AZ

Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

“İlk vaxtlar mənə psixoloji zorakılıq edən həyat yoldaşım sonralar fiziki zorakılıq etməyə başladı. Bu şiddət mənim iki övladımın gözü qarşısında olurdu və bu, onların psixologiyasına çox pis təsir edirdi. Mən ali təhsilli, savadlı olsam da, o, mənə deyirdi ki, sən heç kimə lazım deyilsən, sən çox çirkinsən. Sənə heç nə yaraşmır. Söz yarası daha pis olur. Mən düşünürdüm ki, uşaqlara görə dözməliyəm, səbir etməliyəm”.

Bunu Far.Az-ya məişət zorakılığının qurbanı olan A.T adlı xanım deyir. O qeyd edir ki, bundan sonra qadınları müdafiə edən ictimai birliyə müraciət edib:

“Birlikdən məni icra hakimiyyətinə yönəltdilər. Qısamüddətli mühafizə orderi aldım. Bundan sonra biz eyni evdə yaşasaq da, o, mənə dəyib-dolaşmırdı, polisdən çəkinirdi”.

A.T-nin sözlərinə görə, mühafizə orderinin vaxtı bitdikdən sonra bunu bilən həyat yoldaşı yenidən əvvəlki kimi ona fiziki və psixoloji şiddət göstərməyə davam edib:

“Bu zorakılığın mənim uşaqlarıma qarşı yönəlməsi isə məni daha ciddi düşünməyə vadar etdi. Uşaqlarım artıq atalarından qorxurdular. Yenidən ictimai birliyə getdim və orada mənə uzunmüddətli order almaq üçün məhkəməyə müraciət etməkdə hüquqi dəstək göstərdilər. Biz boşandıq və mən 6 aylıq uzunmüddətli mühafizə orderi aldım. Bu müddət hələ bitməyib. Artıq eşitmişəm ki, o, evlənmək istəyir. Bizim ortaq mülkiyyətimiz, yəni evimiz satılıb bölünəndən sonra ümid edirəm ki, mən və övladlarım rahat yaşaya biləcəyik”.

Əvvəllər zorakılığa məruz qalan qadınlar polisə, ictimai birliklərə müraciət etmirdilər

“Məqsədimiz ailələrdə sağlam ruhlu övladların böyüməsidir. Çox təəssüf ki, müasir dövrdə insanlarda aqressiya artıb. Bu da sonradan zorakılıq hallarına gətirib çıxarır. Deməzdim ki, bu təkcə sosial problemlərlə bağlıdır”.

Bu sözləri mövzu ilə bağlı danışan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva deyib. O bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da zorakılıq halları var:

“Əvvəllər zorakılıq görən qadınlar polisə, ictimai birliklərə müraciət etmirdilər. Evə qayıtmaq, boşanmaq, səsini çıxarmaq bir çox qadın üçün ağla gəlməyən anlayışlar idi. Mövcud stereotiplər var idi: “Getdinsə, ora sənin gor evindir, oradan yalnız meyitin çıxa bilər” düşüncəsinə görə qadınlar susur, səbir edir, dözürdülər. Bu stereotiplər indi də var. Lakin aparılan maarifləndirmə işləri, qadınların daha çox mənbədən informasiya alması faktı artıq zorakılıq qurbanlarını buna qarşı səslərini çıxarmağa cəsarətləndirir. Hətta qadınlar psixoloji zorakılıq görəndə də buna göz yummurlar”.

Birlik rəhbəri qeyd edib ki, sosial problemləri olmayan, tərəfləri ali təhsili olan ailələrdə də zorakılıq halları müşahidə olunur:

“Burada xəyanət, özlərinin dediyi kimi sevginin azalması, ailəyə üçüncü şəxsin və ya ətrafın müdaxiləsi kimi səbəbləri göstərmək olar. Təkcə qadınlar yox, bəzən kişilər də zorakılığa məruz qalırlar. Kişilərdə bu daha çox psixoloji zorakılıq kimi özünü göstərir. Təbii ki, Azərbaycanda bu göstərici qadına qarşı olan zorakılıq ilə müqayisə edilə biləcək səviyyədə deyil. Qadın və qızlara qarşı ailədaxili cinsi zorakılıq halları da artıb. Bu, təəssüf doğuran haldır”.

Zorakılıq törədənlərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə əksəriyyəti qadınlardır

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyindən bildirilib ki, ən son aparılan sosial tədqiqatlar göstərir ki, qadınlara qarşı zorakılığın əsas səbəbləri cəmiyyətdə gender stereotiplərindən doğan zərərli sosial normaların mövcudluğudur:

“Yəni buna səbəb kişi ilə qadın arasında bərabərsizliyin dərinləşməsinə yol açan patriarxal davranış və düşüncələr, gender ayrı-seçkiliyinin mövcudluğudur”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir:

“Zorakılıq təkrar törədildikdə daha ağır fəsadlar yaradır. Bəzi hallarda zorakılığa məruz qalan şəxslər vaxtında aidiyyəti orqanlara müraciət etmirlər. Ümumiyyətlə, hesab edirik ki, cəmiyyət olaraq məişət zorakılığına dözümsüzlük nümayiş etdirməliyik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında hazırlanan hesabatda göstərilir ki, mövcud stereotiplər, kənar şəxslərin müdaxiləsi, alkoqol və narkotik asılılığı, xarakterdə zorakılığa meyillilik, maddi problemlər, qısqanclıq və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi məişət zorakılığında daha çox rol oynayan səbəblərdir”.

