AZ

Göz yaşları içərisində barış...

Haylar Paşinyanın sülh masasına bu cür gələcəyini deyirlər

İkinci Qarabağ müharibəsində biabırçılıqla məğlub olan Ermənistan bir-iki aya sülh müqaviləsini imzalayacağına söz vermişdi. Lakin Qərb ölkələrinin Ermənistana ayaq açan emissarları bu məsələ ilə bağlı manipulyasiya etməyi, yəni sülhdən yayınmağı, vaxtı mümkün qədər uzatmağı tapşırdılar. Hər zaman ağasına sadiq qul kimi xidmət göstərən başıpozuq erməni toplumunun başçıları üç ildən artıqdır ki, gələcəkdə baş verəcəklərin fərqinə varmadan bu əmri yerinə yetirməkdədirlər. Paşinyan təkcə bizi deyil, öz haylarını da aldatmaqla məşğul olur. Yəni, saxta vətənpərvərlik jestləri  göstərməklə özünü dövllət başçısı kimi aparmağa çalışır. Bu isə alınmır. Artıq haylar da bunu başa düşür və baş nazirin dayaz düşüncəsinə istehza edirlər.

“Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının son iclaslarının birində partiya üzvlərinə sülh müqaviləsi layihəsinin razılaşdırılmamış müddəaları təqdim edilməyib. Lakin “Ermənistanın nəyin bahasına olursa-olsun, onu imzalamağa hazır olması” başqa formada təqdim olunub. Partiya üzvlərinə Azərbaycanı “küncə sıxışdıracaqları”, “onu fakt qarşısında qoyaraq təcavüzkar kimi təsvir ediləcəyi” vəd edilib.

 Bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nikol Paşinyanın tələsik “sülh sənədi” imzalamaq istəyinin arxasındakı gerçək məramın sülhdən çox bəd niyyətdən qaynaqlandığı artıq tam üzə çıxmaqdadır. Şəkk-şübhəsiz,  baş nazir bununla özünü və kapitulyant ölkəni “ən sülhpərvər”, “ən demokratik” tərəf kimi beynəlxalq birliyə sırıyıb “sudan quru çıxmağa”, yəni Bakını hədəfə gətirib ona hansısa təzyiqlərin ediləcəyinə ümid bəsləyir və minvalla da əlavə siyasi dividendlər gözləyir. Məsələn, sürətlə silahlanma məsələsində “məntiq”  belədir: “Baxın, Azərbaycan sülh müqaviləsindən yayınır. Odur ki, Ermənistana özünümüdafiə üçün təcili müasir silahlar vermək lazımdır”...

Əlbəttə ki, bu primitiv oyunu Baklıda çoxdan anlayıblar. Bu, Paşinyanın özünə badalaq gəlməkdən başqa bir şey deyil. Azərbaycana, regona isə oyun yox, dayanıqlı sülh sazişi lazımdır. Beləliklə, bölgəyə əmin-amanlıq gələrsə, kommunikasiya xətləri açılacaq, yeni müharibə təhlükəsi minimuma enəcək, region xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Bizim tək hədəfimiz budur.

Azərbaycan bu istəyini  daim bəyan edir. Qalan məsələlər Ermənistanın özünü necə aparmasından asılı olacaq. Çünki dünənədək Cənubi Qafqazın yeganə işğalçı ölkəsi o olub, Azərbaycan və Gürcüstan yox. 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən hələ də dərs götürməyən, qonşularına qarşı torpaq iddialarına davam edən də (Gürcüstanda ermənilər yaşayan Cavaxetiya daxil) yenə odur – kapitulyant ölkə.

Bəs az qala dünyanın yarısının başını öz yalanları ilə qatan Ermənistan rəhbərliyi nəhayət, sərhədlərin toxunulmazlığını qəbul edəcəkmi, beynəlxalq sülhə hörmət etməyi öyrənəcəkmi? Vaxt itirmədən, tarixi şansı buraxmadan öz xalqına bunu təlqin edib onu böyük sülhə hazırlayacaqmı? Axı dövlətlərarası anlaşmaların təməl şərti budur. Bu isə ilkin çərçivə sənədində Ermənistanın üzərinə konkret öhdəliklərin qoyulması mənasına gəlir. Misal üçün, COP 29-dək imzalanacağı istisna edilməyən həmin sənədlə rəsmi İrəvan belə bir öhdəlik götürür ki, konkret zaman kəsiyində öz konstitusiyasından Azərbaycana və Türkiyəyə ərazi iddiaları ilə bağlı müddəaları çıxaracaq. Paşinyan hökuməti, ümumən erməni cəmiyyəti buna hazırdırmı? Xeyr, hazır deyil. Paşinyan hökuməti  konstitusiyada dəyişikliklərə üç ildən sonra baxılacağını, yəni referendum keçiriləcəyini bildirib. Bu yenə də vaxtla manipulyasiya etmək deməkdir. Bu, işğalçı ölkənin Azərbaycana və Türkiyəyə ərazi iddialarından əl çəkmədiyini açıq göstərir. Daşnak rəhbərliyi sərsəm ideyalarına sadiq qalmağı, üç il müddətində silahlanmağı, 2020-ci ildə darmadağın edilmiş ordusunu gücləndirməyi, onu yeni hərbi texnika ilə təmin etməyi və Azərbaycanla diktə dilində danışmağı qarşısına məqsəd qoyub. Buna görə də hazırda Fransadan və Hindistandan silah almaqla məşğuldur. Azərbaycan rəhbərliyi isə yenə də səbir və təmkin göstərir, sülhə gəlməyi təkid edir. Ancaq oyuncaq hökumətin gözləri ağalarının ağzına dikilib və oradan çıxacaq göstərişləri gözləyir. Əgər Azərbaycanın şərtləri yerinə yetirilməsə "dəmir yumruq" başlarının üzərində olacaq. Əslində Ermənistan məğlub tərəf kimi sülhə daha tez gəlməlidir. Amma əksinə, Ermənistan silahlı qüvvələri dünən Azərbaycan Ordusunun Naxçıvanda dislokasiya edilən hissələrinin mövqelərinə atəş açmışlar. Bu da sülhə ermənisayaq "hazırlıq". Nəhayət, Ermənistan rəhbərləri ağlını başına cəmləyib düzgün qərar qəbul etməlidir. Belə olmasa onda yeni müharibəni gözünün altına alsın. Yeni müharibədə isə Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşəcək və keçən müharibədən qalan yarımçıqlar başa çatdırılacaq.

Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın pozucu hərəkətlərini pisləyən bəyanat yayıb. Bizə isə hələlik qarşı tərəfin cavabını gözləmək qalır.

Vəli İlyasov, "İki sahil"

Seçilən
173
26
ikisahil.az

10Mənbələr