“Aslanın erkəyi, dişisi olmaz”, deyiblər. Bu deyimi İkinci Qarabağ Müharibəsində daha yaxşı başa düşdük. Neçə-neçə qadın həkim, tibb işçisi peşəsinə olan sevgiləri ilə təhlükələrə güc gəldi. Həmin həkim xanımlardan biri də Kəmalə Namazovadır. Yəqin ki, bu ad çoxlarına tanışdır. Həmin günləri geridə qoysa da, Kəmalə xanım unudulmayan o anları Lent.az-a danışdı:
2000-ci ildən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatoloq işləyirəm. Tibbi elmləri namizədi, dosentəm. 50-yə qədər məqaləm və publisist yazılarım Azərbaycanda və xarici jurnallarda dərc olunub.
Hələ iyulun 13-də general Polad Həşimov və onun məsləkdaşları şəhid olanda sarsılmışdım. O vaxt Facebook hesabımda bir status yazdım: “Azərbaycan əsgəri, irəli! Biz həkimlər daima sizinləyik. Qələbə bizimlədir. Səfərbərlikdə qeydiyyatdan keçdim. Sentyabrın 26-da xəstəxanadan zəng elədilər ki, təcili bura gəlin, kişi həkimlər cəbhəyə gedir. Təəccüblə “bəs mən?” dedim. Lap İsmayıl kimi ağlayırdım ki, onlar getdi, mən qaldım. Oktyabr ayının 4-ü Füzulidəki Diaqnostika Tibb Mərkəzinə ezam olundum. O vaxt kiçik qızım müəllim yanında idi. Ona zəng vurdum. Dedi ki, məni gözlə, getmə. Bizim xəstəxana ilə oranın arasında 4 km-ə qədər məsafə var. Həmin məsafəni 15 dəqiqə ərzində qaça-qaça, qan-tər içində gəlmişdi. Məni qucaqladı, ağladı: “ Səninlə fəxr edirəm” dedi. Həmin anları hələ də unutmamışam.
- Bir həkimin gözündə müharibə nə deməkdir?
- İkinci Qarabağ Müharibəsi rus filmlərindəki müharibəyə bənzəmirdi. Səngərdən çıxdı, “Urra, irəli!”, elə deyildi. Bu, XXI əsrin əsl Vətən savaşı idi. Biz bütün dünyaya haqq səsimizi çatdırdıq. Tək erməni ilə yox, demək olar ki, bütün dünya ilə savaşırdıq. Müharibə sanki “Rembo” kinosundakı epizodlara bənzəyirdi. O gözlə görünən, müharibənin qaranlıq tərəflərini, dəhşətləri nə yaxşı ki, tam görməmişəm. Qəbul şöbəsində daha çox olurdum, reanimatoloq kimi birbaşa ağır xəstələrə müdaxilə edirdim. Nisbətən yüngül yaralılara cərrah özü qəbul edib xüsusi cərrahi əməliyyatlar həyata keçirirdi. Hərdən deyirəm ki, batalyon həkimi olsaydım, yəqin ki, indiki kimi olmazdım. Hospitalda xidmət etdiyim vaxtlarda çox çətinliklərlə üz-üzə qaldıq, lakin bizim xəstələrin həyatını geri qaytarmaq üçün etdiyimiz müdaxilələri toplasan, 1 dəqiqə etməzdi. Yəni, o qədər sürətli işləyirdik. Yaralıların ağrılarını, əzmini, həyatla mübarizə aparmaqlarını ürəyimizdə hiss edirdik. Bundan təsirli nə ola bilər ki?.
- Həmin günlərinizi qeyd etdiyiniz dəftərçə və ya müharibə gündəliyiniz olub?
- Orada su içməyə, yemək yeməyə belə vaxt yox idi. Qeyd aparmaq da mümkün deyildi. Heç xəstəlik tarixlərini də yaza bilmirdik. Hər anımız qızıldan idi. Ən çox yaralılar, ağır xəstələr Füzulidən gəlirdi. Ambulanslar yaxınlaşdıqca bir-bir yardım edib, müvafiq şöbələrə ötürürdük. Hətta ambulanslar hospitala daxil olanda sevinirdik ki, yaralı gətiriblər. Amma şəhid çadırına yaxınlaşanda çox pis hisslər keçirirdik...
Gecələr yaralıları tapmaq, gətirmək çətin olurdu deyə, gecələr xəstə qəbulu demək olar ki, olmurdu. Adətən həkim yoldaşlarımızla otaqda oturub dərdləşirdik. Ümumi vəziyyətdən, ailəmizdən, gün içində şahidi olduğumuz ağrılı-acılı anlardan...