Komitədən, həmçinin bildirilib ki, ötən il məişət zorakılığı ilə bağlı 1482 cinayət törədilib, ümumilikdə 1386 şəxs məsuliyyətə cəlb edilib:

“Onlardan 88-i qadın, 1298 nəfəri isə kişi olub. Bu hüquqa zidd əməllər nəticəsində 1513 zərərçəkmiş şəxs müəyyən edilib. Onlardan 1224-ü qadın, 289 nəfəri isə kişidir. Bu statistik rəqəmlərdən də göründüyü kimi, zorakılıq törədənlərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə əksəriyyəti qadınlardır. 2024-cü ilin 7 ayı ərzində Dövlət Komitəsi tərəfindən yerli icra hakimiyyəti orqanlarına göndərilən məktublarla əlaqədar 45 qısa müddətli mühafizə orderi verilib”.

Bu il ümumilikdə neçə mühafizə orderi verilməsinə gəlincə, Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq qeyd edilib ki, cari ilin ilk 6 ayı ərzində 109 mühafizə orderi verilib, onlardan 19-u uzunmüddətli, 90-ı isə qısamüddətli olub.

Mühafizə orderinin vaxtı bitəndən sonra qadına qarşı törədiləcək zorakılığın qarşısını almaq qeyri-mümkündür

Daxili İşlər Nazirliyi, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etdiklərini qeyd edən Zenfira Mustafayeva zorakılıq qurbanlarını yaşayış yerində təhlükə gözlədikdə və hüquqi, psixoloji yardıma ehtiyacları olduqda, onlara yönəltdiklərini bildirib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində akkreditasiyadan keçmiş 8 belə təşkilat var. Eyni zamanda, onların rəsmi saytlarında da bizim əlaqə məlumatlarımız var. Bəzən qadınlar özləri bizimlə əlaqə saxlayırlar. İnsan alveri qurbanları da bir çox hallarda əvvəllər məişət zorakılığına məruz qalanlar və erkən nikaha məcbur edilənlər olurlar. Məişət zorakılığına məruz qalanlar evdən ayrılır və bəzi hallarda kiminsə toruna düşür, erkən nikaha məruz qalanlar da oxşar taleyi yaşayır. Biz ilk olaraq qurbanlara ödənişsiz formada hüquqi yardım göstəririk. Tələb olunan rüsumlar da birlik tərəfindən ödənilir. Həmçinin onlara uzun müddət psixoloji yardım göstərilir”.

Zenfira Mustafayevanın sözlərinə görə, əgər zorakılıq qurbanı həyat yoldaşı ilə eyni evdə yaşayırsa və boşanma olmayıbsa, icra hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderi verilir:

“Dəyişikliklərə əsasən, artıq qısamüddətli mühafizə orderi 30 gün deyil, 60 gün üçün verilir. Mühafizə orderinin bir nüsxəsi qurbana, bir nüsxəsi qarşı tərəfə, bir nüsxəsi isə icraçıya, yəni polisə təqdim edilir. İcraçı daimi olaraq mühafizə orderi verilən şəxs ilə maraqlanır. Qadında da icraçının əlaqə vasitələri olur. Əgər zorakılıq halı təkrar edilərsə, qadının da müraciəti əsasında ölçü götürülür. Mühafizə orderinin icra olunmadığı ilə bağlı şikayətlər olur. Lakin mən məhz Sumqayıt şəhərini deyə bilərəm ki, burada bu məsələyə ciddi nəzarət edilir. Bu il biz 4 zorakılıq qurbanı üçün uzunmüddətli mühafizə orderi almışıq”.

Azərbaycanda zorakılığa qarşı mübarizə aparan qadın olmaq çox çətindir

Birlik rəhbəri daha bir vacib məqama toxunaraq bildirir ki, yenidən uzunmüddətli mühafizə orderi almaq üçün onlara müraciət edən şəxslərə məhkəmədə eyni hal üzrə şikayətə ikinci dəfə baxılmadığı üçün kömək edə bilmirlər.

