RU

Növbəti Turan Film Festivalı Laçın şəhərində keçiriləcək

Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu Türkiyənin Ege Universitetində Turan Film Festivalının təşkilatçılatçıları ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşün nəticəsi olaraq sözügedən festivalın noyabrın sonuna qədər Laçın şəhərində keçirilməsi qərara alınıb. Festival Laçın şəhərində “Hochaz Film Creative Studio” ilə birgə əməkdaşlıq nəticəsində keçiriləcək.

Qeyd edək ki, Turan Film Festivalı ilk dəfə Türkiyənin İzmir şəhərində keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi, TÜRKSOY və Ege Universitetinin təşkilatçılığı ilə gerçəkləşən festivalda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən filmlər iştirak edib. Laçın şəhərində baş tutacaq festivala isə türkdilli dövlətlər – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla yanaşı, dünyanın hər bir nöqtəsində yaşayan türkdilli xalqların rejissorları və kino xadimləri də dəvət olunacaqlar.

Turan Film Festivalının əsas məqsədi türk mədəniyyətinin və tarixinin bir parçası olan türk dövlətlərini dünya miqyasında tanıtmaqdır. Festivalın əsas hədəfləri yaradıcı icmalar arasında mədəni bağları dəstəkləmək, türk mədəniyyətinin zənginliyini, müxtəlifliyini qorumaq və türk dövlətlərinin ortaq dəyərlərini üzə çıxartmaqdan ibarətdir.

Turan Film Festivalı türk dövlətləri və toplumlarının, eləcə də türk mədəniyyətinin iştirakını təşviq edir. İldən-ilə əhatə dairəsini və mahiyyətini genişləndirən bu mədəniyyət layihəsi türk kinosu haqqında beynəlxalq arenanı məlumatlandırmaq və türk mədəniyyətini daha geniş auditoriya ilə bölüşmək üçün sənətçiləri, rejissorları və prodüserləri bir araya gətirir.

Избранный
230
50
kulis.az

10Источники