- Sizi sarsıdan, təsirləndirən hadisəni xatırlayırsınızmı?
- Bir gün gecə 12 olardı, damar cərrahımız Namazov İlqarla əməliyyat bitdikdən sonra həyətə düşdük. Çox acmışdıq. Təsəvvür edin, heç sevmədiyim, yemədiyim iki meyvədən biri xurmadır. Yaxınlaşdım ağaca ki, bir xurma dərəm. Xurma da hələ tam yetişməmişdi. Yaxınlığımıza mərmi düşdü və partlayış səsindən çox qorxduq. İnandırım sizi, elə bildim xurma əlimdə partladı. Ağacda bir dənə də xurma qalmadı, hamısı töküldü başımıza. Başım şişdi. İndi kimisə gəl inandır ki, başıma xurma düşüb. Sanki daş düşmüşdü.
Orada hər şey çətin idi. Xüsusilə ambulans səssiz şəhid çadırına girəndə. Hamı için-için ağlayırdı. Şəhid çadırında dili tutulan, ürəyi gedən, təzyiqi qalxan valideynlərin əzabını görmək mənim üçün ən dəhşətlisi idi. Bəlkə də heç vaxt yadımdan çıxara bilməyəcəyəm o günləri...
- Neçə əməliyyatda iştirak etmisiniz?
- Mən reanimatoloq olduğum üçün qəbul etdiyim xəstələr ya huşsuz olurdu, ya da kliniki ölüm keçirirdi. Ona görə əksər işlədiyim yaralıları xatırlamıram. Çünki əksəriyyəti qan, torpaq içində gəlirdi deyə, heç üzləri yadımda qalmırdı. Adını və soyadını bilmədiyim, kliniki ölümlə gələn bir əsgərin ovcunda kiçik bayraq var idi. Onu götürdüm, indi də saxlayıram.
Həmin dövrlərdə biz həkimlər iki cəbhədə, həm vətən müharibəsində, həm də koronavirus “savaş”ında vuruşurduq. Hər iki savaşda həkimlərin itkisi ilə üzləşdik. Hər iki cəbhədə dünyasını dəyişən bütün şəhid həkimlərimizə Allahdan rəhmət diləyirəm. Bütün şəhidlərin ruhu şad, məkanı cənnət olsun. Qalanlara da can sağlığı arzu edirəm. Arzu edirəm ki, hər iki cəbhədə əziyyəti keçən, seçilən, layiqli həkimlər mükafatlandırılsın. Çünki hələ də əməklərinin qarşılığında mükafat almayanlar, kənarda qalan həkimlərimiz var. Axı onlar bunu haqq ediblər. Ən çətin anlarda vətənə xidmət edənləri unutmaq olmaz.
Mənim əslim, Qərbi Azərbaycan, Qarakilsə rayonunun Şəki kəndindəndir. Mən inanıram ki, tezliklə Zəngəzura da qayıdacağıq. Yuxuda görmüşdüm ki, biz o torpaqlara sürət qatarı ilə gedirik. İnşallah, o da olacaq. Sonda demək istəyirəm ki, bu qələbədə ordumuz kimi həkimlərin də böyük rolu oldu. Şəhid sayı çox ola bilərdi, həkimlər olmasaydı...
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Polşanın sport.tvp.pl saytına müsahibə verib.
Daha əvvəl xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində məhz Polşa klubu ilə qarşılaşacaq. “Lex”ə rəqib olan “Qarabağ”ın meneceri klub haqqında bir sıra sualları cavablandırıb.
Qol.az həmin müsahibəni təqdim edir:
- Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü barədə nə düşünürsünüz?
- Artıq 10 ildən çoxdur ki, avrokuboklarda iştirak edirik. Çempionlar Liqasında oynamaq üçün hansı səviyyəni təqdim etməli olduğumuzdan xəbərdarıq. Biz bütün klublara hörmət edirik. Lakin etiraf etməliyik ki, “Lex” bu mərhələdə qarşılaşa biləcəyimiz ən güclü rəqibdir. Ən azından kağız üzərində.
- “Lex” haqqında nə bilirsiniz?
- Polşanın ən böyük klublarından biri ilə qarşılaşacağımızı bilirik. “Lex”in Polşa çempionu olması öz sözünü deyir. Bizi çətin matçlar gözləyir. Amma vurğuladığım kimi, biz 10 ildən artıqdır ki, avrokuboklarda oynayırıq və bu cür rəqabətə öyrəşmişik. Biz “Lex”ə hörmət edirik. Bu komanda ilə maksimum diqqətlə başlayacağıq.
