Paris Olimpiadasında “ağır artilleriya”mızın işə düşməsini – güləş təmsilçilərimizin çıxışını səbirsizliklə gözləyirik. Sərbəst və yunan-Roma güləş komandalarımız artıq sonuncu hazırlıq mərhələsini keçirlər. İndiyədək Azərbaycanın güləş komandası olimpiadalarda 4-ü qızıl, 8-i gümüş, 13-ü bürünc medal olmaqla 25 mükafat qazanıb.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov yığmanın “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi barədə federasiyanın mətbuat xidmətinə açıqllamasında məşqlərin plan üzrə getdiyini deyib. Mütəxəssis bildirib ki, sparrinq məqsədilə İran, Moldova və Rusiyadan güləşçilər dəvət edilib:
– Güləşçilərimiz məşq edir, hazırlaşırlar. Hər kəs yaxşı nəticəyə köklənib.
Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesi ilə bağlı danışarkən hazırlıqların plan üzrə getdiyini bildirib:
– Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, Olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcəklər. İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra Olimpiya bayramı başlayacaq.
Qeyd edək ki, “Paris-2024”də güləş yarışları avqustun 5-də start götürəcək, 11-dək davam edəcək.
Azərbaycanın sərbəst güləş yığmasının heyətində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurməhəmmədov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq) yer alıb.
Yunan-Roma güləşi üzrə isə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) medallar uğrunda yarışacaqlar. Qadın güləşində ölkəmizi Mariya Stadnik (50 kq) təmsil edəcək.