İran parlamentinin sədri, Məsud Pezeşkianın prezident seçkilərindəki rəqibi Məhəmməd Bagir Qalibafla ölkənin məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeinin vəzifələrindən qovulacaqları barədə məlumatlar yayılıb.Hər iki şəxsin rəsmi mərasimlərdə iştirakını əks etdirən məlumatlarda da senzuralar tətbiq olunmağa başlanılıb. Bu qəbildən olan senzuralardan biri iyulun 28-də Pezeşkianın vəzifəsinin təsdiqlənməsi ilə bağlı Əli Xameneinin iqamətgahının “Hüseyniyyə”sində (Məscid) keçirilən mərasimə aiddir. Bir sıra media orqanı və xəbər agentliyi parlament sədri ilə məhkəmə sistemi başçısının mərasimdəki fotolarını işıqlandırmayıb, onların Əli Xamenei və Məsud Pezeşkianla eyni cərgədəki görüntülərini silib. Müstəqil və müxalif siyasi şərhçilər bunun adıçəkilən şəxslərin vəzifələrindən çıxarılacağı ilə bağlı ehtimalların səsləndirilməsindən sonra baş verməsini təsadüf hesab etmirlər. Onların fikrincə, Məhəmməd Bagir Qalibaf və Qulamhüseyn Möhsüni Ejei Məsud Pezeşkiana qarşı birmənali mövqedə olmadıqları üçün Əli Xamenei tərəfindən vəzifələrindən uzaqlaşdırılacaq. Qeyd edək ki, prezident seçkisi dövründə məhkəmə sisteminə bağlı şəxslərin Səid Cəlilinin xeyrinə qanunsuz hərəkətlər etdikləri barədə də məlumatlar yayılmışdı. Bununla yanaşı, parlament və Məhkəmə Sisteminin sədrləri şəbəkələşmiş siyasi cərəyanların güclü fiqurlarından sayılırlar. Onların Xameneinin marağında olan növbəti rəhbərə tabe olub-olmayacaqları şübhə doğurur. Bu səbəbdən də Qalibaf və Ejeinin, hətta mühafizəkar siyasi cərəyana mənsub olan, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin də “vurulacaqları” ehtimal olunur. Görünən odur ki, adıçəkilən şəxslər və mənsub olduqları şəbəkələrin ifrat güclənməsi və postxamenei dövrü üçün baş ağrısına çevriləcəklərinə dair proqnozlar İran rəhbərinin narahatlığına səbəb olub. Yeni pPrezident Məsud Pezeşkianın isə bütün müsahibə və açıqlamalarında Əli Xameneiyə sədaqətini vurğulaması, onun təlimatları əsasında fəaliyyət göstərəcəyinə söz verməsi İran hakimiyyətində yenidən siyasi cərgələnmənin baş verdiyinə dəlalət edir. Pezeşkian bu vasitə ilə indiki və Xameneidən sonrakı qütbləşmədə İran rəhbərinin təyin etdiyi cərgədə, ölkənin təlimatları əsasında idarə olunmasını tələb edən siyasi qütbün yanında olduğunu sübut etməyə çalışır. Prezident əks cərəyanın onu və onunla eyni siyasi cərgədə olan şəxsləri meydandan çıxarmaq üçün planlı hərəkət etdiklərinin fərqindədir. Eyni halda, Pezeşkian keçmiş islahatçı hökumətə bağlı şəxsləri işə cəlb etməklə postxamenei dövrü üçün Qərblə danışıqlara zəmin hazırlayır. Sistemin mahiyyətini sual altında qoymayan bir sıra islahatlarla Xameneidən sonra sistemin qorunub saxlanılmasına, dini liderin varisinin rəhbərliyə gətirilməsi yolundakı maneələri dəf etməyə səy göstərir. İyulun 28-də Əli Xameneinin Qərblə müzakirələrə şərtli şəkildə hazır olduqları barədə bəyanatı da həmin planın tərkib hissəsi kimi qiymətləndirilə bilər.