RU

ÖZÜNÜ “PREZİDENT ADMİNİSTRASİYASININ JURNALİSTİ” ADLANDIRAN ŞƏXS DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR – Mingəçevir sakini 3 min manatının mənimsənildiyini iddia edir

Mingəçevir rayon sakini Hacıyev Vaqif Tapdıq oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, özünü “Prezident Administrasiyasının jurnalisti” kimi təqdim edən Mövlayev Fazil Zabit oğlu onun 3 min manatını mənimsəyib:

“Mən, Hacıyev Vaqif Tapdıq oğlu, bildirirəm ki, 2013-cü ildə Mingəçevirdə məktəblərin təmiri ilə bağlı iş icraçısı işləyirdim. Mövlayev Fazil Zabit oğlu mənim yanımda fəhlə kimi çalışırdı. Onu da deyim ki, bu adam mənim qonşuluğumda yaşayır. 2014-cü ildə işimiz yekunlaşandan sonra mən bir müddət işsiz qaldım. O vaxt mən heç bir təqaüd almırdım.

2018-ci ilin axırıncı aylarında bu adam yaxınlaşaraq, iş icraçısı işinə düzəltmək adı ilə məndən 3000 manat aldı. Bu illər ərzində ancaq vaxtı uzadıb və 2024-cü ilin 03 aprel tarixində mənə zəng edərək təhqirli sözlər və hədə-qorxu ilə dedi ki, “mən prezident aparatının jurnalistiyəm və mənə heç kim heç nə edə bilməz, get kimə istəyirsən şikayətini bildir”.

Səhəri gün mən polis şöbəsinə ərizə ilə müraciət etdim. Bildiyimə görə, hazırda polis bu işlə məşğuldur, ancaq onu tapa bilmirlər.

Mənim sizdən xahişim budur ki, bu dələduzu hər kəs tanısın. Mənim kimi aldanan çox adamlar var.

Onu da bilmək istəyirəm ki, Prezident Administrasiyasında işləyən müxbirin insanı aldatmaq kimi səlahiyyəti varmi? Ümumiyyətlə, jurnalist adam aldatmaq üçündür, ya xalqa dəstək olub, onun problemini işıqlandırmalıdır”?!

Mövlayev Fazil

Məsələ ilə bağlı yazıda adı çəkilən Mövlayev Fazil Zabit oğlu əlaqə saxlmağa çalışdıq, lakin telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
1
hurriyyet.az

2Источники