Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçinin davasına tanınmış yazıçı Azad Qaradərəli münasibət bildirdi.
Tribunainfo.az-a açıqlamasında danışan yazıçı bildirib ki, “Ağadadaş Ağayev məsələsi haqqında mən ilk gündən fikrimi bildirmişəm və elə o fikirdə də qalıram”.
Yazıçının sözlərinə görə, “Qanunun aliliyi qorunan bütün məmləkətlərdə hər kəs qanuna tabedir: prezident də, nazir də, müğənni də, yazıçı da, fəhlə də. Heç kim qanunun tələblərindən kənara çıxa bilməz və çıxarsa, birmənalı olaraq cəzalandırılmalıdır.
Ağadadaş Ağayev xalq artistidir deyə evinin balkonundan qışqırmalıdır ki, mən xəstəyəm və klinikadakılar gəlib mənə baxsın, deyə bir şey ola bilməz. Bununçün prosedurlar var. Ayaqla gedirsən xəstəxanaya, yaxud gedə bilmirsənsə, təcili yardıma müraciət edirsən və sair.
Ağadadaş Ağayev isə evinin balkonundan çağırır, həkimlər gəlmədikdə balta götürüb klinikaya hücum edir… Bunun bir adı var: barbarlıq!
Bəli, Ağadadaş Ağayev ağır xəstəlikdən əziyyət çəkir, psixikası pozula bilər, lakin onun evində anlaqlı olan adamlar var yəqin ki. Onlar məsələyə müdaxilə edə bilərdilər. Daha balta nədir?! Biz hansı zəmanədə yaşayırıq?!”
Eyni zamanda Azad Qaradərəli sonda vurğuladı ki, “mən Ağadadaş Ağayevin nə ifasını, nə də yaradıcılığını gənclik illərindən bu günədək sevməmişəm. Onun müğənnidən çox, özünü bir ataman kimi, hansısa cəbhənin komutanı kimi aparması da könlümü bulandırıb. Biz müğənnilər, xanəndələr görmüşük: Xan, Arif Babayev, Əbülfət Əliyev, Səxavət Məmmədov… Necə sadə, adi adamlar idilər. Yaradan insana bir qabliyyət lütf edəndə onun ən gözəl keyfiyyəti olan insanlığına toxunmaz. Bəziləri, nə yazıq ki, bunu sonradan itirər… Bu da sonda faciələrə yol açar”.
Yazıçı qeyd edir ki, “mən o mühafizəçinin əməlini də təqdir etmirəm. Əli baltalı adamı zərərsizləşdirib polisə təhvil verməklə işini bitmiş saya bilərdi. Daha o küçənin ortasınada yumruq, təpik, düz olmadı… O da, Ağadadaş bəy də qanun qarşısında cavab verməlidirlər”.