2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynov Çeyildağ qəsəbəsində seçicilərlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən deputatlığa namizəd A.Hüseynov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, YAP-ın yarandığı tarixi şərait, keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP-ın uğurlu fəaliyyəti sayəsində ölkəmiz Zəfər tariximiz də daxil olmaqla böyük uğurlara nail olub, dinamik inkişaf yolunda irəliləyir.
Şəhid anası, Çeyildağ qəsəbə sakini Zərifə Qədirova çıxış edərək bildirib ki, övlad itkisi ağır olsa da, torpaqlarımızın azad edilməsi və şəhid ailələrinə göstərilən qayğı hər zaman ona təsəlli olub. Öz torpağı uğrunda canını fəda edən mərd övlad dünyaya gətirdiyi üçün qürur duyduğunu qeyd edən şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, YAP Sədri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəyini ifadə edib.
Tədbirdə digər çıxış edən qəsəbə sakinləri 1sentyabr seçkilərində YAP-ın namizədi A.Hüseynova səs verəcəklərini vurğulayıblar.
Sonra deputatlığa namizəd Aydın Hüseynov Çeyildağ qəsəbəsində şəhid Şahin Bayram oğlu Qədirovun adına olan bulağı ziyarət edib.
Xatırladaq ki, A.Hüseynov Qobustan, Ələt və Səngəçal qəsəbələrində məhəlli görüşlər də keçirib.
Görüşlərdə iştirak edən qəsəbə sakinləri Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, 1 sentyabr parlament seçkilərində YAP -ın namizədinə səs verəcəklərini bildiriblər.