- Sizi avrokuboklarda debüt etdiyiniz vaxtdan etibarən izləyirəm. Oyun tərziniz, transferləriniz… Heç bir şey təsadüfi görünmür.
- Həyatda heç bir şey təsadüfən baş vermir. Uğurlarımız zəhmətimizin nəticəsidir. Tam peşəkar skaut heyətimiz var. Bütün il boyu transfer prosesini həyata keçiririk. Sistemimizə uyğun oyunçular axtarırıq. Biz yerli və milli reallıqları nəzərə almalıyıq. Ümumi qaydamız var ki, bizim üçün futbolçunun haradan olmasının, harada oynamasının fərqi yoxdur. Əsasən futbolumuza, mentalitetimizə uyğunlaşmalıdır. Mövcud olan və oyun tərzimizə uyğun olanları axtarırıq. Transfer siyasətimiz son illərdə xüsusilə yaxşı işləyir. Biz idarə heyətini qane edən sistem yaratmışıq.
- Skaut departamentiniz necədir? Orada neçə nəfər işləyir?
- Bizim üçün kəmiyyətdən çox keyfiyyət önəmlidir. Biz oyunçuda axtardığımız keyfiyyətlərlə bağlı dəqiq təlimatları olan peşəkarları işə götürürük. Strukturumuzda bizi digər klublardan fərqləndirəcək xüsusi heç nə yoxdur.
- Futbolçularda hansı keyfiyyətlərə üstünlük verirsiniz?
- Bu, daha çox texniki şöbəyə aiddir. Onların xüsusiyyətləri siyahısı var və onu klubun ehtiyaclarına uyğunlaşdırırlar. Rəhbərlik müdaxilə etmir. Onların qərarı elə bizim qərarımızdır.
- Sirr deyil ki, Azərbaycan Premyer Liqası o qədər də cəlbedici deyil. Nə idman baxımından, nə də azarkeşlər baxımından. Orada 8 komanda oynayır. Belə şəraitdə fəaliyyət göstərmək çətindirmi?
- Düzdür, çempionatımız cəlbedici sayılmır, amma nə edək? Biz orada fəaliyyət göstərməyə öyrəşmişik. Liqamız o qədər də tanınmasa da, Azərbaycan çempionluğunu qazanmaq göründüyü qədər asan deyil. Daha yüksək rəqabət səviyyəsi inkişafımız üçün faydalı olardı. Lakin biz yenə də bu yarışlara və əlimizdə olanlara hörmətlə yanaşırıq. Avropa Liqasında yüksək reytinqli komandalarla qarşılaşanda fərqi aradan qaldırmalıyıq. Biz reallıqları qəbul edirik.
- 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i məğlub etdikdən və qrup mərhələsinə yüksəldikdən sonra PAOK-dan Pedro Enrikeni almışdınız. O, artıq müəyyən dərəcədə məşhur futbolçu idi. Niyə sizin liqanıza gələn Maykl Essyen və ya Keysuke Honda kimi oyunçularla müqavilə bağlamırsınız?
- Pedronu onun adına görə transfer etmədik. Bunun arxasında duran yeganə məqam Pedronun oyun sistemimizə uyğunluğu idi. Biz adlara deyil, sistemə üstünlük veririk. Pensioner bir ulduzla müqavilə bağlayırsınız və sonra foto, reklam üçün vaxt gedir. Bizim üçün reklam yox, nəticə vacibdir. Reklama çox vaxt ayırsaq, nəticə qazanmaya bilərik.
- Yakub Jezniçak sizə gələndə Polşada bədxah fikirlər səslənirdi ki, “Qarabağ” futbol konqresidir. Sonra Yakub sizinlə bir neçə kubok götürdü və Çempionlar Liqasında oynadı. Onu necə xatırlayırsınız?
- Yakub böyük və peşəkar futbolçudur. O, çox yaxşı insandır. Biz nə vaxt oynasaq, Yakub “Qarabağ”a azarkeşlik edir. Bizimlə 2 il oynadı. Bilirdim ki, o, həmişə əlindən gələni edir. Bu günə kimi onunla çox yaxşı münasibətimiz var. Ümumiyyətlə, biz bütün keçmiş oyunçularımızla dostluq münasibətləri saxlamağa çalışırıq. Ona həyatda, o cümlədən futbolçu karyerasında uğurlar arzulayıram.
- Bilmirəm, xəbəriniz varmı, amma Polşada “Qarabağ” bizim klublarının Avropadakı əziyyətinin simvolu hesab olunur. “Visla” ilə oynayanda sürpriz klub idiniz və ölkəmi şoka saldınız. 2013-cü ildə siz artıq “Piast” ilə görüşdə favorit idiniz. 2020-ci ildə Varşavada “Legiya” ilə matçda sanki öz evinizdəki kimi gəldiniz. Hər dəfə irəli gedirsiniz. Bu görüşlərdən nəsə xatırlayırsınızmı?
