AZ

Ermənistan yeni müharibəyə hazırlaşır? - "İrəvanda silahlı qarşıdurma ola bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan hərbi-siyasi rəhbərliyi son günlər Azərbaycanla şərti sərhəddə təxribatlarını yenidən intensivləşdirib. Belə ki, gah Naxçıvan istiqamətində atəşkəsin mütəmadi olaraq pozulması, gah Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Gorus rayonunun Qaraşen kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin yeni artilleriya divizionu yaratması, gah Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərməsi, gah da yenidən mülki təyinatlı tikililərdən hərbi məqsədlər üçün istifadə etməsi və bunun fonunda dörd ildir ki, sülh danışıqlarını yubatması bu ölkənin yeni təxribatlara və eskalasiyaya hazırlaşdığını nümayiş etdirir.
Düzdür, Ermənistanın buna qüdrəti və imkanı çatmasa da, kənar qüvvələrin əlində alət olması, müstəqil siyasət yürüdə bilməməsi, revanşist əhvali-ruhiyyəni davam etdirən erməni siyasi elitasının davamlı olaraq havadarları tərəfindən silahlandırılması bu ehtimalların reallığını istisna etmir.
Mövzunu Oxu.Az-a dəyərləndirən hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, Ermənistanın son zamanlar atdığı addımlar 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərdən qaçmaq prinsipinə yönəlib:
"Azərbaycan-Ermənistan şərti sərhədində mövqelərimizin atəşə tutulmasının yenidən intensiv hal alması və təxribat xarakterli addımların əhatə dairəsinin genişlənməsi, üstəlik, havadarlarının Ermənistanı təhlükəsizlik çətiri bəhanəsi ilə sürətlə silahlandırması regionda gərginliyi artırmağa yönəlib. Digər tərəfdən, Ermənistanın təhlükəsizliyinə hüquqi cəhətdən Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) cavabdeh olduğu halda, Ermənistan bu regionda apardığı xain siyasətlə Rusiya və KTMT-nin təhlükəsizliyini şübhə altına salıb və bunu da yeni havadarlar tapmaq üçün edib. Bu havadarlar isə Fransa və ABŞ kimi ölkələrdir ki, İrəvan regionda onların maraqlarını təmin etməyə çalışır. Bu isə region üçün təhlükə yaradacaq güc mərkəzlərinin toqquşmasına şərait yaradır".
Ekspert vurğulayıb ki, nə Fransa, nə də ABŞ "3+3" formatına daxildir və formata əsasən, regionda baş verən proseslər yalnız bu platformaya daxil olan ölkələri əhatə etməlidir:
"Bundan əlavə, Ermənistanın regiona sırıdığı ölkələrin "3+3" formatına daxil olan dövlətlərlə dostluq münasibəti yoxdur. Bu isə o deməkdir ki, Rusiya de-yure Ermənistanın təhlükəsizliyinə zəmanət verdiyi halda, İrəvan Moskvanın maraqlarına zidd olaraq Rusiyaya dost olmayan ölkələrin maraqlarını təmin edir ki, bu da yeni və böyük qarşıdurmanın anonsudur. Əbəs deyil ki, beynəlxalq analitiklər də Ermənistanın bu siyasətini analiz edərkən bildirirlər ki, gələcəkdə bu ölkənin ərazisində Ukrayna və Suriyada gedən proseslərin eynisinin olacağı istisna deyil. Ermənistanın havadarları da bundan istifadə edərək daha genişmiqyaslı təxribata zəmin yaratmağa çalışırlar.
Azərbaycan, təbii ki, buna çox ciddi cavab verəcək və sonra da Ermənistanın təhlükəsizliyini bəhanə edərək ikili standartlar siyasəti ilə fəaliyyət göstərən beynəlxalq institutlar işə salınacaq. Onların da qəbul edəcəyi qərarlar məlumdur. Bu qərarlar isə Ermənistanın havadarları olan ABŞ və Fransa kimi ölkələrin mənfi addımlarını aktivləşdirməyə hüquqi imkan yaradacaq", - deyə Ramaldanov bildirib.
"Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa və quruculuq işləri gedir, yeni yaşayış məntəqələri salınır və dinc əhali öz dədə-baba torpaqlarına qayıdır. Təbii ki, şərti sərhədə yaxın olan bu ərazilərdə mövqelərimizin mütəmadi olaraq atəşə tutulması, təxribat xarakterli addımların atılması mülki əhali üçün təhlükə yaradır. Azərbaycan da istənilən hüquqi dövlət kimi, beynəlxalq hüquqa uyğun olaraq, vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bu təxribatlara nəinki cavab verə, hətta təhlükəni şərti sərhədə yaxın ərazilərdən uzaqlaşdırmaq əməliyyatları da apara bilər. Bunun bir digər adı da "bufer zona"dır və beynəlxalq praktikada bunun nümunələri də mövcuddur. Misal olaraq, Türkiyənin PKK/YPG terror təşkilatlarına görə Suriya ərazisində belə bir təhlükəsizlik zonası yaratmasını qeyd edə bilərik. Ona görə də ermənilərin təxribat siyasətlərini davam etdirməsinə qarşı Azərbaycanın əlavə tədbirlər görəcəyini istisna etmirəm", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Hərbi-siyasi icmalçı Ramil MəmmədliOxu.Az-a açıqlamasında Ermənistanın Qərbin təhriki və təlimatları əsasında Cənubi Qafqazda gərginliyin artması istiqamətində bir sıra addımlar atdığını bildirib:
"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri dövründə də ermənilərin atəşkəsi pozması, Azərbaycan Ordusunun mövqelərinə atəş açması buna misaldır. Hesab edirəm ki, Ermənistan qarşıdan gələn dövrdə vəziyyətin daha da kəskinləşməsinə çalışacaq. Bu isə Azərbaycana qarşı növbəti təxribatdır. Məqsəd də sərhəddə müəyyən qarşıdurmaya nail olmaq və Azərbaycanın əks addımlarını Qərb təsisatlarında şişirdərək Bakıya qarşı təzyiq və sanksiyalara təşviq etməkdir. Birmənalı olaraq deyə bilərəm ki, Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi dövründə Ermənistanın Azərbaycana qarşı təxribatçı addımlar atması rəsmi Parisin tapşırığına əsasən həyata keçirilir".
Ekspertin sözlərinə görə, irəlidə Cənubi Qafqazda müəyyən gərginlik gözlənilir:
"Əslində isə bu gərginlik azərbaycanlıların və ermənilərin bir-birinə qarşı olan gərginliyi deyil. Bunu açıq demək lazımdır. Bu, böyük dövlətlərin, ələlxüsus da Rusiya və ABŞ-nin bir-birinə qarşı olan gərginliyidir. Ermənistan isə məhz ABŞ və Fransanın təhriki ilə Azərbaycana qarşı müəyyən təxribatlar həyata keçirir. Bunun da səbəbi odur ki, Azərbaycan regionda Rusiya ilə müttəfiq, dost və qonşuluq siyasətini yüksək səviyyədə həyata keçirən yeganə ölkədir. Azərbaycanla Rusiya arasında bugünkü münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Bu da təbii ki, Ermənistanı dəstəkləyən Qərb dövlətlərini narahat edir".
"Təbii ki, Azərbaycan öz siyasi xəttini artıq müəyyənləşdirib. Avqustun 20-də Azərbaycanın BRICS-ə üzv olması ilə bağlı rəsmi müraciət də edilib. Yəni proseslərin hansı səviyyədə olması artıq aydın şəkildə görünür. Ermənistan öz mövqeyini, siyasi xəttini müəyyənləşdirib. Çox təəssüf ki, bu xətt mövcud Ermənistan hakimiyyətinin ölkəni xarici dövlətlərin xüsusi xidmət orqanlarının poliqonuna çevirməsi ilə müşahidə olunur. Rusiya, ABŞ, Fransa, İran, Çin, Hindistan Ermənistan ərazisində soyuq müharibə aparır və bu ölkə çoxhakimiyyətli bir ölkə vəziyyətinə gəlib. Yəni müəyyən dövrdən sonra Nikol Paşinyanın da ölkəyə rəhbərlik etmək rıçaqları azalacaq və dolayısı ilə ciddi problemlər yaranacaq.
Mən əminliklə deyirəm, baş verən hadisələr Ermənistan üçün heç də yaxşı nəsə vəd etmir. Əgər İrəvan Qərbin təhriki ilə vəziyyəti gərginləşdirib müharibə, yaxud hansısa bir qarşıdurma səviyyəsinə gətirib çıxararsa, Ermənistan daxilində qarşıdurmalar başqa səviyyəyə qalxacaq və nəticədə siyasi qarşıdurmalar silahlı qarşıdurmalarla əvəzlənə bilər".
Mərahim Nəsib
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
40
oxu.az

10Mənbələr