RU

Yaxın Şərqdə qurumayan qan: “Haniyəni öldürmək İsrailin güc nümayişi idi”

Zərdüşt Əlizadə: “Fələstin dövləti yaradılmadığı, İsrail onu tanımadığı  müddətdə münaqişə, qətllər, hücumlar davam edəcək”
HƏMAS lideri, radikal hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS və İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yaydığı ayrı-ayrı bəyanatlara əsasən, Tehrana İranmın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gələn HanlıHaniyə qaldığı iqamətgaha dron hücumu nəticəsində qətlə yetirilib.
HƏMAS öz bəyanatında Haniyənin ölümünə yas tutaraq, onun “Tehrandakı iqamətgahına xain sionist hücumu” zamanı öldürüldüyünü bildirib.

Haniyə çərşənbə axşamı İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

“Bu gün səhər tezdən Tehranda İsmayıl Haniyənin evinə zərbələr endirilib və bu hücum nəticəsində o və mühafizəçilərindən biri şəhid olub. Bunun motivi araşdırılır və yaxın vaxtlarda açıqlanacaq”, İran SEPAH-ı açıqlamasında qeyd edib.
İranın dövlət televiziyası çərşənbə günü səhər Haniyənin öldüyü barədə məlumatı təsdiqləyib.
“Associated Press” agentliyinin məlumatına əsasən, İsrail dərhal şərh verməyib, lakin Mossad kəşfiyyat agentliyi tərəfindən həyata keçirilən sui-qəsdlərə gəldikdə, İsrail adətən şərh vermir.
Onu da bildirək ki, hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib, lakin İsrail oktyabrın 7-də İsrailə terror hücumundan sonra Haniyəni və digər HƏMAS liderlərini öldürəcəyini bildirmişdi.

“İsrail Fələstinin HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə məsuliyyət daşımır”, deyə İsrail Müdafiə Qüvvələrinin (İDF) Mətbuat Xidmətinin əməkdaşı Anna Ukolova bildirib.

Haniyənin sui-qəsd nəticəsində öldürülməsi analitiklərin fikrincə, Yaxın Şərqdəki gərgin vəziyyəti bir az da gərginləşdirəcək. Bəzi politoloqlar bildirirlər ki, bu, regional müharibə ilə də nəticələnə bilər.
Azərbaycanlı politoloq Zərdüşt Əlizadə Haniyənin qətli və onun nəticələrini AYNA-ya şərh edərkən deyib ki, bu qətl onu göstərir ki, İsrail kəşfiyyatı İran ərazisində çox rahat hərəkət edir:

