Sahil Kərimli: “Ermənistan birdən-birə Rusiyaya, KTMT-yə arxa çevirdi və Qərbə, ABŞ-a, Avropa ölkələrinə inandı, güvəndi”
Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya" telekanalına müsahibəsində deyib ki, postsovet regionunun bəzi ölkələri Rusiyadan nəsə əldə etmək istəyirlər, amma əvəzində heç nə vermək istəmirlər:
"Biz - Belarus və Rusiya, faktiki olaraq, eyni gəmidəyik. Gəmi çevrilərsə, ikimiz də boğulacağıq - Rusiya da, Belarus da. Nə gizlədək? Biz, Belarus, bəzi postsovet dövlətlərimiz kimi, oyun oynamağa başlamırıq: istəyirlər ki, Rusiyadan nəsə əldə etsinlər, amma əvəzində heç nə verməsinlər".
O, əminliyini ifadə edib ki, fövqəladə hal olarsa, MDB ölkələri kömək üçün Rusiya və Belarusa müraciət edəcəklər. Eyni zamanda postsovet məkanında qurulmuş iqtisadi əlaqələri də pozmamağa çağırıb.
Aleksandr Lukaşenko, həmçinin, Ermənistanın hazırkı rəhbərliyinin siyasətinə də toxunub:
"Ermənilər bizdən başqa kimə lazımdırlar? Heç kimə. Qoy öz iqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqətlərini cəmləsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq”.
Lukaşenkonun bu fikrlərinə Ermənistandan dərhal reaksiya verilib.
Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib ki,
heç kim, o cümlədən Aleksandr Lukaşenko düşünməsin ki, Ermənistan Respublikası ilə, Nikol Paşinyanla istədiyi kimi danışa bilər:
“Millətimizin və dövlətimizin xarakterik xüsusiyyətlərindən biri heysiyyət olub və olacaq və biz gec-tez onu bərpa edəcəyik”.
Lukaşenkonun Paşinyanın üstünə belə sərt getməsi nə ilə bağlıdır?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Ermənistan hakimiyyəti Qərbə, Avropa İttifaqına, xüsusilə də Fransaya güvənərək Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qəniminə çevrilib: “Təbii ki, Ermənistanın tutduğu bu mövqe Cənubi Qafqazda yerləşən ölkələri çox narahat edir. Burada postsovet məkanına aid olan ölkələr, Rusiyanın müttəfiqi, strateji tərəfdaşlıq etdiyi ölkələr də Ermənistanın bu hərəkətindən çox narahatdılar. Çünki istənilən halda Ermənistanın Qərb yönümlü siyasət yürütməsi, Qərbdən silah - sürsat tədarük etməsi konkret olaraq MDB məkanında olan ölkələrə, eyni zamanda Cənubi Qafqazda yerləşən ölkələrə çox ciddi təhlükə, təhdid yaradır. Ermənistan vasitəsilə Qərbin bölgəmizdə apardığı bu çirkin, məkrli oyunlar bölgənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Xüsusilə də bir neçə il bundan əvvəl Rusiyanın yaxın münasibətdə olduğu Ermənistan son illərdə KTMT-dən çıxmaqla bağlı bəyanat verir. Nikol Paşinyan bu barədə hər gün ciddi açıqlamalar verir. Son dövrdə KTMT-dən çıxmaq, Rusiya qoşunlarını ölkədən çıxarmaq və s. kimi zərərli meyllər əsasında öz siyasətini həyata keçirir. Təbii ki, bu da bölgədə böyük güc sahibi olan MDB məkanında, KTMT-də çox böyük gücə malik olan Rusiyanı çox narahat edir. Bu baxımdan Belarus prezidenti Lukaşenkonun açıqladığı bu fikirləri də başa düşmək olar. Çünki Ermənistan birdən - birə Rusiyaya, KTMT-yə arxa çevirdi və Qərbə, ABŞ-a, Avropa ölkələrinə inandı, güvəndi. Lukaşenko o mənada haqlıdır ki, Ermənistanın gələcəyi çox böyük sual altındadır. Biz Qərbin qızışdırdığı, dəstək olmağa çalışdığı ölkələrin sonda çıxılmaz vəziyyətdə olduğunun dəfələrlə şahidi olmuşuq. Ermənistan da yaxın zamanda öz səhvini anlayacaq. Əgər meydanda tək qalarsa, Qərb tərəfindən qızışdırılb ortaya atlılarsa, bu, Ermənistan üçün çox böyük itkilərə gətirib çıxara bilər”.
Məhəmmədəli QƏRİBLİ