AZ

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi son 13 ildə ilk 6 ay üçün maksimal həddə

Bu ilin birinci yarısında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 91 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14% artıb və son 13 ildə (rəsmi statistika 2011-ci ildən etibarən açıq istifadədədir) ilk 6 ay üçün maksimal həddədir.

Hesabat dövründə Azərbaycana Özbəkistandan 77 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da əvvəlki dövrdən 36,2% çoxdur. İdxal edilən məhsullar arasında 10,7 milyon ABŞ dolları dəyərində saflaşdırılmış misdən məftillər, borular və borucuqlar, 9,45 milyon ABŞ dolları dəyərində trikotaj parçalar, 6,5 milyon ABŞ dolları dəyərində avtomobillər üçün kuzovlar, 4 milyon ABŞ dolları dəyərində quru nəqliyyat vasitələri üçün mühərriklər, 3,6 milyon ABŞ dolları dəyərində qurudulmuş üzüm, 3,4 milyon ABŞ dolları dəyərində televiziya rabitəsi üçün qəbuledici aparatlar, 3,4 milyon ABŞ dolları dəyərində kondisionerlər, 2,8 milyon ABŞ dolları dəyərində toxuculuq materiallarından hazır xovlu/xovsuz örtüklər, 2,2 milyon ABŞ dolları dəyərində çəkməli tütün, 1,5 milyon ABŞ dolları dəyərində yer fıstığı, 1,4 milyon ABŞ dolları dəyərində təzə ərik, 1,3 milyon ABŞ dolları dəyərində kağız salfetlər, dəsmallar, süfrələr, selluloz pambıq, 1,2 milyon ABŞ dolları dəyərində quş yumurtası və digər məhsullar mövcuddur.

Bu ilin birinci yarısında Azərbaycan Özbəkistana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 40,5% azdır. İxrac edilən məhsullar arasında 3,25 milyon ABŞ dolları dəyərində alüminium ərintiləri, 2 milyon ABŞ dolları dəyərində ağ şəkər, 1,2 milyon ABŞ dolları dəyərində təzə alma, 1,1 milyon ABŞ dolları dəyərində badam və meşə fındığı, 605,5 min ABŞ dolları dəyərində lak və boyaqlar, 560 min ABŞ dolları dəyərində minik avtomobili, 520 min ABŞ dolları dəyərində polietilen, 434 min ABŞ dolları dəyərində xam neft və neft məhsulları, 297 min ABŞ dolları dəyərində qurudulmuş noxud, 268 min ABŞ dolları dəyərində nişasta və digər məhsullar yer alır.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
fins.az

6Mənbələr