- Hamısı doğrudur. Yadımdadır, Polşa klubları ilə 3 dəfə üz-üzə gəlmişik. Bu oyunlar fərqli idi. Polşa klubu ilə hər matçda unikal xatirələr olub. Biz “Visla” ilə oynayanda komanda güclü idi. Heç kim bizim şansımız olduğuna inanmırdı. Polşada 1:0, Bakıda 3:2 hesabı ilə qalib gəldik. “Piast”la görüşdə yalnız əlavə vaxtda vurduğumuz qoldan sonra qalib gəldik. Öz növbəsində Varşavanın “Legiya”sı ilə qarşılaşma klubumuzun tarixində ən vacib oyunlardan biridir. Həmin vaxt ordumuz işğal altında olan torpaqlarımızı - Qarabağı azad edirdi. Zədələrlə bağlı dəhşətli problemlərimiz var idi. 18-ci oyunu başa vurmaqda problem yaşadıq. Buna baxmayaraq, 3:0 hesabı ilə qalib gəldik. Bu, inanılmaz idi. Bu, bütün Azərbaycanın qələbəsi idi. Həmin matçda qalib gəlmək bizim mənəvi borcumuz idi.
- Bütün bu matçlar vaxtı komandaya Qurban Qurbanov baş məşqçilik edib. O, 2008-ci ildən klubda işləyir. Bəlkə, uğurun sirri budur? O vaxtdan bəri Polşa klublarında min dəfə baş məşqçi dəyişikliyi olub. Tutaq ki, mən Polşa klubunun idman direktoruyam. Sizin yolunuzu tutmaq üçün nə etməliyəm?
- Təcrübə bilikdən daha vacibdir. Təbii ki, bu o demək deyil ki, əgər siz birini və ya digərini seçsəniz, uğura zəmanət veriləcək. Qurban Qurbanov baş məşqçi təyin olunanda onunla 15 il bir yerdə işləməyə köklənməmişdik. Onda biz hər il avrokuboklarda iştirak edən klub deyildik. Amma biz uğura psixoloji hazırlaşırdıq. Qurbanovun əvvəlcə minimal hədəfi var idi - avrokuboklara vəsiqə qazanmaq. O dövrün reallıqlarını nəzərə alanda, bu iş çətin görünürdü. Amma Azərbaycan kubokunu qazandıqdan sonra uğurlu olduq. Bu, gələcək taleyimizi müəyyən edən qığılcım idi. Biz güclü, sabit kluba çevrilmişik. İlk çempionluğu beş il gözlədik, amma səbirli olduq və baş məşqçinin işinə müdaxilə etmədik. İldən-ilə biz təkcə idman baxımından deyil, həm də əqli cəhətdən böyüdük.
- Qurban Qurbanov necə insandır?
- Bu illər ərzində bir-birimizi tanıdıq. Əvvəla, Qurbanov bir çox müsbət keyfiyyətlərə malik insandır. Azərbaycanda çox məşhur olsa da, təvazökar qalır. Həyatın heç bir səviyyəsində təkəbbürlü deyil və insanlara hörmətlə yanaşır. Birlikdə işlədiyiniz illər ərzində kiminsə bir çox vəziyyətlərə reaksiyasını müşahidə edə bilərsiniz. Amma artıq Qurban Qurbanovun necə davrandığını bilirsiniz. Bu, vacibdir. Bir-birinin əxlaqi prinsiplərinə qarşılıqlı inam da belədir. Qurban Qurbanovla münasibətimizdə bu, nümunəvidir. O, ciddi məşqçilik keyfiyyətlərinə, dərhal özünü bərpa etmək qabiliyyətinə malikdir. Hər gün yeni problemlərlə üzləşirik və o, yeni həll yolları tapır. Qurbanov heç vaxt uğurlarını yaddan çıxarmır və motivasiya tapır. Ola bilsin ki, “Qarabağ”ı uzun illər uğurla aparan sirr budur. O, prinsipial insandır, vətənpərvərdir, Azərbaycanın görkəmli vətəndaşıdır. Azərbaycan Prezidenti İlham Əliyev 3 dəfə klubumuzla görüşüb. Ümumiyyətlə, idman klublarını qəbul etmək ölkəmizin rəhbərləri üçün nadir haldır. O, bizim üçün məhz Qurbanov amilinə görə istisnalar edib.
- “Qarabağ” 1993-cü ildən Ağdamda oyun keçirmir. Doğma şəhərə qayıtmaq hansısa perspektivdə realdır, yoxsa Bakıda məskunlaşdığınız üçün bunu heç kim nəzərə almır?
