Rusiya Dövlət Statistika Komitəsi - Rosstat ölkədə neft məhsullarının istehsalı ilə bağlı məlumatların dərcini tamamilə dayandırıb.
Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, bu, ölkədə sənaye istehsalının dinamikası ilə bağlı son hesabatdan aydın olur.
O cümlədən, agentlik artıq dizel yanacağı, soba mazutu, mayeləşdirilmiş propan və butan, koks və kömürdən yarımkoksun aylıq istehsal həcmi barədə məlumatları açıqlamır. Həmçinin hesabatda stabil qaz kondensatının hasilatı ilə bağlı məlumat da verilmir.
Rosstat hesabatda "neft məhsullarının istehsalı ilə bağlı məlumatların Rusiya hökumətinin qərarı əsasında dərc olunmadığını" açıqlayıb.
Bildirilir ki, Rosstat yalnız koks və neft məhsulları istehsalının aylıq dinamikasını dərc edəcək. Komitənin məlumatına görə, iyulda belə məhsulların istehsalı iyun ayı ilə müqayisədə 7,2 faiz artsa da, 2023-cü ilin iyul ayına nisbətən 2,7 faiz azalıb. Yeddi ay ərzində Rusiyada koks və neft məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalıb.
Qeyd edək ki, mayın sonunda Rosstat Rusiyada avtomobil benzininin istehsalı ilə bağlı statistik məlumatların dərcini dayandırıb. Energetika Nazirliyinin qərarına əsasən, mövcud geosiyasi vəziyyət fonunda “belə məlumatların açıqlanması vicdansız iştirakçılar tərəfindən bazar manipulyasiyasına səbəb ola bilər”.
Rusiyanın neft, neft məhsulları istehsalının həcminə dair məlumatları açıqlamamasında əsas məqsəd OPEK+ razılaşması çərçivəsində ölkənin üzərinə götürdüyü hasilat limitini aşdığını gizləştməkdir. Mart ayından bəri müstəqil təşkilatlar ixrac və daxildə neft məhsulları istehsalına dair rəqəmlər əsasında Rusiyanın limitdən bir neçə yüz min barel neft hasil etdiyini sübut ediblər. Nəticədə, Moskva 2024-2025-ci illərdə artıq həcmlərin əvəzini ödəmək üçün hasilatı azaltmaq öhdəliyi götürməyə məcbur olub.
Musavat.com