“Qarabağ” avqustun 28-i saat 20:45-də “Dinamo” ilə ÇL-nin pley-offu çərçivəsində cavab oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Mahir Emreli formasını geyindiyi klubların dueli barədə fikirlərini saytımıza bölüşdü. Hazırda “Nürnberq” klubunda çıxış edən 27 yaşlı hücumçu “Qarabağ”ın geridönüş etmə şanslarını dəyərləndirib:
“Qarabağ” dəfələrlə geridönüş etməyi bacarıb. Bizim oynadığımız dönəmdə “Şerif”, “Lex”lə matçlar buna misaldır. Düzdür ki, bu dəfə fərq o oyunlardakı kimi 1 top deyil. Amma “Qarabağ”a inamımız hər zaman var və hər şey ilk hissədən asılı olacaq. Düşünmürəm ki, “Dinamo” Bakıda Zaqrebdə göstərdikləri oyunu göstərsinlər. Daha çox nəticəyə köklənən komandadır, çox böyük təcrübəyə malik oyunçuları var. Son 3-4 ildə “Bayer”dən (Leverkuzen) sonra bəlkə də gördükləri ən yaxşı təcrübəli və güclü rəqiblərdəndir. Təbii ki, bu şəxsi düşüncəmdir, hər kəs razı olmaya bilər. Amma “Qarabağ”ın da göstərdiyi futbol göz önündədir, inamlı, topla yaxşı oynayan və hücumlar quran komandadır. Bu fürsətləri dəyərləndirsələr, əlbəttə ki, geridönüş ola bilər”.
Millimizin üzvü Zaqreb təmsilçisinin Bakıdakı oyundakı taktikasını təxmin edib:
“Bu gün futbolda hər nəticə mümkündür. Sadəcə dediyim kimi Zaqrebdəki oyunu gözləmirəm “Dinamo”dan. Hətta “5-li” oynayacaqlarını təxmin edirəm. Sırf nəticə üçün meydana çıxacaqlar, “Qarabağ”ın hər hansı bir səhvindən yararlanmağa çalışa və ya əks hücumlara bel bağlaya bilərlər. Hücumda “Dinamo”nun oyunçuları topla yaxşı rəftar edən və yaxşı ram etməyi bacaran oyunçuları var, xüsusilə də Marko Pyatsa və Petkoviç.
“Qarabağ”ımıza uğurlar arzulayıram. Nəticədən asılı olmayaraq, yaxşı oyun göstərəcəklərini sona qədər mübarizə aparacaqlarına əminəm. Geridönüş etməklərinə inamım sonsuzdur”.