnberq" əvvəlkitək futbolçunu heyətinə qatmağa hazırdır.
Ötən həftə Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında demişdi:
"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur.
O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik”.
Həmin vaxt "Bild" qəzeti yazmışdı ki, M.Emreli iyulun 15-də Nürnberqdə komandanın düşərgəsində olub. Amma o, sonradan müqavilə bağlamadan geri qayıdıb.
Qəzet yazır ki, "Nürnberq" yekun qərar verməzdən əvvəl M.Emreli ilə əlavə müzakirələr və tibbi araşdırmalar aparmaq fikrindədir.