RU

Çindən Azərbaycana və Avropaya...

Orta Dəhliz rekord həcmdə daşınmalarla qlobal nəqliyyat dəhlizinə çevrilir

2024-cü ilin yanvar-iyun aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65 artaraq artaraq 2,1 milyon ton təşkil edib. İlin sonunadək daşımaların həcminin daha da artaraq 4,2 milyon tona çatdırılması planlaşdırılır. Yeri gəlmişkən, cari ilin birinci yarısında Azərbaycan da Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 faiz artırıb. Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 60-dan artıq blok qatar yola salınıb.

Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının da marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər -Avropa coğrafiyasına xüsusi önəm verərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər. Belçika Krallığının Qazaxıstandakı səfiri Anri Vantigem bildirib ki, Mərkəzi Asiyadan Avropaya nəql edilən daşınmaların intensivliyini daha da artırmaq üçün əhəmiyyətli sərmayə yatırımları nəzərdə tutulur. Onun sözlərinə görə, Mərkəzi Asiya və Xəzər regionu təbii resusr və digər iqtisadi potensial baxımından son illərdə daha da inkişaf edir, bu bölgənin ehtiyatlarının nəqli Avropa üçün xüsusi maraq kəsb edir və resursların daha tez və maneəsiz daşınması üçün bütün zəruri logistika infrastrukturını yeniləməyə başlamaq lazımdır.

“The Europe Today” nəşrinin analitik şərhində isə bildirilir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) bölgədəki iqtisadi potensialların sıx əlaqələndirilməsi baxımından hazırda ən strateji qlobal tranzit xəttidir. Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyası kimi öz daşıyıcılıq imkanlarını artırmaqla digər tranzit xətlərini qabaqlayır. Xüsusilə də son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqları Trans-Xəzərin strateji rolunu artırıb.

Şimal dəhlizinə əsas alternativ olan Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min km deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir və bu dəhliz dövriyyələrin artmasında xüsusi rol oynamaqdadır. 2022-2022-cü illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 4 milyon tona qədər artıb.

Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri kimi Azərbaycanın

yaradıcılıq səyləri də diqqəti cəlb edir. Xüsusilə də Orta dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilməlidir. Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoy Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün liderliyini də yüksək dəyərləndirib və bu məsələdə rəsmi Pekinin ölkəmizdə siyasi-iqtisadi dəstəyini ifadə edib. Cənab Siaoyun qənaətinə görə, Çin Orta Dəhlizin ən axıcı və hərəkətverici qoluna çevrilə biləcək Orta Dəhlizə dəstək verir və bu sahədə Azərbaycanla birgə zəruri addımlar atmağa hazırdır.

Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin Trans-Xəzərə cəlb olunması daha da aktuallaşıb və hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Çinlə iqtisadi-ticari münasibətlərin inkişafı fonunda Pekinin bu dəstəyinə arxalanaraq TransXəzərə olan ehtiyacını bəyan edib. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlizin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistanın, Qırğızıstanın, Tacikistanın dövlət başçılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri də məhz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı olub.

Qeyd edək ki, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi Trans-Xəzərin əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyalarını cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb. TDT-nin xüsusi maraq və diqqətində olan Zəngəzur dəhlizi də Trans-Xəzərin mühüm tərkib hissəsi hesab olunmaqla Çin-Mərkəzi Asiya-Avropa bloku üzrə nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa marşrut kimi dəyərləndirilir.

Azərbaycan öz siyasi-iqtisadi iradəsini nümayiş etdirməklə bərabər, vaxt itirmədən Orta Dəhiləz inteqrasiyanın müasir tələblərinə uyğun nəqliyyatda həllərini həyata keçirib, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görülməsi Orta Dəhlizin perspektiv güc balansına hesablanıb.

E.CƏFƏRLİ

Избранный
53
yeniazerbaycan.com

1Источники