TR

Hökümənin önə çağırdığı 20 nəfər...

Ölümlə ilk dəfə üz-üzə gələndə anama bərk-bərk sarıldığımı xatırlayıram. Dəm qazından boğulmuşdum, gözlərim hər yeri qaranlıq görürdü. Anamı o zülmətin içində neçə tapmışdım, açığı, bilmirəm. Mən anama, anam isə Allaha yalvarırdı...

Reanimasiyada gözüm aydın görəndə, anama artıq göz aydınlığı verilirdi. Həkim dedi ki, xəstəxanaya zamanında çatdırılmısan, anan namaz üstündəymiş... İşə bax, namazın da tərsoxunuşu zamandır...

Nə yalan deyim, anam nə qədər sağdır, ölümdən qorxuram...

Mənə 13 il əvvəlki bu hadisəni 13 yaşında təyyarə qəzasında həlak olan Məhəmmədəlinin ölümü xatırladır. Qroznıya tək uçurmuş. 

Yaşından asılı olmayaraq, o təyyarədə olan hər kəs qorxub, bu, şübhəsizdir. Amma 50-60 yaşında olan birinin qorxunun öhdəsindən gəlməsi ilə Məhəmmədəlininki eyni deyildi. Bəs, görəsən, o qorxduğu anda hava gəmisində kimə sarılıb? Onu bağrına basıb sakitləşdirən, tanımadığı uşağa analıq edən kim olub? Demirəm ha, analıq edən olubmu? Deyirəm, kim olub?.. 

Normalda belə durumlarda hamı öz canı hayında olur. Amma göyərtədə çəkilmiş 3-5 kadrı birləşdirəndə görürsən ki, heç də belə deyil, təyyarədə hamı bir-birinin həyatda qalması üçün çalışıb. Qəhrəman pilotdan tutmuş, bələdçi Hökümədən və onun çağırışına uyğun tarazlığı saxlamaq üçün ön sıraya gələn 20 nəfərədək...

Guya o 20 nəfər bilmirdi ki, təyyarə yerə dəyəndə birinci ön hissə parçalanacaq? Qəhrəmanlıq göstərib 30-cı sıradan sonra əyləşib həlak olanların bəlkə də tək məqsədi elə Məhəmmədəlini qorumaq idi...

Mütəxəssislərin də dediyi kimi, təyyarə bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa.

Pilot öz həyatı hesabına ön təkəri seçib 29 nəfərin sağ qalmasında böyük qəhrəmanlıq, sərnişinlərdən birinin ölümünə hazırlaşıb Kəlmeyi-Şəhadət gətirdiyi anda digər tərəfdə “Hər şey yaxşı olacaq” deyən bələdçi isə peşəkarlıq nümunəsi göstərdi.

Bir az sonra təyyarə qəzaya uğrayacaq, Hökümə yenə də o mədəniyyətini qoruyur, müraciətində “Hörmətli sərnişinlər!” deyir. Bir az sonra bütün dünya bu qəzadan danışacaq, Hökümə yenə də sərnişinlərə dəhlizdə durmağın onların həyatı üçün təhlükəli olduğunu bildirir.  

O titrək səsiylə “Hamı kəmərləri bağlasın” deyir...

Bu qızın, o kapitanın ürəyinin böyüklüyü təyyarəni vuranların ölkəsindən çox-çox böyük imiş...

Emin Səfərov

Seçilən
854
3
qafqazinfo.az

4Mənbələr