AZ

“Ermənistana rəsmi dəvət göndərmək, AŞPA üzvlərinə isə “ermənipərəst” deyib ölkəyə buraxmamaq?!”

Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən şəxsləri “arzuolunmaz şəxslər” siyahısına salıb.Bu barədə Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə almaniyalı deputat Frank Şvabeninin “Azadlıq” radiosuna müsahibəsində səsləndirdiyi fikirlərə reaksiya verərkən bildirib.Frank Şvabe müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını və rəsmi Bakının AŞPA-nın Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına iradını bildirmişdi və Azərbaycandakı idarəetməni Sovet İttifaqına bənzətmişdi.XİN rəsmisi Ayxan Hacızadə isə deyilənləri qərəzli sayıb.AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib.“Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir”, deyə o, X sosial şəbəkəsində yazıb.AŞPA prezidenti Teodor Russopulos Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda persona non-qrata elan edilməsi ilə bağlı bəyanatına cavab verib.“Bu, sadəcə olaraq, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirən və təəssüf doğuran siqnaldır. Üzv dövlətlər özlərini demokratiya standartlarına riayət etmək öhdəliyini götürüblər. Odur ki, öz vicdanlarına uyğun olaraq səs verənləri qara siyahıya salmaq yalnız əks nəticəyə gətirib çıxara bilər. ”, - Russopulos X platformasındakı hesabında yazıb.Mövzu ilə bağlı Hüquq Platformasının həmtəsisçisi və Vətəndaş Hüquqları İnstitutunun sədr müavini Samir Kazımlı ASTNA-nın suallarına cavab verib.* * *Sual: Samir bəy, rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən şəxsləri “arzuolunmaz şəxslər” siyahısına salıb. Bu nə dərəcədə düzgün addımdır?Cavab: AŞPA həm də 46 ölkənin təmsilçisi olan beynəlxalq bir platformadır. Orada təmsil olan ölkələrin əksəriyyəti inkişaf etmiş və dünya siyasətinə təsir edən ölkələrdir. Belə bir qurumla münasibətləri gərginləşdirmək, pisləşdirmək Azərbaycan kimi ölkələrə xeyir gətirməz.Azərbaycan özü Avropa Şurasına üzv olub və öhdəliklər götürüb. AŞPA-da bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı monitorinqlər həyata keçirir. Azərbaycan isə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirdi. Bu barədə illərdir ki, Azərbaycan hakimiyyətinə yerli və beynəlxaq ictimaiyyət çağırışlar edirdi.Öhdəlikləri yerinə yetirməmək və bu haqda AŞPA-da danışılmaması üçün isə Azərbaycan hakimiyyətinin AŞPA üzvlərinin rüşvətlə ələ alınması faktları da ortaya çıxdı. Azərbaycan hakimiyyəti AŞPA-da luka volonteləri, pedro aqramuntları ələ almaqla AŞPA-da bir müddət istəklərinə nail ola bildi və bu, hakimiyyəti arxayınlaşdırmışdı. Amma sonra AŞPA-da Azərbaycan hakimiyyətinin əla aldığı adamlar ifşa edildi. Bununla da Azərbaycan hakimiyyətinin AŞPA-dakı işi çətinləşdi. Azərbaycan hakimiyyəti ya Avropa Şurası qarşısında üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməli idi, ya da bunun əksini etməli idi. Təəssüf ki, sonuncusu baş verdi. AŞPA-da məlum addımları atdı.Noyabrda Azərbaycanda COP29 keçiriləcək. Bu tədbirlə əlaqədar Azərbaycana xeyli sayda dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin, diplomatların, jurnalistlərin və s. sahədən olan insanların gələcəyi gözlənilir. Belə bir vaxtda Azərbaycan tərəfinin Avropa məkanında əsas təşkilatlardan birinin Parlament Assambleyasının üzvlərinin “arzuolunmaz şəxslər” siyahısına salınması nə dərəcədə doğrudur? Bu adamlar Azərbaycana nə ediblər? Onlar sadəcə Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirmədiyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatını dondurublar ki, bəlkə Azərbaycan tərəfi bundan sonra öhdəliklərə əməl edər. Bu, həm də bir prosedurdur.AŞPA ilə münasibətləri pisləşdirmək yox, yaxşılaşdırmaq