- Düzdür, “Qarabağ” 1993-cü ildə öz şəhərindən təcrid olunub. Bu, dəhşətli dövr 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsindən sonra başa çatıb. Bu illər ərzində biz Qarabağ üzrə lider olmağı qarşımıza məqsəd qoymuşuq. Biz idman vasitəsilə məcburi köçkünlərin səsi olmaq istəyirik. Bu gün inanmaq çətin ola bilər, amma 90-cı illərdə “Qarabağ” ancaq mövcud olan klub idi. Lakin şəraitə və çətinliklərə baxmayaraq, klub Qarabağa sadiqliyini qoruyub və mənşəyini unutmayıb. Klub hər addımda bir milyon məcburi köçkünə ümid bəxş etməyə borclu idi. Biz illər boyu Prezident İlham Əliyevə inanırdıq ki, o, Qarabağın azad edilməsi üçün əlindən gələni edəcək. 2008-ci ildə Ağdama yaxın oynadıq. Lakin bu, erməni bombardmanı səbəbindən təhlükəli idi. Amma qeyd etdiyim kimi - 2020-ci ildə torpaqlarımızı geri aldıq. Təəssüf ki, Qarabağ bütünlüklə Ermənistan Ordusu tərəfindən dağıdılıb. Xüsusilə də beynəlxalq media tərəfindən Qarabağın “Qafqazın Xirosiması” kimi tanınan Ağdam. Ağdama qayıtmağı səbirsizliklə gözləyirik, amma bu, yaxın gələcəyin məsələsi deyil. Ağdamın yenidən qurulması çox vaxt aparacaq.
- “Qarabağ” öz köklərini futbolda vurğulayır. Çempionlar Liqasında “Çelsi” ilə oyundan öncə “Evdən uzaqda, amma aid olduğun yerdə” adlı kareoqrafiya yaratdığınızı xatırlayıram. Mən onu da bilirəm ki, siz 2017-ci ildə klubun sosial şəbəkə hesablarında stolun üstündə uzanmış, öldürülmüş balaca uşağın meyitinin şəklini dərc etmisiniz. Bu, həqiqətən susmayacağınızı göstərir.
- Bu hadisə 2017-ci ildə olub. Həmin dövrdə Qarabağ – topraqlarımızın 20 faizi işğal altında idi. Biz Çempionlar Liqasının qrup mərhələsində çıxış edən yeganə Azərbaycan klubuyuq. Bu, bütün ölkə üçün əla, emosional an idi. Biz həmişə sülhün tərəfdarı olmuşuq. Hər bir ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri vardır ki, hər bir qonşu onlara hörmət etməlidir. Ərazimizin 20 faizi işğal olunmuşdu. Dağlıq Qarabağ isə otuz ildir ki, ölü bölgə idi. 2020-ci ildə biz 44 günlük müharibə nəticəsində torpaqlarımızı azad etdik, bunun sayəsində bir milyon insan tezliklə öz doğma yurdlarına qayıdacaq.
- Siz azərbaycanlısınız və məntiqlidir ki, Ermənistan sizin üçün düşmən və işğalçıdır. Ancaq bir anda bu şey ağlıma gəldi. Mən klubun sabiq mətbuat katibi Nurlan İbrahimovun Feysbuk paylaşımını nəzərdə tuturam. O yazırdı ki, hər bir erməni öldürülməlidir, o cümlədən qadınlar, uşaqlar, qocalar. Və bunu soyuqqanlılıqla etmək lazımdır. Nifrət ifadəsinə görə UEFA tərəfindən cərimələndiniz və Nurlan İbrahimov cəzalandırıldı.
- Hər kəs qarşısındakı insanı günahlandıra bilər. Təsəvvür edin ki, bomba düşür və 7 yaşlı uşağınız həyətdə futbol oynadığı vaxt gözünüzün önündə param-parça olur. Siz hansı hissləri keçirərsiniz? Mən Nurlanı 15 ildən çoxdur ki, tanıyıram və indiyədək onun belə davrandığını görməmişəm. Bu paylaşım müharibə haqqında emosional səhv idi. Nurlanın da qız övladları var. O, bir ata kimi ermənilərin Tərtər şəhərini bombalamasından hiddətlənib. Həmin hislərlə də belə bir status yazıb. Nurlan öz səhvini dərk edib, bu status silib. Amma onun futboldan ömürlük diskvalifikasiyaya layiq olmadığına dair kifayət qədər sübut var. Nurlan heç bir insanı öldürə bilməz. Hazırda məsələyə CAS (İdman Arbitraj Məhkəməsi) baxır. Ümid edirəm ki, CAS düzgün qərar qəbul edəcək və daha yüngül hökm verəcək.
