Böyük Britaniyanın “The Economist” jurnalı “Big Mac” indeksi (The Big Mac index) barədə növbəti müqayisəni açıqlayıb.
Məlumata görə “Big Mac” üzrə indeksi Azərbaycanda 6 manat 15 qəpik, ABŞ-da isə 5 dollar 69 sent göstərilir.
Belə müqayisə əsaında dolların məzənnəsi 1 manat 8 qəpik səviyyəsində olmalıdır.
Bu isə hazırkı rəsmi məzənnədən - 1 manat 70 qəpikdən 36,4 faiz azdır.
“Big Mac” indeksi nədir və onun əsasında hesablanan məzənnələr realdırmı?
Əvvəlc qeyd edək ki, bu indeks "The Economist" jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır.
İndeks ABŞ-nin "McDonald's" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir.
Big Mac - küncütlü bulkanın arasında iki ədəd mal ətindən döyülmüş bifşteks, soğan, duzlu xiyar, Çedder pendiri, Aysberq salatı və xüsusi Big Mac sousundan ibarətdir.
Məhsulun tərkibində həmçinin, xardal, süd, soya, yumurta, qlüten, küncüt tumları da mövcuddur.
Bu məhsulda zülal 28 qram, yağlar 28 qram, karbohidrat 48 qram təşkil edir.
Hazırda McDonaldsın dünyanın 120-dək ölkəsində 32 mindən çox satış mərkəzinin olduğu bildirilir. Bu mərkəzlərin hamısında eyni tərkib və eyni resept əsasında hazırlanmış hamburgerlər satışa çıxarılır.
Hamburgerlərin tərkibində olan bulka məmulatı, ət, pendir, tərəvəzlər, işçilik və kommunal xərclər müxtəlif ölkələrdə müxtəlif qiymətlərdə olduğundan burgerlərin satış qiyməti də fərqli olur.
İndeksin köməyi ilə valyutanın alıcılıq qabiliyyəti müəyyən edilir və əsas baza göstəricisi kimi ABŞ-da satılan “Big Mac”-ın qiyməti götürülür.
Əgər ölkədə “Big Mac”-ın qiyməti bu həddən yüksəkdirsə deməli, həmin ölkənin valyutasının real dəyəri çox aşağıdır və hökümətlər tərəfindən yüksək məzənnə tətbiq edilir.
Yox əgər “Big Mac” ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Son hesabata görə iyulda ABŞ-da adıçəkilən hamburgerin qiyməti 5,69 dollardır və Azərbaycanda hazırkı məzənnə ilə qiymət 9 manat 67 sent təşkil etməlidir.
Halbuki McDonaldsın Bakıdakı restoranlarından əldə etdiyimiz məlumata görə Big Mac burgeri 5 manat 95 qəpik və ya 3 dollar 50 sentdir.
Başqa sözlə ABŞ-da 5 dollar 69 sentə satılan eyni məhsulu Azərbaycanda 3 dollar 50 sentə almaq olar.
Modern.az xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Big Mac indeksi kimi yanaşmalardan ölkələrdə alıcılıq qabiliyyətinin müqayisə edilməsində istifadə edilsə də bu indekslər mükəmməl müqayisə vasitəsi kimi istifadə edilə bilməz. çünki çox az parametrləri özündə əks etdirir. Bu bir neçə məhsulun qiymətlərini özündə əks etdirməklə ortaya çıxmış müqayisə formasıdır. Bu məhsulların hansı ölkələrdə daha çox yerli istehsal hesabına təmin edilməsi, müqayisəli üstünlüyə malik olan sahələrə aid olub-olmaması, ticarət marjaları, vergi səviyyəsi, əmək haqqı və s. Big Mac-ın formalaşmasına təsir edən amillərdir. Bunları nəzərə alanda bu məhsulların qiyməti müxtəlif ölkələrdə fərqli şəkildə formalaşır. Buna görə də təəcüb doğuran hal ortaya çıxır. Əslində valyutanın alıcılıq qabiliyyəti minlərlə adda məıhsulun qiymətinə münasibətdə hesablanmalıdır. Bir neçə məhsulun qiyməti əsasında belə müqayisələrin aparılması tam dolğun mənzərə yaratmır, sadəcə trendləri göstərir.
Yeri gəlmişkən Big Mac-ın ən baha satıldığı ölkə İsveçrədir - 8 dollar 7 sent. Sonrakı yerlərdə Uruqvay. Argentina və Avrozona ölkələri qərarlaşıb.