RU

“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər

Məlumdur ki, çörəklər arasında qiymət və keyfiyyət fərqləri var. İnsanlar tərəfindən də müxtəlif zavodların istehsalı olan çörəklərə üstünlük verilir. 
 
Əhali arasında "Nur" çörəyinin dadı daha çox danışılan və seviləndir. Bir qisim insan məhz həmin çörəyi almaq üçün çörəyin satışı olan mağazalara üz tuturlar. Görəsən, çörəklər arasındakı bu dad və keyfiyyət fərqinin qiymətləri ilə nə dərəcədə əlaqəsi var? Ümumiyyətlə, fərqlərin səbəbləri nələrdir? Zavod çörəklərinin arasında nə kimi fərqlər ola bilər ki, böyük dad fərqi yaratsın və insanlar məhz birinə daha çox üstünlük versinlər?
 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablayıb:
 
 
"Sosial çörəklər arasında, əlbəttə ki, müxtəlif fərqlər var. Baxmayaraq ki, standartları eynidir. Lakin onların hazırlanma texnologiyasında hazırlayanın - müəssisə sahibinin böyük rolu var. Bu da dadına, keyfiyyətinə təsir edir. Əhali düşünür ki, zavod çörəklərinin hansının üzəri daha çox qızarmışsa, həmin çörəklər daha yaxşıdır. Bu zahirən belədir. Onun xaricinə şəkər çəkildiyi üçün qızarıb, partlaq-partlaq olub. İçərisi isə kifayət qədər bişməyib. Normal zavod çörəyinin üst və alt hissəsi eyni, yetişmiş sünbül rəngində olmalıdır. 
Xəmirin acıma müddəti məsələsi var. Əgər mayanı çox qarışdırarsansa, 1 saatda olan istehsalatı çox olar. Lakin, bəzi zavod çörəkləri o cümlədən “Nur” çörək zavodu məndə olan məlumata görə, mayanı çox az qarışdırır və qədim üsuldan istifadə edir. Balata edirlər. Yəni, xəmirin özündən  acıma edirlər və uzun müddət saxlayırlar ki, lazımi hala gəlsin. İstehsalın az olmasına baxmayaraq, keyfiyyətli çörək istehsal edirlər. Əlbəttə ki, ən yaxşı ekspert əhali, əhalinin rəyidir".
 
Ekspert əlavə edib ki, əhali damaq dadına görə çörək seçir. Xammalın müəssisəyə qəbulu məsələsi də vacib rol oynayır: "Bəzi müəssisələr xammalı (unu) heç bir analiz etmədən, qəbul edirlər. Unun tərkibində olan parametrlər yoxlanılmır, buna görə də müxtəlif cür çörəklər əldə olunur. İstilik rejimi, elektrikə qənaət kimi amillər də bu fərqlərə  təsir etmiş ola bilər. İstehsal müəssisəsinin öz biznes istəyindən və işinə vicdanlı yanaşmasından da çox şey asılıdır. Onu da qeyd edim ki, tez-tez eşidirik ki, bəzi çörəklərin içindən tük və s. çıxır. Çörəklərin içindən təsadüfən dəmir qırığı da  çıxa bilər.  Bu da orda olan təmir işi ilə əlaqədardır. Bizə gəlib çatan informasiyaya görə bəzi bir qrup istehlakçı var ki, çörək istehsalı müəssisələrindən pul qoparmaq üçün at tükü, qadın saçının telini iynəyə keçirərək, iynəni çörəyin içinə salıb, tükü çörəyin içində buraxırlar. Sonra sıxılmanı buraxdıqdan sonra o ipin, tükün ucu da görünmür. Belə bir insan qrupları var. Mən sizin Moderator. az vasitəsilə üzümü insanlara tutub demək istəyirəm ki, belə pis əməllərdən əl çəksinlər. Bu yolverilməzdir.   Bunu bəzən zavod çörəyi istehsal edən müəssisənin işdən qovulan işçiləri də bunu edə bilir. Onlarla rəqabətdə olan müəssisə işçiləri də bu addımı ata bilirlər.  
Mən əlbəttə ki, çörək müəssisələrini müdafiə etmirəm. Hətta, bizim ofisdə içərisindən 10 sm bolt çıxan çörək nümunəsi var. Onu bizə İngiltərə vətəndaşı gətirmişdi.  İçərisindən dəmir qırıntısı çıxan çörək nümunələri də olubdur.
 
Hesab edirəm ki, çörək istehsalı müəssisələrinin sıx birliyi olmalıdır. O birlik qiymətin təyin olunmasına yox, keyfiyyətin yüksəldilməsinə kömək etməlidir".
 
 
Nərminə Kamal
Избранный
97
moderator.az

1Источники