Tədris ilinin sentyabr ayının 1-dən başlaması illərdir müzakirə olunan məsələlərdən biridir.
Hətta ötən il Elm və təhsil naziri Emin Əmrullayev “Məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı” söyləmişdi. Lakin bu il də bu məsələ ilə bağlı hansısa yenilik olmadı.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki, hazırda belə bir qərar yoxdur və yaxın zamanda da gözlənilmir.
“Bu qərarı vermək üçün əvvəlcə dərindən və ciddi araşdırmalar aparılmalı və müzakirə olunmalıdır. Bu asan bir məsələ deyil, bunun üçün bütün təhsil sistemi uyğunlaşdırılmalıdır. Mənim şəxsi fikrimə gəldikdə isə düşünürəm ki, dərslərin sentyabr ayının əvvəlindən başlaması daha doğru və məqsədəuyğun olardı. Çünki əvvəlki dövrlərdə də bu belə olub. Lakin hazırda yanaşma fərqlidir. Əvvəlcə düşünməliyik ki bizim təhsil sistemimiz, dövlət qurumlarımız bu prosesə nə qədər hazırdır və bu proses nə qədər töhfə verə bilər. Hesab edirəm ki, məhz bu istiqamətlərdən məsələyə yanaşılsa, müəyyən qərarlar verib addımlar atmaq olar”.
Təhsil eksperti Cahid İmanlı isə qeyd edib ki, tədris prosesi sentyabrın 15-dən başladığı üçün iyunun 14-nə kimi uzadılır. Bu isə şagirdlərin öyrənmə prosesində mənfi rola malikdir.
“Dərslərin sentyabrın 1-dən olması tam mənası ilə Azərbaycanda mövsümlə əlaqəli, isti havalarla əlaqəli tam yerinə düşür. İyunun 1-dən 15-nə qədər məktəblərdə dərs keçmək mümkün olmur. Praktik cəhətdən müəllim kimi mən də bunu hiss edirəm. Bəzən elə olur ki, uşaqlar istidən huşumu itirir dərs prosesində. Buna görə də sentyabrın 1-dən dərslərin başlaması daha effektivdir”.
Ekspert bildirib ki, bu qərarın qəbul olunmasında düzgün əsaslandırmanın və cəmiyyətdə israrlı olmanın rolu böyükdür.
Fidan Vəlisoy