lazımdır. Düşünürəm ki, AŞPA-nın bəzi üzvlərinin “arzuolunmaz şəxslər” siyahısına salınması doğru deyil. Xüsusilə COP29 öncəsi bu yaxşı görünməyəcək.Necə olur ki, uzun illər Azərbaycanla müharibə aparmış, müharibə şəraitində olmuş, hərbçiləri 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlamış və hələlik aralarında sülh müqaviləsi imzalanmamış Ermənistana COP29-da iştirak üçün dəvət göndərilir, amma AŞPA üzvlərinin bəziləri “arzuolunmaz şəxslər” siyahısına daxil edilir.Mən COP29-la bağlı Ermənistana dəvətin göndərilməsinin əleyhinə deyiləm. Sadəcə müqayisə apardım. Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasının lehinə səs verənlərin, o cümlədən AŞPA-nın almaniyalı deputatı, həmin qətnamənin müəllifi Frank Şvabenin “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi haqda məlumatı Frank Şvabenin “Azadlıq” radiosuna müsahibəsindən və o müsahibədə Şvabenin COP29 çərçivəsində Azərbaycana səfər etmək niyyətində olduğunu deməsindən sonra yaydı.Azərbaycan hakimiyyətinin nəzarətində olan mediada Şvabeni ermənipərəst kimi də təqdim edirlər. Sual yaranır: rəsmi Bakı COP29-la bağlı Ermənistana dəvət göndərdiyi halda Şvabenin və digər AŞPA üzvlərinin COP29-a gəlməsini niyə əngəlləyir? Hakimiyyətin bu məntiqi ilə Ermənistana da dəvət göndərilməməli idi. Deməli məsələ ermənipərəstlik yox, insan haqları ilə bağlıdır. Çünki, Şvabe həmin müsahibəsində deyib ki, Bakıya gələndə insan haqlarından danışacaq.  Sual: Frank Şvabe Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını və rəsmi Bakının AŞPA-nın Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına iradını bildirmişdi. Prezident seçkilərində AŞPA nümayəndə heyətinin dəvət olunmaması Azərbaycanın AŞPA-da fəaliyyətinin dondurulması ilə nəticələndi. Buna baxmayaraq bu dəfəki seçkilərə də AŞPA dəvət olunmayıb və hətta “arzuiolunmaz şəxslər” kimi xarakterizə olunub. Azərbaycanın dəvət göndərməməsi bu dəfə nə ilə nəticələnə bilər?Cavab: Təəssüf ki, bu Azərbaycanın Avropa Şurası ilə münasibətlərini daha da soyudacaq. Əgər Azərbaycan hakimiyyəti yaxın gələcəkdə münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmasa, münasibətlər daha da pisləşə bilər. Getdikcə Azərbaycan bir beynəlxalq platformadan uzaqlaşa bilər.Məncə, AŞPA-nın məlum qətnaməsi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində addımlar atmasına bir çağırış idi. Sadəcə bu dəfə bu sərt formada edildi. Azərbaycan hakimiyyəti isə öhdəlikləri yerinə yetirməmək siyasətini aparacaqsa, Avropa Şurasında və digər beynəlxalq qurumlarda Azərbaycan barəsində əməkdaşlıqdan qaçan, öhdəliklərini yerinə yetirmək istəməyən, insan haqlarına hörmət etməyən ölkə imici yarana bilər. Bu da ölkəmiz üçün yaxşı hal olmayacaq.   Sual: “Arzuolunmaz şəxslər” davası Azərbaycana nə verəcək?Cavab: Məncə, bu məsələni daha çox ziyanlı tərəfləri olacaq. Azərbaycan bir tərəfdən beynəlxalq bir tədbirə - COP29-a ev sahibliyi etmək istəyir, digər tərəfdən isə başqa bir beynəlxalq təşkilatın - AŞPA üzvlərini “arzuolunmaz şəxslər” hesab edir.Həmçinin, COP29-la bağlı 30 ildən çoxdur ki, düşmən münasibətdə olduğu və aralarında heç bir diplomatik əlaqələr olmayan Ermənistana rəsmi dəvət göndərir, amma AŞPA-nın bir qrup deputatını ermənipərəst hesab edərək “arzuolunmaz şəxslər” siyahısına salırlar.  Yaxşı olar ki, bu ziddiyyətlərə, anlaşılmazlıqlara Azərbaycan hakimiyyəti nümayəndələri aydınlıq gətirsinlər.COP29-a gələn qonaqlar, o cümlədən jurnalistlər Azərbaycan rəsmilərinə bu kimi sualları ünvanlasalar, hansı izahı, cavabı verəcəklər? Ona görə də ən azı belə suallarla üzləşməmək üçün ağlabatan addımlar atılmalıdır.  