Kamala Harrisin prezidentliyə namizədliyi rəsmən qəbul edilib.
Sfera.az bildirir ki, o, Demokratlar Partiyasının Çikaqoda keçirilən konqresinin son günündə çıxış edib. “Bilirəm ki, hər cür siyasi baxışdan olan insanlar bunu izləyirlər. Söz verirəm ki, bütün amerikalıların prezidenti olacağam”, - Harris deyib.
O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampın Ukraynadakı müharibə ilə bağlı keçmiş şərhlərini tənqid edərək, rəsmi Kiyev və NATO-nu müdafiə edib. Harris iki ildən artıqdır ki, Rusiyaya qarşı mübarizə aparan Ukraynanı dəstəklədiyini bir daha bəyan edib: “Prezident kimi mən Ukraynanın və NATO müttəfiqlərimizin yanında möhkəm dayanacağam”.
Demokratlar Partiyasının namizədi həmçinin 2022-ci ilin fevralında Rusiya işğalının başlamasından beş gün əvvəl prezident Zelenskiyə xəbərdarlıq etdiyini də vurğulayıb.
ABŞ Prezidenti Co Bayden administrasiyasının İsraillə bağlı mövqeyindən söz açan Harris bildirib ki, Amerika əsas müttəfiqini həmişə müdafiə edəcək. Bununla belə, o xatırladıb ki, Qəzzada 10 aydan artıqdır, davam edən müharibədə çoxlu günahsız insan həlak olub: “İndi girov müqaviləsi və atəşkəs sazişi bağlamağın vaxtıdır”.
İmmiqrasiya siyasətinə toxunan Harris bu il Konqresdə qəbul edilməyən ikitərəfli sərhəd təhlükəsizliyi qanun layihəsinin gələcəyinin Donald Trampdan asılı olduğunu bildirib. "Donald Tramp sərhəd razılaşmasının onun kampaniyasına zərər verəcəyinə inanır. Ona görə də, Konqresdəki müttəfiqlərinə müqaviləyə zərər verməyi əmr edib. Odur ki, sözügedən qanun layihəsini geri qaytarmağı və onu imzalamağı planlaşdırıram”.
Günay