- Bu, əvvəldən bəlli idi. İsrail kəşfiyyatı İranın nüvə alimlərini zaman-zaman qətlə yetirir və bunu boynuna alır, uğurlu qələbə sayır. İndi isə İran ərazisində Haniyəni öldürdü. Hesab edirəm ki, bu, İsrailin terrorçu siyasətinin əlamətidir. İsrail Haniyəni terrorçu adlandırırdı, amma belə deyil. Haniyə savadlı, təvəzökar adam idi və İsrail tərəfindən Fələstinin ərazilərinin işğaldan azad edilməsi istiqamətində siyasi mübarizə aparırdı. Onu terrorçu adlandırmaq və qətlə yetirmək İsrailin özünün terrorçu mahiyyətini ortaya qoyur. Bütün dünya bilir ki, İsrail Fələstinin ərazisini işğal edib. Fələstinin HƏMAS hərəkatı isə bu işğalla barışmır, döyüşür. Bu hərəkatı terrorçu adlandırmaq düzgün deyil.
- Amma İsrail bəyanat yaydı ki, Haniyənin öldürülməsi onlarla bağlı deyil...
- Necə bağlı deyil?! Ötən ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra İsrail bəyan etməmişdi ki, HƏMAS-ın liderlərini öldürəcək? Onların siyahısında Haniyə birinci gələn adamlardan idi. İndi bəyanatı yayan İsrail ordusudur və boynuna götürmür. Amma Mossad susur. Hər kəsə məlumdur ki, İsrail kəşfiyyatı Mossad heç zaman icra etdiyi əməliyyatla bağlı məlumat yaymır, susqun yanaşır.
- Deyirsiniz ki, Haniyə terrorçu deyil, amma İsrailə hücum edən, dinc sakinləri öldürən, uşaqları, qadınları əsir götürən HƏMAS-dır və onun liderlərindən biri də Haniyədir...
- Baxın, İsrailin Fələstin ərazilərini işğalı neçə ildir davam edir. 60 ilə yaxındır ki, İsrailə çağırış edilir ki, Fələstin ərazilərini azad etsin, fələstinlilər sərbəst yaşasınlar. İsrail isə əraziləri azad etmir, əksinə fələstinlilərə qan uddurur. O zaman da fələstinlilər silahlı müqavimətə başlayırlar. İndi öz əraziləri uğrunda silahlı mübarizə aparırlarsa, bu niyə terror olmalıdır. HƏMAS min nəfəri öldürür, əsir götürür, bu terrordur, amma İsrail 40 min insanı, uşağı, qadını öldürür, bu terror deyil? Bu ikili standarta dünya susqun yanaşır.
- Maraqlı məqamlardan biri də Haniyənin mühacirət etdiyi Qətərdə yox, məhz səfər etdiyi İranda qətlə yetirilməsidir. Bunun səbəbi nədir?
- Birincisi, hansısa dövlət və siyasi şəxsin qətl planı hazırlanarkən şərait və imkanlar dəyərləndirilir. Haniyənin indi öldürülməsi yəqin ki, əvvəldən planlaşdırılmış əməliyyat idi. Yəni Pezeşkianın andiçmə mərasimindən sonra Haniyənin qətlinə fürsət yaranıb və bu imkandan İsrail kəşfiyyatı istifadə edib. İkincisi, Haniyənin Tehranda öldürülməsi ilə İsrail kəşfiyyatı və dövlətinin nə qədər qüdrətli olduğunu nümayiş  etdirdi. Bu, həm də İrana yenidən meydan oxumaqdır. SEPAH generalı Qasım Süleymanini Suriyada öldürməklə, Dəməşqdəki İran diplomatik nümayəndəliyinə zərbə vurmaqla iranlı generalı öldürməklə İsrail zaman-zaman Tehrana meydan oxuyur. İranın isə buna cavabı zəifdir. Düzdür, cavabsız qoyulmur, amma effektiv də olmur. Yəqin ki, İran yenə hansısa formada effektsiz cavab verəcək.
- Haniyənin öldürülməsi Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətə hansı təsirləri göstərəcək?
- Onsuz da bölgədə vəziyyət gərgindir və Haniyənin öldürülməsi ilk hadisə deyil. Düşünürəm ki, qarşılıqlı hücumlar, qətllər davam edəcək. O vaxtadək davam edəcək ki, beynəlxalq hüququn tələb etdiyi kimi, ədalətli qərar veriləcək. Bu da Fələstin dövlətinin yaradılmasıdır. Zaman-zaman “qaynayan qazan” daşacaq. Fələstin dövləti yaradılmadığı, İsrail onu tanımadığı  müddətdə münaqişə, qətllər, hücumlar davam edəcək.
İndi deyirlər ki, İranın cavabı sərt olacaq və s. Məncə, cavab veriləcək, amma effektsiz bir cavab olacaq. Bu gün İran dövlətinin əlindən nə gəlir, heç nə. Qarşısında İsrail kimi yırtıcı dövlət dayanıb, onun da arxasında yırtıcı ABŞ dayanıb. Baxın, İsrailin himayəçisi olan ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan neçə dövlətə hücum edib?! Bir dəfə görmüsünüz ki, kimsə ABŞ-ı cəzalandırsın? Əlbəttə, yox. İran isə bu dövlətlərlə müharibə aparmaq istəmir. Sadəcə Fələstinin ərazilərini işğaldan azad etməsi istiqamətində mübarizə aparan qüvvələri dəstəkləyir. İranın bundan artıq əlindən nəsə gəlmir. Bundan sonra da İran HƏMAS-a da, Hizbullaha da dəstək göstərəcək. Amma İsraillə, ABŞ-la müharibə aparmaq İrana sərf etmir. Yenə deyirəm, Fələstin dövləti yaranmayanadək Yaxın Şərqdə qan qurumayacaq, münaqişələr, qanlı qırğınlar davam edəcək.

Избранный
29
ayna.az

1Источники