AZ

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər...

Image

Elşad Həsənov: “Hesab edirəm ki, yaxın zamanlarda Zelenski də Bakıya səfərə gəlib danışıqlar apara bilər”

Putinin Azərbaycana  səfərindən sonra belə  fikirlər də səsləndirilir ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakı məkan kimi seçilə bilər. Bakının belə bir təcrübəsi var. Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin onun və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil.

Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var. Belarus bu rola yaramır. Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır. Çünki Moskva Türkiyə-Ukrayna hərbi əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyevin və onu dəstəkləyən Qərbin maraqlarına ziddir.  Bakının belə təcrübəsi  az deyil. İki ölkə arasında sülh sazişinin Bakının vasitəçilik missiyası ilə imzalanması mümkündürmü?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illər Bakının xüsusi çəkisi artıb: “Həm Avropa İtifaqında, həm də dünya siyasətində Azərbaycanın öz yeri, rolu var. Azərbaycan Rusiyanın və Amerikanın yüksək çinli hərbiçilərinin Bakıda görüşünə nail oldu. Onlar Rusiya ilə Ukrayna müharibəsinin imzalanması üçün iki dəfə Bakıda görüş keçirdilər. Bundan əlavə, yadınızdadırsa, Türkiyə ilə Rusiya arasında siyasi vəziyyət gərginləşəndə belə Azərbaycan Prezidentinin apardığı danışıqlar nəticəsində məsələ qaydasına qoyuldu, Rusiya-Türkiyə münasibətləri düzəldi. İndi də belə bir vəziyyətdə, iki il yarımdır ki, Rusiya Ukrayna müharibəsi davam edir, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bunu açıq bəyan edir. Eyni zamanda Rusiya ilə də strateji müttəfiqliyini aparır. Bizim həm iqtisadi, siyasi, həm də nəqliyyat məsələləri üzrə əməkdaşlığımız inkişaf edir və bu sahələrdə böyük layihələr həyata keçirilir. Artıq hamı bilir ki, dünyanın yenidən bölünməsi prosesi gedir. Bu prosesdə də Amerikanın məqsədi o idi ki, Rusiyanı Ukraynada müharibəyə sürükləsin və onu iqtisadi - siyasi cəhətdən çökdürsün. Gələcəkdə də Rusiyanı parçalayıb, təbii sərvətlərinin bir hissəsinə sahib olsun. Bu yöndə də Amerika öz siyasətini aparır. İki qardaş xalqı bir - birinə qırdırır. Həm bisnesini qurur, silah - sürsatını satır, həm də dünyanın yenidən bölünməsi üçün öz gələcək işini uğurla aparır. Təbii ki, Rusiyanı asanlıqla da məğlub etmək olmaz. Belə bir dövrdə Putinin Azərbaycana gəlməsi və danışıqlar aparması, bu danışıqlarda bizim bildiyimiz məsələlərdən başqa da hansı söhbətlərin olduğu bəlli deyil. Burada da Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin apardığı siyasət, onun rolu Putinə bəllidir. Ona görə də Putin Bakıya səfərə gəldi və danışıqlar baş verdi. Mən belə hesab edirəm ki, yaxın zamanlarda Zelenski də Bakıya səfərə gəlib,  danışıqlar apara bilər. Eyni zamanda, bəllidir ki, Bakı COP29 - a hazırlaşır. Bura

dünyanın 200 - ə yaxın ölkəsindən nümayəndələr gələcək. Bakı dünyanın siyasi mərkəzinə çevrilib. Bu mənada Rusiya-Ukrayna müharibəsinin bitməsilə bağlı sülh sazişinin imzalanması üçün böyük vasitəçilik missiyası göz önündədir. Düşünürəm ki, əvvəllər Türkiyə danışıqlar aparırdısa, Ərdoğan çox aktivlik göstərirdisə, bu gün isə reallıq ondan ibarətdir ki, İlham Əliyevin rolu bu sahədə daha da  artıb.  Çox güman ki, Rusiya-Ukrayna danışıqları məhz Bakıda ola bilər”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
baki-xeber.com

10Mənbələr