- Bir azərbaycanlı olaraq, Ermənistanla davamlı sülhü qorumaq şansı görürsünüzmü?
- Azərbaycan həmişə sülhsevər ölkə olub. Bizim heç vaxt qonşularımıza qarşı ərazi iddialarımız olmayıb. Baxmayaraq ki, mənim əcdadlarım Ermənistanda Quqarkənd bölgəsində yaşayıblar və daha sonra oradan qovulublar. Azərbaycan tolerant ölkədir. Burada ləzgilər, talışlar, avarlar, kürdlər, slavyanlar və başqa xalqlar yaşayırlar. Dağlıq Qarabağ uğrunda gedən 44 günlük müharibədə bütün bu xalqların nümayəndələri işğal olunmuş əraziləri azad etməyə çalışıblar. Biz çox dinc ölkəyik. Bu bəyanatı bir daha təkrar edirəm - Azərbaycan həmişə sülhün tərəfindədir. Amma bizim insanlarımızı öldürürlərsə, biz də onları bağışlamayacağıq.
Tərcümə etdi: Nur Zeynalova
</meta>
Milli.Az demokrat.az-a istinadən Eldar Sabiroğlunun yazısını təqdim edir
Mehdiyev getdi. Bu gediş açıq-aydın göstərdi ki, AMEA onun yeri deyilmiş. Keşkə, elmdən uzaq birisi ora rəhbər göndərilməyəydi. Həddini aşan söz-söhbətlər də bu dərəcədə şişib aləmi başına götürməzdi. İki ilyarım ərzində Azərbaycan ictimaiyyəti tarixin heç bir dönəmində rastlaşmadığı, görmədiyi günləri yaşadı. İntiriqan mühit, lazımsız dedi-qodular, kollektivi zinhara gətirən ziddiyyətli qarşıdurmalar insanları ümidsizliyə qapatmışdır. Xüsusilə, gənc alimlərə qarşı nümayiş etdirilən laqeyd rəftar, onların vətən və dövlət naminə həvəslə çalışmalarına şərait yaratmaq əvəzinə əksinə akademiyanın gələcəyini təhlükə altına alacaq çirkli işlərin aparılmasına böyük start verilmişdir. Yeni rəhbərlik çirkli ab-havanı vaxt itirmədən təmizləməyə cəhd göstərməzsə, sonralar AMEA-nı əvvəlki məcrasına qaytarmaq çox çətin olacaqdır. Vəziyyət bizim təsəvvür etdiyimizdən də mürəkkəbdir.
Mehdiyevşünaslıq çox qorxulu və təhlükəli cərəyandır. Bu adam anti-Azərbaycan fəaliyyətilə hələ Moskvada oxuyarkən rusların xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyi günlərdən isbat üçün söykənəcək üç mötəbər əsasım vardır. Birincisi, rusların 1828-ci ildən başlayaraq çağdaş dövrümüzə qədər millətimizin, xalqımızın başına açmadığı fəlakət, faciə qalmayıb. Buna qarşı əlində yüngül bir dəlili varsa çıxarsın qoysun ortalığa, əllərimi həmən qaldırım yuxarı. Yaxud 20 yanvarda rus ordusunun gecəyecə ikən Bakıya qoşun yeridərək dinc əhalini gülləborana tutmasına bir kəlməlik etirazını xatırlayırsınızmı!? Onun həyat və fəaliyyətinə bələd olan adamlar yaxşı bilirlər ki, harada işləməsindən asılı olmayaraq , ilk həyata kecirəcəyi iş insanları bir-birinə salışdırıb özü üçün siyasi fayda götürməkdən ibarət olub. Halbuki, meydanda cəsarətli, nümunəvi fakt mövcud idi. Rəhmətlik Heydər Əliyevin siyasi varisi və hazırkı prezidentimiz İlham Əliyevlə birlikdə bütün təhlükələrə rəğmən Azərbaycanın nümayəndəliyinə gələrək Bakıda Rusiya ordusunun törətdiyi qırğına etiraz əlaməti olaraq kəskin siyasi bəyanatla çıxışı yaddaşlardan silinməyib. "5-ci kolon"un Azərbaycan üzrə rəhbəri Ramiz Mehdiyev Heydər Əliyevdən nümunə götürə bilməzdi. Heydər Əliyev hara, boyu 1metr 35 sm olan Ramiz Mehdiyev hara!!! Onun məşhur bir tələsi də var.
