RU

Kənar mənbələrdən yüklənmiş tətbiqləri Google Play üzərindən yeniləmək olacaq

     Android əməliyyat sistemində tətbiqləri təkcə Google Play-dən deyil, kənar mənbələrdən də quraşdırmaq mümkündür. Lakin bu cür tətbiqlərin yenilənməsi prosesində də bir problem mövcuddur. Belə ki, istifadəçi kənar mənbələrdən yükləmiş olduğu tətbiqləri məhz həmin kənar mənbələr vasitəsilə yeniləməli olur. İndi isə məlum olub ki, Google şirkəti kənar mənbələrdən yüklənmiş tətbiqlərin yenilənməsi prosesini sadələşdirmək niyyətindədir. Belə ki, Android Authority saytı Google Play-in 42.0.18 nömrəli versiyasının APK faylının kodunda Update from Play adlı funksiyanı aşkar edib.     Bu funksiya kənar mənbələrdən yüklənmiş tətbiqləri Google Play üzərindən yeniləmək imkanını verir. Lakin bu mövzuda bir nüans var. Kənar mənbədən yüklənmiş tətbiqi Google Play üzərindən yeniləmək üçün həmin tətbiqin həmçinin Google Play-də mövcud olması şərtdir. Bu yeni funksiyada hansısa məhdudiyyətlərin olub-olmayacağı hələ bilinmir. Məsələn istifadəçi Google Play-də olan hansısa pullu tətbiqi və ya oyunu pulsuz şəkildə kənar mənbədən yüklədiyi və onu Google Play üzərindən yeniləmək istədiyi halda tətbiq və ya oyun daxilində kontent yenilənməsi də baş verəcəkmi? Bu məsələ hələ aydın deyil. Update from Play funksiyası hələ aktiv deyil. Çox güman ki, o, Google Play üçün nəzərdə tutulmuş gələcək yenilənmələrin birində aktiv olacaq.

Избранный
61
technote.az

1Источники