AZ

Səttar Möhbalıyevin qardaşının bağındakı müdhiş qətllə bağlı qərar verildi

 

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə Ramin Əlixanovun apellyasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, Ramin Əlixanov barəsindəki Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi cəzanın daha yüngül cəza ilə əvəzlənməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin apellyasiya şikayətini araşdırıb və belə qərara gəlinib ki, onun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir. Ramin Əlixanova təyin olunan 16 il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 il 6 aya endirilib.

42 yaşlı Ramin Əlixanov 2021-ci ilin sentyabrında gözətçisi olduğu, Faiq Möhbalıyevə məxsus bağ evində bağban kimi işlədilən Cəfər adlı şəxsi külünglə qətlə yetirib. Kimsəsiz olan Cəfəri qətlə yetirəndən sonra onu həyətdə basdırıb. Faiq Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin qardaşıdır. Faiq Möhbalıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin rəisi olub. O, 2018-ci ildə vəfat edib. İbtidai istintaq zamanı verdiyi ifadəsində Ramin Əlixanov deyib ki, gözətçisi olduğu bağa oğurluğa girən şəxsi külünglə vurub. İlkin instansiyada məhkəmə araşdırmaları zamanı Ramin Əlixanov deyib ki, Cəfəri Möhbalıyevlərin bağ evindən oğurluq etməsi ehtimalına görə öldürüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri  Ramin Əlixanovun sözlərinə inanmayıb və onu ittiham üzrə təqsirli bilərək ağır cəza təyin etmişdilər. Mərhum Cəfər yaxınları müəyyən edilmədiyindən kimsəsizlər qəbiristanlığında dəfn olunub.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Seçilən
93
1
musavat.com

2Mənbələr