AZ

Qriplə “zarafat etməyin!” – COVID soyuqdəymələrin quruluşunu da dəyişdi

Havalar soyuduqca mövsümi xəstəliklər də çoxalır. İnsanlara daha çox əziyyət verən isə qrip viruslarıdır. Qripə yoluxma yuxarı tənəffüs yollarına təsir edir.

KONKRET.az xəbər verir ki, rusiyalı professor, tibb elmləri doktoru Valeri Svistuşkin bildirib ki, burun tutulması, boğaz ağrısı, öskürəklə müşahidə olunan mövsümi xəstəliklər bütün hallarda diqqətdə saxlanılmalıdır. Əlavə edib ki, yeni yayılan kəskin respirator infeksiyalar burun axınına, boğaz ağrısına səbəb olur: “Yeri gəlmişkən, koronavirus soyuqdəymələrin quruluşunu da dəyişib. Əgər əvvəllər qriplər mövsümi idisə, indi ilboyu baş verir”.

Xəstəliklərin qarşısının alınmasına toxunan professor qeyd edib ki, mövsümi xəstəlikdən yayınmaq üçün bir daha siqaretin zərərlərini xatırlatmaq lazımdır: “Nikotin bütün qan damarlarına təsir etsə də, ilk növbədə burun, boğaz və qırtlaq zərər görür. Bu isə müxtəlif xəstəliklərə – kəskin iltihabdan onkoloji xəstəliyə qədər səbəb ola bilir. Sağlam həyat tərzinə əməl etməyən insanın xəstələnmə ehtimalı daha çoxdur.

Beləliklə, düzgün qidalanma, yuxu, müntəzəm məşq xəstəlikdən qaçmağın yoludur. Eyni zamanda, stressi də minimuma endirmək lazımdır. Soyuq havalarda ən çox burun axmasından əziyyət çəkən insanlar bilməlidir ki, qripin davam etməsi burunda poliplərin əmələ gəlməsinə səbəb olur.

Son vaxtlara qədər həm konservativ, həm də cərrahi müalicədən sonra bir çox xəstələrdə polipozun təkrarlanması 3, 6 və 12 ayda bir dəfə baş verirdi. 30 il əvvəl edilən əməliyyatlar burunun təbii anatomiyasını və fiziologiyasını dəyişdi. Nəticədə köklü burun əməliyyatı olan insanlar cəmiyyəti yaranıb. Onların düzgün nəfəsalma problemləri var və daimi diskomfort yaşayırlar”.

Qripin törətdiyi digər fəsadlara toxunan professor qeyd edib ki, viruslar eşitmədə və iybilmədə də problemlər yaradır: “Pandemiya zamanı COVID-ə yoluxanların 40%-də qoxu hissi itib və yarısı sonradan sağalıb. Xüsusi cihazlar qoxu itkisinin səviyyəsini müəyyən etməyə kömək edir. Biz qoxu duyğusunun zədələnmə dərəcəsini müəyyən edərək, bir il ərzində araşdırma apardıq. Əldə edilmiş məlumatlara əsasən, nevroloqlarla birlikdə müxtəlif aromalardan istifadə edib, sinir sisteminin funksiyalarına təsir edən və yeni sinir əlaqələri formalaşdıran simulyator yaradıldı.

Eşitməni itirənlərə gəlincə, qulaq pərdəsi deşik olan xəstələrin 70%-də eşitmə siniri pozulur. Sinir hüceyrələri bərpa olunmadığından eşitmə qabiliyyətini əməliyyatla bərpa etmək mümkün deyil. Bütün hallarda sağlam həyat tərzi yaşamaqla qrip viruslarına qalib gəlmək və sadaladığım problemlərdən uzaq durmaq olar”. 

Vəli Həsənov,

KONKRET.az

Seçilən
450
29
konkret.az

10Mənbələr