RU

Sağdır dilim, demək, sağdır milyard yaşlı məmləkətim! - Xəlil Rza Ulutürk

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Kulis.az bu münasibətlə Xəlil Rza Ulutürkün "Mənim dilim" şeirini təqdim edir.

Layla dedim yatasan,
Qızılgülə batasan...
- Hardan gəlir bu səs-səda?
Bəlkə illər arxasında
layla çalır gəlin ana?
Dörd qulac ip
Bir yüyrüyü bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana,
Yelləndikcə kiçik yüyrük
Gedib dəyir bu ulduzdan o ulduza.
Layla axır… Çocuq baxır,
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib
İndi ana ruhu əmir.
İllər ötdü yaşa doldum.
Anladım ki, ana dilim,
Ürəyimdən çıxmaz mənim!
Anladım ki, sinəmdəki sözlər deyil,
Babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
Gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb,
Şimşəklərlə qoşa gedən
İgidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan Babəkimin qəzəbi də.
Məhv olarsa bir gün bu dil,
Göygöl onda Göygöl deyil,
Qoşqar onda Qoşqar deyil.
Öz dilini sən qala bil!
Qərbə, Şərqə işıq saçan
Füzulini sən qala bil!
Sağdır dilim,
Demək, sağdır milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm
Sabirin hər sətrini mən
Salxım-salxım nuş etmişəm
Şəhdini mən, ətrini mən.
Zamandan zamana, əsrdən əsrə
Vuruşla yol gələndavalı dilim,
Babək qılıncının davamı dilim!
Kim qoruya bilməyirsə öz yurdunu- yuvasını,
Udmasın yurd havasını.
Kim qorumur öz dilini ,
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili bu sahillə birləşdirən
Polad körpüm, qılıncımdır,
Günəşimdir mənim dilim!!!

Избранный
54
kulis.az

1Источники