AZ

Dövlət torpaqlarının icarəyə verilməsinin əsas xüsusiyyətləri -Aysu Nəbizadə yazır » AzadMedia.az


Dövlət torpaqları icarəyə verilərkən bu torpaqların təyinatı nəzərə alınmalıdır. Belə ki, qanunvericilikdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və digər torpaq sahələri üçün özünəməxsus qaydalar mövcuddur. Ümumilikdə, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər.

1.Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə Torpaq İcarəsi haqqında Qanunun 10-1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir və ərizəyə qanunla nəzərdə tutulan bir sıra sənədlər əlavə edilir. Burada “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur. İcarə müqaviləsi isə bu torpaqlara münasibətdə həmin orqanlarla bağlanılacaqdır.

Bu prosesdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir:
torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir.
torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və qanunda nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) informasiya sistemi vasitəsilə göndərir.

Burada isə razılıq verməli olan qurum kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilən torpaq sahələrinə münasibətdə) nəzərdə tutulmuşdur.
Növbəti mərhələdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir.

Ən son mərhələ kimi rayon(şəhər) icra hakimiyyəti orqanı icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsində digər məsələ kənd təsərrüfatı təyinatlı olmayan torpaq sahələri ilə bağlıdır. Burada artıq icarəyə verilmə ilə bağlı bilavasitə qərar qəbul edilir. Belə ki, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərartorpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.

Burada “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər.
Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Burada “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlara) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin maddədə nəzərdə tutulmuş digər torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

Yəni burada icarəyə verilməni həyata keçirən orqan torpaq üzərində tikilinin olub-olmaması kimi bir sıra xüsusiyyətlərdən asılı olaraq dəyişəcəkdir. Torpaq üzərində müəssisə və obyekt yerləşdikdə icarəyəverən qismində Əmlak Məsələləri Dövlət Xidməti, digər torpaqlarda isə rayon (şəhər) icra hakimiyyəti orqanı çıxış edəcək.

Təcrübədə meydana gələn mübahisələr bu müqavilələrin kimlə bağlanılmalı olmasının müəyyən edilməsi, yaxud müqavilə tərəfinin sonradan dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlıdır. Belə ki, ola bilər ki, müqvailə bağlanan zaman tikilmiş hər hansı müəssisə olmaması əsasından müqavilə icra hakimiyyəti ilə bağlanılmış olsun. Daha sonra isə torpaq üzərində müəssisə və ya obyekt tikilsin. Belə situasiyada müqavilə tərəfi ilə bağlı məsələ necə tənzimlənəcək?

Qeyd edilən qanunvericilik aktlarında, o cümlədən bu münasibətləri tənzimləyən digər hüquqi aktların təhlili göstərir ki, tikili olmadan icra hakimiyyəti ilə bağlanılan müqavilədən sonra həmin torpaqda obyekt və ya müəssisə tikilərsə, icarə müqaviləsinin tərəfi Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsinə dair hər hansı müddəa və tənzimləmə də mövcud deyildir. Daha sonra İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında 629 nömrəli Prezident Fərmanının 2-ci bəndində qeyd edilir: “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış müqavilələri təhlil etsin və mövcud qanunvericiliyə zidd olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görsün”. Fərmanın müvafiq müddəasının təhlili göstərir ki, İqtisadiyyat Nazirliyi üzərinə imperativ qaydada İcra Hakimiyyətləri ilə bağlanılan müqavilənin cavabdehlə bağlanılacaq müqavilələrlə əvəz edilməli olması vəzifəsi qoymamışdır. Sadəcə müqavilələrin təhlil edilməsi və pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görülməli olduğu qevd edilmişdir.

Bununla da, demək mümkündür ki, ilk müqavilə tikili olmadıqda rayon(şəhər) icra hakimiyyət orqanları ilə bağlanılsa da, sonradan tikilən müəssisə və idarənin mövcudluğu halında müqavilə tərəfinin əvəz edilməsi məqsədəuyğun deyildir. Çünki, yeni bir müqavilənin bağlanması üçün əvvəlki müqavilə etibarsız olmalıdır. Belə situasiyalarda icra hakimiyyəti ilə bağlanmış müqavilələrin hüquqi və qanuni əsası vardır.Bundan əlavə olaraq oxşar məhkəmə təcrübəsində də bu mübahisələrdə eyni predmet barədə iki müqavilənin bağlanması da qanunvericiliyin tələbləri baxımından mümkün

Aysu Nəbizadə
Azərbaycan Respublikası Audiovizual Şurasının hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi
Seçilən
123
18
azadmedia.az

10Mənbələr