RU

Bəzi insanlar niyə bahalı həyatını hər yerdə nümayiş etdirir? - Psixoloq danışdı

“Bəzi insanlar bahalı həyat tərzi yaşadıqlarını göstərməyə çalışırlar. 

Çünki bunun onlara müxtəlif sosial, emosional və psixoloji üstünlüklər verdiyini düşünürlər”.

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bahalı həyat tərzi ilə özünü göstərməyə çalışan insanların psixologiyasını başa düşmək üçün bir neçə amili nəzərə almaq lazımdır: 

“Birinci sırada sosial olaraq qəbul olunmaq istəyi gəlir. Cəmiyyətdə qəbul olunmaq və hörmət edilmək istəyən insanlar bahalı həyat tərzini nümayiş etdirərək sosial statuslarını vurğulamağa cəhd edə bilərlər. Bu, qruplar arasında sosial qəbul və nüfuz qazanmaq istəyinin təzahürüdür. 

İkinci sırada isə özünə hörmət, özünə güvən və özünü dəyərləndirmə dayanır. Bu cür davranış insanın özünə hörmətini və özünü dəyərləndirməsini artırır”. 

Həmsöhbətimiz qeyd edib ki, bahalı əşyalar və həyat tərzi onların uğurlu və dəyərli hiss etməsinə kömək etdiklərini düşünürlər: 

“Lakin bəzi insanlar maddi sərvətlərini nümayiş etdirməklə özlərini daha dəyərli hiss etmək istəyirlər. Bu, özünə inamın olmaması və öz dəyərini xarici amillərə əsaslandırma meyli ilə nəticələnə bilər. Həmçinin, sosial şəbəkələrin təsirini də vurğulamaq lazımdır. Çünki sosial şəbəkələrdə tez-tez bahalı həyat tərzi nümayiş etdirilir və bu, insanların başqalarına bənzəmək istəyini artıra bilir. Nəticədə, onlar da digər insanlar kimi bahalı həyat tərzi yaşamağ istəyirlər. Digər səbəb isə rəqabət və müqayisədir. İnsanlar özlərini ətrafdakı insanlarla müqayisə etməyə meyllidirlər. Bu müqayisə insanı daha bahalı və dəbdəbəli həyat tərzinə sürükləyə bilər. Çünki bu, onlara başqalarından daha uğurlu və üstün olduqlarını hiss etməyə kömək edir”. 

Səbinə Şirəliyevanın sözlərinə görə, emosional boşluq və narazılıq da bahalı həyat tərzi yaşamağı göstərməyə vadar edən faktorlardır: 

“Bəzi insanlar daxili narazılıqlarını, emosional boşluqlarını bahalı alış-veriş və dəbdəbəli istehlakla doldurmağa çalışırlar. Bu, müvəqqəti xoşbəxtlik və məmnunluq gətirsə də, uzun müddətdə həqiqi məmnunluq gətirmir. Bu və digər amillərin birləşməsi bəzi insanların bahalı həyat tərzi nümayiş etdirmələrinin psixoloji səbəblərini izah edə bilər”. 

Избранный
30
cebheinfo.az

1Источники