RU

Oxlu xəritə

Qədim dünyada xəritə çəkənlər əsasən iki cür olurdu. Bir qrup gəmidə ora-bura üzən, yeni torpaqlar kəşf edən dənizçilərdən, dərələrdən sel kimi, təpələrdən yel kimi ötən səyyahlardan ibarət idi. Onlar sahil zolaqlarını, gördükləri adaları, rastlaşdıqları çay, meşə, dağ və sairəni kağız-filana qeyd edərdilər. İkinci qrup isə bu xəritəçəkmə işinin bir növ peşəkarlarıydı, onlara kartoqraflar deyirlər.

İkinci qrupun dəniz-okean, dağ-dərə aşmağına o qədər ehtiyac olmurdu, onlar birinci qrupun topladığı bilgilər əsasında xəritələr çəkərdilər. Məsələn, ünlü türk dənizçi Piri Rəis heç vaxt Güney Amerikada olmasa da, oranın xəritəsini çəkməyilə tanınır. Piri Rəis-in əsas uğuru isə Kolumbun Amerikanı kəşf elədiyi 1492-ci ildən çox qısa zaman sonra – 1513-cü ildə o tərəflərin sahil xəttini aşağı-yuxarı uyğun dəqiqliklə göstərməsidir. Təsəvvür edin, kəşfdən cəmi 21 il keçmişdi. Bu baxımdan türk coğrafi elminin inanılmaz uğurudur.

Piri Rəisin xəritəsində qəribə, heç vaxt olmayan bəzi varlıqlar, adalar, qeyri-dəqiqliklər də var. Məsələn, Amazon çayının mənsəbi, okeana töküldüyü tərəflərdə başı qarnında olan bir adam şəkli çəkib.

Kim bilir, bəlkə də o çayın əsrarəngiz, kəşf edilməyən cəngəlliklərindən bir gün elə adamlar da çıxacaqdır.

Kartoqrafiyanı, başı qarnında olan o gülməli şəkli xatırlamağımın səbəbi var. Hazırda Ermənistanda bir xəritə dolaşır. Onu hardasa keçən ay erməni baş naziri, dostumuz Nikol Paşinyan yaradıbdır. “Sülh kəsişməsi” dəbdəbəli adı qoyduğu həmin xəritədə Paşinyan 4 dənə ox işarəsi yerləşdirib. Oxun biri Azərbaycana, biri Türkiyəyə, digərləri də İran və Gürcüstana istiqamətlənmişdir. Təbii ki, oxların çıxış yeri də Ermənistandır. Nikol müəllimin “başı qarnında” xəritəsindən belə məna çıxır ki, guya Ermənistan bölgənin sülh kəsişməsində yerləşir. Dörd bir yana barışıq mesajları (oxlar bunu bildirirmiş) verirmişlər. Guya Azərbaycan, İran, Gürcüstan, Türkiyədən bütün yollar, kommunikasiyalar gəlib Ermənistanda kəsişəcək, hamı qardaş olub yallı gedəcəkdir. (Yallının kimə məxsus olduğu üzrə dava düşməsə).

Ta soruşan yoxdur ki, yolunu Ermənistandan salmaq istəyən varmı, yoxmu... İqtisadi, geopolitik, nəqliyyat infrastrukturu, enerji projeləri baxımından Ermənistan 30 il qabaq – Azərbaycan torpaqlarını işğal etməklə özünü dalana, tupikə salıb. Ta qatar gedib, gecdir. Kimin borusu varsa, çəkib, kimə qatar lazımdırsa, fitini verib. İndi bizim Gürcüstan üzərindən kəmərləri boş qoyub təzədən Ermənistan tərəfdən kəmər çəkməyə marağımız nədir? Ağlınız olaydı, düşmənçiliyi vaxtında aradan qaldırardınız.

Üstəlik, Zəngəzur dəhlizi mövzusunda da mənasız dirəniş göstərdilər, deyəsən bundan da tamam qıraqda qalırlar – o yol İran üzərindən çəkilir. Bizim üçün nə fərqi? Naxçıvana Ermənistandan yox, İrandan keçib gedərik. Əsas problem Zəngilanı geri almaq idi.

Həmçinin, Ermənistanın dağlıq-daşlıq, dərə-təpə relyefi də oranı nəqliyyat dəhlizi kimi uyğunsuz edir. Biri var harasa düz gedəsən, biri də var dolana-dolana. Hansı ağılsız yolunu uzadar?

İşin məzəli epizodları da var. Keçənlərdə hansısa avropalı qonaq İrəvana gəlmişdi, erməni xarici işlər naziri Mirzoyan Paşinyanın həmin oxlu xəritəsini qonağa göstərirdi və maraqlı mənzərə yaranmışdı: vərəqdə çap edilən xəritəni görüş masasının ortasına qoymuşdular, nazirlər iki tərəfdən boğazlarını uzatmışdı. Sanarsan o vərəqdən Ermənistanda cəmi 1 nüsxə varmış, əcnəbiyə çap edib vermək alınmayıbdır. Matah xəritəymiş.

Ancaq kim bilir... Bəlkə doğrudan matahdır? Bəlkə qonşularımız bu xəritəni hardasa gizlədəcəklər, yüz illər keçəcək, sonra o toz basmış, kiflənmiş merət ortaya çıxarılacaq və bütün dünyaya nümayiş etdiriləcək: “Baxın, 21-ci əsrdə bütün bölgə bizim olub, adı da dənizdən dənizə Böyük Sülh Kəsişməsi idi. Əks halda Ermənistandan çıxan dörd ox niyə dörd istiqaməti göstərir? Ox uzanan hər yer bizimdir. İndi zəhmət olmasa buraları tərk eləyin, bizə verin”.

Vallah, bunlar anekdot deyil. Dünən ermənilərin haray-həşirindən növbəti epizoda baxıb güldüm, sonra da ağladım. Hadrutda bir tövləyə oxşar, təpəsində ot bitmiş, yarıuçuq tikili varmış, deyirlər o qədim kilsə idi, Azərbaycan ordusu dağıdıb.

Dəli şeytan deyir biz də Hacı Qalibin Bilgəhdəki obyektlərini müqəddəs müsəlman səcdəgahları elan edək. Niyə də yox? Şeyxin qudasıdır, ən azı...

Piri Rəisin Amazondakı həmin gülməli, başı qarnında adamı Nikol müəllimə oxşayır. İnanmayan tapıb baxsın. 

 

Избранный
863
9
musavat.com

10Источники