RU

Azərbaycanda 400 min ev üçün ayrıca normativ akt hazırlanır- bunlar hansı evlərdir?..

Image

Elnur Fərzəliyev: “Yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürətləndirə bilər”

Hazırda sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. Qiymətləndirmələrə görə, hazırda ölkəmizdə 500 mindən artıq sənədsiz fərdi evin olduğu bildirilir ki, onların böyük əksəriyyəti kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunub, tikinti normativlərinin tələblərinə cavab vermir. 

Həmin evlərin yerləşdiyi ərazinin mühəndis-kommunikasiya zonalarının mürəkkəbliyi, elektrik xətlərinin altında, eləcə də qaz, su, kanalizasiya, digər kommunikasiya qurğularının üzərində yerləşməsi mülkiyyət sənədi ilə təmin edilməsinin qarşısını alır. Xüsusilə də Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin yerləşdiyi ərazinin mürəkkəbliyini nəzərə alsaq, çıxış yolu da tapmaq mümkün olmur. Çünki həmin sahələrə nəzarət edən aidiyyəti qurumların böyük bir qismi evlərin ilkin mühəndis və layihə sənədlərini vermir. Bunun da əsas səbəblərindən biri həmin evlərin böyük bir qisminin sənədləşməsi üzrə vəziyyətinin qanunvericliyin tələblərinə uyğun gəlməməsidir. Çünki bu evlərin əksəriyyəti vaxtilə heç bir icra hakimiyyəti orqanından tikintiyə dair razılıq, müvafiq layihə və xəritə sənədləri almayıb və qanunsuz inşa edilib və özbaşına tikili hesab edilir. Bu isə Mülki Məcəllənin tələblərinin pozulması deməkdir.

Bu səbəbdən də Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub. Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib: “Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var. Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq”.

Bəllidir ki, sənədsiz evlərlə bağlı yeni akt hazırlanır. Maraqlıdır, yeni akt sayəsində   hansı tikililərə “kupça" veriləcək?

“Bəzi əmlaklar qadağan edilmiş ərazilərdə tikilib, həmin ərazilərdə çıxarışların verilməsi qanunla mümkün deyil”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakı və Abşeron ərazisində yüzminlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri mövcuddur:  “Bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var. Hansısa fərdi həyət evinə çıxarışın verilməsi üçün həmin fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinə uyğun olmalıdır. Çıxarış ala bilməyən əmlakların böyük əksəriyyətinin torpaqları kənd təsərrüfatı və yaxud digər təyinatlı torpaqlardır. Təyinat dəyişikliyinin mümkünsüzlüyü səbəbindən də bu əmlaklara çıxarış verilə bilmir”. 

Ekspert onu da əlavə etdi ki, sənədsiz fərdi yaşayış evlərinin sayı çoxdur. Sənədsiz evlərlə bağlı rəqəmin 400 min göstərilməsinə gəlincə, ekspert bildirdi ki, yaşayış evi olmayan torpaq sahələri, qeyri-yaşayış obyektləri kimi çox sayda əmlak da var: “Onu da deyim ki, bəzi əmlaklar qadağan edilmiş ərazilərdə tikilib. Həmin ərazilərdə çıxarışların verilməsi qanunla mümkün deyil. Qadağan olunmuş ərazilərdəki bəzi əmlaka kommunikasiya xətlərinin yeri dəyişildikdən sonra çıxarışlar verilə bilər. Bununla yanaşı, bir qism əmlakların tikintisi zamanı isə tikinti normativləri kobud şəkildə pozulub. Tikintilərdə ara məsafələrin qorunmaması bu məsələyə təsir edir”.

Ekspert hesab edir ki, yeni hüquqi aktın hazırlanması bu tip əmlaklara çıxarışların verilməsi prosesini sürətləndirə bilər.

Günel CƏLİLOVA





Избранный
68
29
baki-xeber.com

10Источники