Vurduğu adamlar barədə görün hansı vasitələrdən istifadə edib!? Əvvəlcə prezidentin qəbuluna özünə yaxın olan 2-3 adamını göndərər və həmin şəxs haqda mənfi fikir formalaşdırdıqdan sonra dövlət başçısının yanına özü təşrif buyurardı. Artıq hər şey hazırdı...Onun bu tülkü xisləti 10 ildən çoxdur ki, yeriyə bilmir. Belə çörək yemək doğrudan haramdır. AMEA-nın keçmiş prezidenti şəxsi maraqlarını, köhnəlmiş ideoloji düşüncələrini mühafizə etmək üçün müqəddəs məbəddən bir vasitə, bir siyasi dayaq kimi istidadə edib. Bu riyakar siyasəti istəsə belə bundan sonra heç nə ilə ört-basdır edə bilməyəcəkdir. Maskası tamamilə cırılıb. Ölkəni başına götürən anti-mehdiyev hərəkatına baxmayaraq, dünya sanki onun vecinə deyil. Gündə bir siyasi bəyanat və açıqlama ilə çıxış edən AMEA-nın keçmiş rəhbərinin gurultulu səsi ölkə xaricindən artıq kənarlara çıxıb. O bunu qəsdən gündəmə gətitmişdi. Amerikanın səsi, Azad Avropa, Bi-bisi, Azadlıq kimi nəhəng radiostansiyalar "Boz Kardinal" adı ilə məşhurlaşan və iki il əvvələ qədər çox mühüm dövlət postunu tutan bu şəxsə istinad edərək Azərbaycanda demokratik prinsiplərin pozulduğu, insan hüquq və azadlıqlarının tapdanması, saxta parlament seçkilərinin keçirilməsi barədə qeyri-obyektiv, qərəzli məlumatlar yayır və lazımsız təhlillər aparırdılar. İndi də mövzu onların diqqətindən düşmür. Bu gün Elmlər Akademiyasında Ramiz müəllimin timsalında baş verən ikrahdoğurucu mənzərənin qara rənglərindən adam dəhşətə gəlir. Necə yəni sənə yüksək etimad göstərilsin, sən də ona bu cür dəyər verəsən!? Ağıla yerləşən məsələ deyil. Əslində hər şey aydındır... Hətta o dərəcədə aydın və aşkardır ki, böyük əziyyətlə yaradılmış milli ATLAS-ı, möhtərəm prezidentimizin birinci səhifədə yazdığı ön sözlə birlikdə portret-fotosu olan 100-dən artıq nüsxəsini guya təmizlik işləri adı ilə zibil arabasına yüklədib küçəyə atdırıb. Başqa bir dəhşətli fakt deyəcəyəm. " Cənubi Qafqaz 1903-cü il" adı ilə çar Rusiyasının hərbçi mütəxəssisləri tərəfindən hazırlanan və nəşr edilən xəritədə Ermənistana aid bir dənə də olsun coğrafi yer adlarına, toponimlərə rast gələ bilməzdin. Deyilənə görə bu unikal siyasi xəritə Milli ATLASLA birlikdə Mehdiyev cənablarının idarəetmədəki özbaşınalığı sayəsində çölə tökülmüşdür. Halbuki hər iki tarixi sənədin çap edilib çoxaldılması və maliyyəsi barədə şəxsən Prezidentimiz sərəncam vermişdir. İşə silahlı polisin müşayiətilə gəlib-gedən akademikdən bundan artıq nə gözləmək olardı?! Akademiyanın bütün institutları demək olar ki, eyni gündədir, neqativ hadisələr, cərəyan edən mənfi proseslər tezliklə aradan qaldırılmadığı təqdirdə , elmi kollektiv yaradıcı fəaliyyətindən tamamilə uzaqlaşacaq və mənfi meyllər sərbəst şəkildə özünə daha dərin köklər arayıb axtaracaqdır. Açıq-aşkar burada bir qərəzin və siyasi qəsdin yapıldığı görünür. Yaxşı, sual olunur, səbəb nədir ki, bu gün 100-lərlə gənc elmi kadr AMEA-kı problemlərə dözməyib ölkəni tərk edirlər? Heç nə yox bunun mənəvi məsuliyyətdən Ramiz Mehdiyev heç cürə qaça bilməyəcəkdir. Haçansa izahını və cavabını mütləq verəcəkdir.
On mindən çox insanın çalışdığı böyük bir kollektiv, 5500 elmlər doktorunu və professoru birləşdirən bu elmi məbədgah AMEA prezidenti Ramiz Mehdiyev necə istəyir o cür də idarə edirdi. Bu, bir ordudur. İndi bu ordudan əsər-əlamət qalmayıb. Rəhbər işçilərdən elmi institutların nə rəhbərlikləri, nə də institutda vəzifə tutan bəzi əməkdaşlarının AMEA ilə heç bir əlaqəsi və elmi işə buradan başlamadıqları haqda mövcud faktların sübuta ehtiyacı yoxdur. Ramiz Mehdiyevin özünün də bu məsələlərdən ətraflı məlumatı vardır. Lakin təsirli tədbir görmədi.
