Bunu isbat edən bir neçə faktı nümunə göstərmək olar
“Ukrayna öz ərazisindən keçən "Qazprom" qazına etiraz edə bilmirsə, şərait yaradırsa, SOCAR-la Rusiyanın qaz anlaşmasına niyə etiraz etməlidir ki?!”
Ukraynada Azərbaycana - SOCAR-a qarşı anormal bir kampaniya başlayıb. “Qazpromla” əməkdaşlığını bəhanə edərək, SOCAR-ı boykot etmək barədə mediada qara piar aparılır.
Hansı ki, SOCAR Ukraynada müharibə başlayan gündən təcili yardım, yanğınsöndürən maşınlarını fors-major hallarda didərgin düşmüş ailələrin maşınlarını yanacaqla təmin edib. Azərbaycan balanslı mövqe tutaraq daim Ukraynaya humanitar yardımlar göndərib, xeyli sayda ukraynalı uşağı reabilitasiya üçün Heydər Əliyev Fondu Azərbaycana gətirib. Soydaşlarımız Ukraynada döyüşürlər, 50-dən çox azərbaycanlı müharibədə həlak olub, 200-dən çoxu yaralanıb. Digər bir məsələ odur ki, Ukrayna özü "Qazprom"la əməkdaşlığını bu gün də kəsməyib! Ən əsası, Azərbaycan Ukrayna-Rusiya arasında sülh əldə edilməsi üçün balanslı bir tərəf kimi ümid yeridir və bu təşəbbüslə çıxış etmək niyyəti də mövcuddur.
Azərbaycan Ukraynada müharibə başlayandan bəri bu ölkəyə dəstək nümayiş etdirib. Onun ərazi bütövlüyünü ən müxtəlif tribunalarda dəstəkləyib. Bundan əlavə, Ukraynanın müharibədən əziyyət çəkən bölgələrinə hərtərəfli yardımlar göstərib. Yəni indiyədək heç vaxt Ukraynaya zərbə olacaq heç bir işə əl qoymayıb. Ukraynalı ekspertlər və erməni təsiri altında olan media, müxtəlif ranqlı mütəxəssislər isə Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar, nə də SOCAR-ın humanitar fəaliyyəti və s. haqda danışmayıblar.
Azərbaycan torpaqlarını işğal edən Ermənistana Ukraynanın verdiyi önəm yaddan çıxmamalıdır. Bu gün Vladimir Putinin Azərbaycana səfərinə görə bizi tənqid edən Ukrayna sosial seqmenti nədən torpaqlarımızın işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sarkisyanın Ukraynaya səfərinə heç bir reaksiya verməyib. Onun Ukrayna prezidenti ilə görüşləri zamanı Azərbaycan isterik reaksiya verməyib, çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi, necə ki bu gün Azərbaycanın öhdəliyi yoxdur. Amma bizdən fərqli olaraq Ukraynada indi bəziləri düşünürlər ki, Azərbaycan Ukraynaya görə öz balanslı siyasətindən imtina etməli və mehriban qonşuluq siyasətindən əl çəkməlidir.
Siyasi şərhçi Aydın Quliyevin “Sherg.az”a açıqlamasına görə, Ermənistan mediasında bununla bağlı müntəzəm və şişirdilmiş informasiyaların həvəslə tirajlanması aydın göstərir ki, "işdə erməni barmağı var". Onun sözlərinə görə, ermənilər Ukraynada qeydiyyatdan keçmiş saxta sosial şəbəkə səhifələrindən cəmiyyətə çağırışlar edir, ukraynalıları SOCAR- ın bu ölkədəki yanacaqdoldurma məntəqələrinin xidmətindən imtinaya çağırırlar:
“Putinin Bakı səfərindən və "Qazprom"un Azərbaycanla çoxplanlı strateji partnyorluğu genişləndirmək barədə məlumatından sonra ermənilər kampaniyanı daha da canlandırıblar. Putinin Bakıda mehriban qarşılanmasından guya qeyzlənmiş ukraynalılar, əslində isə ermənilər kampaniyaya "SOCAR- a 1 sent də verməyin" adı qoyublar..
Əslində, bu kampaniyanın özündə erməniləri ifşa edən məqam ondan ibarətdir ki, SOCAR-ın bu ölkədəki çoxsaylı YDM-nin aylardan bəri Ukraynanın təcili tibbi yardım və fövqəladə xidmət texnikasını pulsuz yanacaqla təmin etdiyini bilmədən qabartmış olurlar.
İkinci, hadisənin arxasında erməni barmaqlarının olduğunu bu fakt da sübut edir ki, sanksiyalardan yan keçərək Rusiyaya qeyri-şəffaf ixracı artıran Ermənistana qarşı Ukraynada dözüm göstərilir, ancaq Putin çox dəfələrlə gəldiyi Bakıya növbəti səfər edən kimi Azərbaycan və SOCAR top-tüfəngə tutulur. Azərbaycanla Rusiyanın ticarəti cəmi 17 faiz artaraq 4,5 milyard dollar təşkil etdiyi halda, Ermənistan-Rusiya ticarəti qısa vaxtda 3 dəfə sıçrayaraq 7,5 milyarda çatıb. Ermənistandan Rusiyaya ixrac niyə bu sürətlə artıb? Demək, Rusiya üçün nəzərdə tutulmuş və sanksiya altında olan hansısa mallar əvvəl Yerevana, sonra Rusiyaya daşınır. Bəs nə üçün Ukraynanın sosial şəbəkə aktivistləri Ermənistana qarşı kampaniya başlamır? Ukraynaya xüsusi səfər edən hansı ölkənin birinci ledisi idi? Ukraynada genosid törədildiyi deyilən qəsəbəni hansı ölkənin səfiri ziyarət etdi? Ukrayna üzrə beynəlxalq sülh konfransına hansı ölkənin baş naziri getdi? Sualların hamısının cavabı Ermənistandır. Güman edirəm, bunlardan sonra Ukraynadakı anti-Azərbaycan kampaniyasının kökünün haradan gəldiyinə şübhəniz qalmaz. Təki Ukraynanın siyasət və dövlət elitası bunu anlasın".
A.Quliyev həmçinin əlavə edib ki, SOCAR-ın “Qazprom”la razılaşmasına görə, Azərbaycan şirkətinə qarşı çirkin kampaniyaya başlamaq absurddur. Bunu isbat edən bir faktı nümunə göstərmək kifayətdir - Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb:
“Buna görə də bu günmə kimi pul alır. Dünyada gedən heç bir müharibədə buna rast gəlməmişik. Hətta son günlərin əsas müzakirə mövzusu olan Kursk ərazisindəki Sudja qazölçmə stansiyasının ukraynalıların nəzarətinə keçməsindən sonra da qaz nəqli davam edir. Elə Avropa İttifaqı və Ukraynanın özü Azərbaycandan “Qazprom”la əməkdaşlıq edərək Ukrayna ərazisindən Avropaya qaz nəqlini xahiş edib. Digər tərəfdən bu gün SOCAR-ı boykot etməyə çağıranlar unutmamalıdır ki, müharibə davam edən dövrdə məhz Azərbaycan şirkəti təcili tibbi yardım avtomobillərini təmənnasız şəkildə yanacaqla təmin edir və SOCAR-ın bu gün o bazarı tərk etməsinin ağrısını elə Ukrayna çəkəcək”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, Ukraynada bəzi ağılsız və düşüncəsiz şəxslər Azərbaycan-Ukrayna əlaqələrinə zərbə vurmağa çalışır, SOCAR-la bağlı boykot çağırışları edirlər:
"Yaxşı ki, Ukraynanın ağıllı və müdrik ictimai fikir liderləri bu kampaniyanın böyüməsinə imkan vermədilər, amma cəhdlər davam edəcək.
Əsas etiraz doğuran, hətta sadə, səmimi ukraynalıların fikrini qarışdıran məsələ SOCAR-ın “Qazprom”la bağladığı müqavilələrdir. Ukraynada bəziləri, əsasən də Ermənistanla yaxınlığı ilə seçilənlər bunu “xəyanət” kimi təqdim etməyə, ictimai fikri çaşdırmağa çalışdılar. Həqiqət budur ki, Azərbaycandan daha çox qaz istəyən Ukraynaya böyük dəstək verən Avropadır. AB ölkələri və strukturları Azərbaycandan 2027-ci ildə 20-21 mlrd. m3 qaz almaq istəyirlər – bizim o qədər qaz ehtiyatımız yoxdur, AB də bunu gözəl bilir, bizim hələ Gürcüstan və Türkiyə qarşısında da ümumən 6-8 mlrd. m3 arası illik qaz satmaq öhdəliyimiz də var. Ona görə də əlavə mənbələrə ehtiyac yaranıb, Türkmənistan-İran-Azərbaycan revers müqaviləsi var, indi də Rusiyadan əlavə daxili ehtiyaclarımız üçün qaz alıb, sərbəst qalan öz qazımızı da AB-yə satmaq kimi niyyət var. Bunun nəyi pisdir ki?! Birincisi, qaz Rusiyaya qarşı sanksiyalara salınmayıb, ikinci də, dediyim kimi, AB ölkələri və qurumları özləri bunda maraqlıdırlar.
Azərbaycan Rusiyada çox ucuz qaz alıb öz ehtiyacını ödəyib, AB-yə daha çox qaz satması elə Ukraynanın da marağındadır. Rəsmi Kiyev yaxşı bilir ki, qaz məsələsi AB üçün həssas məsələdir – 2,5 ildir Rusiya Ukraynaya təcavüz edib, işğal edir, bombalayır, dinc əhalini qırır, amma Ukrayna ərazisindən boru ilə Rusiya qazı kəsintisiz olaraq Avropaya nəql edilir, yəni Ukrayna öz ərazisindən keçən "Qazprom" qazına etiraz edə bilmirsə, şərait yaradırsa, SOCAR-la Rusiyanın qaz anlaşmasına niyə etiraz etməlidir ki?!”