Sual: AŞPA prezidenti Teodor Russopulos deyib ki, bu, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirir. Azərbaycan bunu bilərəkdən edirmi?Cavab: Azərbaycanda bəzi insanlarda belə bir ümid var idi ki, bu dəfəki parlament seçkiləri əvvəlki seçkilərlə müqayisədə normal keçiriləcək və bu da AŞPA ilə münasibətlərin yaxşılaşması üçün səbəb olacaq. Təəssüf ki, bunun əksi baş verir. Və bu təsadüfən baş verənə oxşamır, daha çox məqsədli baş verdiyi hiss olunur. Niyə belə edilir? Bu suala dəqiq cavab tapmaq çətindir. Bu suala bu vəziyyəti yaradan hakimiyyət cavab verməlidir.Sual: AŞPA Azərbaycana lazım deyilmi?Cavab: Sualı genişləndirib belə də qoymaq olar: AŞPA Azərbaycana lazımdır, yoxsa Azərbaycan AŞPA-ya? Azərbaycan özü Avropa Şurasına üzv olub və onun Parlament Assambleyasına nümayəndə heyəti göndərib. Azərbaycan Avropa Şurasına üzv olması indiki hakimiyyətin dövrünə təsadüf edib və o vaxt hakimiyyət bunu böyük uğur kimi təqdim edirdi.Avropa Şurasının standartları var. Üzv ölkələr üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün addımlar atmalıdırlar.Azərbaycan uzun illərdir ki, öhdəliklərini yerinə yetirməklə bağlı AŞPA-nın monitorinqi altındadır. Azərbaycanın adı Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı mənfi hallarda çəkilir. AŞPA-dakı kürü diplomatiyasında və deputatların rüşvətlə ələ alınmasında da Azərbaycanın adı hallandı. Və nəhayət Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyəti dondurulandan sonra baş verən gərginlik. Amma bütün bunlara baxmayaraq AŞPA-dakılar istəmirlər Azərbaycan bu qurumdan uzaqlaşsın, kənarda qalsın. Ona görə yox ki, onların Azərbaycana böyük ehtiyacları var. Ona görə ki, onlar istəmirlər ki, Azərbaycan insan hüquq və azadlıqları baxımından geridə qalsın. Məncə, Avropa Şurası istəyir ki, Azərbaycan inkişaf etsin. Bunun üçün Avropa Şurası Azərbaycan hökuməti ilə proqramlar da həyata keçirib. Avropa Şurası tərəfindən Azərbaycanda ədliyyə, səhiyyə, məhkəmə-hüquq sisteminin və digər sahələrin yaxşılaşdırılması üçün vəsaitlər ayrılıb. Düzdür, o proqramların çoxu nəticəsiz olub. Bu özü başqa bir mövzudur.    Ola bilsin ki, bu gün Azərbaycan hakimiyyətinə AŞPA lazım deyil,  Amma Azərbaycan vətəndaşlarının yaxşı, firavan yaşaması üçün Azərbaycanın AŞPA-ya ehtiyacı var.Sual: Münasibətlərin normallaşması üçün hər iki tərəf hansı addımlar atmalıdır?Cavab: Avropa Şurasının rəsmilərinin və AŞPA nümayəndələrinin açıqlamalarından hiss olunur ki, onlar Azərbaycanın bu qurumdan kənarda qalmasına maraqlı deyil.Bu məsələdə ən çox adı hallanan Frank Şvabenin “Azadlıq” radiosuna verdiyi müsahibədən hiss olundu ki, o da Azərbaycanın AŞPA-ya qayıtmasını istəyir. Həmçinin o, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinin dondurulmasından sonra Azərbaycanın müsbətə doğru addımlar atacağına ümid edirmiş. Lakin bunun əksi baş verib və yeni həbslər olub. Dolayısı ilə o etiraf etdi ki, bu ona təsir edib və o təsirlər altında X platformasında Azərbaycan hakimiyyətinə qarşı sərt paylaşımlar edib.Frank Şvabe həmin müsahibəsində Azərbaycandakı mənfi hallar haqda danışanda cümlələrinə “təəssüf ki” sözləri ilə başlayır. Bu o deməkdir ki, Azərbaycandakı mənfi hallara görə o da təəssüflənir.Düşünürəm ki, Azərbaycan hakimiyyəti insan haqları və seçki məsələsində yaxşılığa doğru addımlar atsa, AŞPA bunun müsbət qiymətləndirəcək və bununla da münasibətlərin yaxşılaşması istiqamətlərində irəlləyişlər ola bilər.Azərbaycan AŞPA üzvlərini “arzuolunmaz şəxslər” siyahısına salmaq əvəzinə Ermənistana dəvət göndərdiyi kimi onları da COP29-a dəvət edə bilərdi. Yəni münasibətlərin normalaşdırılması üçün Azərbaycan hakimiyyətinin əlində imkanlar var. Təəssüf ki, bu imkanlara əl atılmır.

Seçilən
237
anaxeber.info

1Mənbələr