Bu adamın işi-gücü köhnə vərdişinə uyğun olaraq məbədgahın işıqlı şəxsiyyətlərini özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Məqsədli şəkildə, haralarınsa xüsusi tapşırığı ilə bu məkrli planı yerinə yetirir. Ona görə də AMEA-nı siyasi intriqalar mərkəzinə çevirməsinə heç də təsadüfi hal kimi yanaşmaq lazım deyil. Mehriban, səmimi bir kollektivdə indi artıq narazılıq ocağı alışıb yanmaqdadır. İntriqa və çəkişmələr mühiti az qala hamını bir-birinə düşmən edib. Bu qəsdin arxasında əsas təşəbbüskar müəllifi kimi Ramiz Mehdiyevin özü şəxsən dayanır. Yüksək etimad müqabilində onun dövlət siyasətinin ziddinə gedərək opportunist mövqe ortaya qoyması çox ciddi satqınçılıqdan xəbər verir.
Hakimiyyətin səmimi münasibətinə cavab verəcək müsbət yol seçilməliydi. Lakin biz əksini müşahidə etdik. Nəhəng elmi məbədə ayaq basdığı gündən buranı siyasi bazara döndərməsi faktdır və bunu deyərkən sözümün məsuliyyətini də dərk edirəm. Başlıca istəyi və arzusu PA- nın rəhbəri işlədiyi zamanlarda dövlət başçısından cəmiyyəti necə narazı salmaq məqsədi güdürdüsə, indi də rahatlıqla belə bir ovqatı elm adamlarının düşüncəsinə yeritməyə çalışırdı. Nəhayət ki, Moskva bu dəfə köməyinə çata bilmədi. O, EA-nın yeni rəhbərliyinin çiyinlərİ üzərinə ağır yük qoyub getdi... Onu heç bir halda boş buraxmaq olmaz.
Milli.Az
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Day.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən karqo şirkətlərindən birində Rəşad Qurbanov bildirib ki, o, gələn malların boşaldılıb paylaşılması ilə məşğul olub.
"Xaricdən gələn yük bir adamın adına vurulurdu, gömrükdən keçdikdən sonra da təhvil verilirdi. Dediyim kimi, mən fəhlə olmuşam, nə deyiblər, onu da gətirmişik", - deyə şahid bildirib.
Dövlət ittihamçısı deyib ki, gömrük məntəqəsi bu məlumatı təkzib edir: "Siz deyirsiz ki, yük adamın adına vurulub, amma gömrük deyir belə bir şey olmayıb".
Şahid bildirib ki, malların gömrüyə kimin adına gəldiyini xatırlamır.
Dövlət ittihamçısının "işlədiyiniz vaxtda 114 ton ip gətirilməsini xatırlayırsınızmı?" sualına cavab olaraq şahid həmin vaxt ərzində 66 tona yaxın ip gətirildiyini deyib.
Şahid ifadəsi zamanı prokurorun gətirilən malların nəyə görə sənədi olmadığı sualına da aydınlıq gətirib: "Dediyim kimi, yüklər bir adamın adına vurulurdu, ayrı-ayrı olsaydı, onda gərək 70-80 nəfərin adı olmalı idi. Belə olan halda da bunu rəsmiləşdirmək qəliz iş olurdu. Burada bizim şirkət nə qazanırdı desəniz, tam səmimi olaraq deyə bilərəm ki, indiki dövrdə heç nə qazanmırıq".
Məhkəmədə məlum olub ki, 9 hüquqi şirkətə məxsus bank hesabına 3 milyon 435 min 835 manat pul köçürülsə də, istintaq zamanı müəyyən edilib ki, bunun 1 milyon 376 min 750 manatı həqiqətən xərclənib. Yerdə qalan hissə isə iplə bağlı olmayan məsələlərə sərf olunub.
Daha sonra yükdaşıma şirkətlərinin birində fəhlə işləyən şəxs ifadə verib.
Şahid bildirib ki, mərhum Vidadi Muradovla yalnız telefonla danışıb: "İldə bir-iki dəfə iplik gəlirdi. Mənim işim də onu boşaltmaq olub"
Növbəti proses dekabrın 21-ə təyin edilib.
Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə" MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək "Azərxalça" ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun "Azərxalça" ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, "Azərxalça" ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.