Azərbaycan dünyada müstəqil siyasət yürüdən bir ölkə imici qazanıb. Azərbaycanın dünyada qarşı-qarşıya duran qütblərlə eyni səviyyədə əməkdaşlığı xarici müşahidəçilərdə belə təəccüb və maraq doğurur. Azərbaycan dövlət kimi qlobal Qərblə enerji daşıyıcıları sahəsində, hərbi sahədə əməkdaşlıq edərkən, eyni zamanda qlobal Cənub, Şərq adlandırılan qütblə eyni müvəffəqiyyətlə nəqliyyat dəhlizləri, ticarət sahəsində əməkdaşlığını artırır, strateji tərəfdaşlıq müqavilələri imzalayır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, Rusiya və Ukrayna arasında gedən müharibəyə baxmayaraq Azərbaycan Ukraynanın haqlı mövqeyini dəstəklədiyini açıq ifadə etməklə, yardımlar etməklə yanaşı Rusiya dövləti ilə strateji tərəfdaşlıq münasibətlərini davam etdirir. Bu, çox vektorlu praqmatik siyasətin bariz nümunəsidir.
Son günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticəsi kimi SOCAR-ın Qazpromla razılaşması sonrası Ukrayna tərəfində SOCAR-a qarşı kampaniyanın başlaması təbii ki, Azərbaycan və Ukrayna arasında münasibətləri pozmaq istəyən qüvvələrin əməlləridir:
"Hər kəsə bəllidir ki, Azərbaycan və SOCAR-ın Ukrayna üçün etdikləri əslində, Rusiyanı qıcıqlandırmaq, Azərbaycana qarşı mövqe alması gözə alınaraq edilib. Azərbaycan Ukraynaya 100 milyon dollardan çox yardım edib. Müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyası üçün əlindən gələni edib, indi də edir. SOCAR-ın Ukrayna üçün etdikləri isə ölçüyə gəlmir. Pulsuz olaraq yanacaq paylanmasından tutmuş dəyişməsinə ehtiyac duyulmayan bir çox hallara kimi, bununla belə, Azərbaycanın heç kəsə borcu, öhdəliyinin olmadığı halda.
Azərbaycan 30 il torpaqlarının işğal altında olduğu zaman heç kəsdən, o cümlədən Ukraynadan hansısa əməli dəstək görməyib.
Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sarkisyanın Ukraynaya səfəri, Ukrayna prezidenti ilə görüşləri zamanı (2011) Azərbaycan buna isterik reaksiya verməyib, çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi, necə ki bu gün Azərbaycanın öhdəliyi yoxdur" .
Cavid