№ 371 Bakı şəhəri, 1 avqust 2024-cü il
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin edilsin:
1.1. ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;
1.2. peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərarın 1.1-ci bəndi nəzərə alınmaqla təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri