2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Xaçmaz rayonu, Hacıəlibəy kəndində seçicilərlə görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
M.Balaqadaşov Yeni Azərbaycan Partiyasının bundan əvvəl keçirilən bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, bu dəfə də partiyanın möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz nailiyyətlərə imza atıb: “Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin edilib”.
Mahir Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Abasyar Heydərov və digərləri çıxış ediblər. Qeyd olunub ki, 2024-cü ilin fevral ayında keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə həyata keçirilən siyasətə, Ulu Öndər Heydər Əliyev yoluna dərin inamını bir daha nümayiş etdirib. Vurğulanıb ki, qarşıdan gələn parlament seçkilərində də YAP-ın qələbə şansları çox yüksəkdir.
Həmin gün deputatlığa namizəd Mahir Süleymanlı həmçinin, Şabran şəhərində gənclər, o cümlədən idmançılar və tələbələrlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qeyd edib ki, Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir: “Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir”.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı qeyd edib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir: “Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlət gənclər siyasəti mühüm rol oynayır. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsi zəruridir”.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Zeynal Zeynalov və digərləri çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin daha da inkişafı naminə ilk dəfə səs verəcək seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklər.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.