Bakı, 1 avqust, AZƏRTAC
Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 256 nəfərə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri Veena Corc açıqlama verib. Onun sözlərinə görə, hökumətin əsas diqqət mərkəzində olan məsələlərdən biri ərazidə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır, çünki orada hələ də yağışlar davam edir və cəsədlərin bir hissəsi dağıntılar altındadır.
Nazir qeyd edib ki, tapılan cəsədlərdən genetik nümunələri toplanır və üzərində DNT testləri aparılır. Onun sözlərinə görə, daha 220 nəfər itkin düşüb, xəsarət alanların uçqunlar altından çıxarılması üçün xilasetmə işləri aparılır.
Ştat hökuməti təbii faciədən sonra evsiz qalanları yerləşdirmək üçün yardım düşərgələri qurub. Bu düşərgələrdə 3500-dən çox insan reabilitasiya olunub.
Qeyd edək ki, təbii fəlakət çərşənbə axşamı insanların əksəriyyətinin hələ yuxuda olduğu səhər saatlarında dağlıq Vayanad bölgəsində baş verib. Hindistan ordusunun, Hindistan Hərbi Hava Qüvvələrinin, Hindistan Hərbi Dəniz Qüvvələrinin, Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin, fəlakətlərin idarə edilməsi dövlət orqanının, yerli polisin, həkimlərin, tibbi qrupların və digər yerli administrasiya rəsmilərinin minlərlə şəxsi heyəti əməliyyata cəlb edilib.