Zenfira Mustafayeva onu da bildirib ki, bu, bir çox hallarda ciddi problemlərə, təkrar olunan zorakılıq, şiddət hadisələrinə yol açır:

“Bizim kömək etdiyimiz xanımlardan biri uzunmüddətli mühafizə orderinin vaxtı bitəndən sonra yenidən müraciət etdi ki, orderin vaxtı bitən kimi həyat yoldaşım gəlib zorla evə girməyə cəhd edir, hətta qapını belə sındırıb. Vətəndaş xahiş edir ki, ona yenidən uzunmüddətli mühafizə orderi almaq üçün kömək edək. Məhkəmədə eyni hal üzrə şikayətə ikinci dəfə baxılmır. Ondan sonra biz çarəni həmin şəxsin həyat yoldaşı ilə təkrar söhbət aparmaqda gördük. Məlum oldu ki, həmin şəxs içki düşkünüdür. Kişinin özünün də razılığı ilə biz onu müalicə olunmaq üçün müəssisəyə yerləşdirdik. Təəssüf ki, bu həmişə belə olmur. Bu sahədə çətinlik var”.

Onun sözlərinə görə, mühafizə orderinin vaxtı bitəndən sonra qadına qarşı törədiləcək zorakılığın qarşısını almaq qeyri-mümkündür:

“Biz qadınlara bildiririk ki, onlar zorakılığa məruz qaldıqları bütün hallarda Daxili İşlər Nazirliyinin “102 qaynar xətti”nə müraciət etsinlər”.

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, uzunmüddətli mühafizə orderi 60 gündən 180 günə qədər verilir. Bu müddət ərzində və ya müddət bitdikdən sonra yenidən zorakılıq əməlləri davam edirsə, şikayətçi məişət zorakılığı və digər zorakılıq etməyə meyilli şəxslə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər:

“Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması hallarında inzibati məsuliyyətə cəlb edilməsi, inzibati həbs edilməsi barədə aidiyyəti qaydada şikayət edilə, həmçinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müraciət edilə bilər. Bundan başqa qanunun 13-cü maddəsinə əsasən, hüquqi və sosial, yəni qabaqlayıcı xarakterli tədbirlərin görülməsi təmin edilə bilər”.

Zenfira Mustafayeva isə təklif edir ki, mühafizə orderi birdəfəlik verilsin:

“O vaxta qədər ki, qadın yenidən müraciət etsin və bildirsin ki, artıq qarşı tərəfdən onu heç bir təhlükə gözləmir. O desin ki, mən mühafizə orderindən imtina edirəm. İkinci təklifim odur ki, bölgələrdə zorakılıq qurbanı olan qadınların iqtisadi azadlığını təmin etmək üçün onlar hansısa formada əmək bazarına cəlb edilsin”.

Onun sözlərinə görə, bəzi hakimlər uzunmüddətli mühafizə orderi ilə bağlı dövlət rüsumu tələb etmədikləri halda, bir qrup hakimlər isə zərərçəkmişin mühafizə orderi ilə bağlı dövlət rüsumu ödəməsini istəyirlər:

“Bu zaman zərərçəkən mühafizə orderini almaq üçün tələb olunan rüsumu ödəmək iqtidarında olmur. Belə olan halda, birlik hesabına bu rüsumu ödəməyə çalışırıq”.

Mühafizə orderinin alınmasının əslində vətəndaşa rüsumsuz başa gəldiyini deyən hüquqşünas Şamil Paşayev bildirib ki, qısamüddətli mühafizə orderinin alınması üçün şəxs aidiyyəti qaydada yerli icra hakimiyyəti orqanına müraciət edir və bu, ödənişsizdir:

“Uzunmüddətli mühafizə orderinin verilməsi üçün şəxs Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Üç gün ərzində işə baxılır. Xüsusi icraat qaydasında məhkəməyə müraciət edilir. Bu zaman 100 manat dövlət rüsumu ödənilir. Ancaq nəzərə almaq lazımdır ki, uzunmüddətli mühafizə orderi tətbiq olunduqda zərərçəkmiş şəxsin hüquqi yardım ilə bağlı çəkdiyi bütün xərclər, eləcə də ödədiyi rüsumun məişət zorakılığını törədən şəxs tərəfindən qarşılanması təmin edilir. Bu da şəxslərin əsassız yerə məhkəməyə müraciət etməsinin qarşısını alır. Lakin iddia sübut edildikdə və mühafizə orderi verildikdə rüsumun ödənilməsi birmənalı şəkildə məişət zorakılığını törədən şəxsin boynuna qoyulur”.

Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, qadınların zorakılığa qarşı susmasına səbəb olan əsas amillərdən biri maddi-iqtisadi gücün olmamasıdır:

“Bu mənada, təhsili, işi olmayan erkən yaşda ailə qurmağa məcbur edilən qızlar zamanla zorakılıq qurbanlarına çevrilə bilirlər. Bir müddət əvvəl “Qadına Bir Addım” layihəsi həyata keçirilib. Layihənin məqsədi sığınacaqlarda müvəqqəti məskunlaşan qadınların sosial adaptasiyasını təmin etmək olub. 20 nəfər məişət zorakılığına məruz qalmış işsiz qadının psixoloji vəziyyətlərini yaxşılaşdıraraq, bilik və bacarıqlarını artırmaq üçün şərait yaradılıb. Onların məşğulluqlarının təmin edilməsi üçün dəstək göstərilib. Bu kimi sosial adaptasiya layihələrinin həyata keçirilməsi gələcəkdə də planlaşdırılır”.

Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının həyata keçirildiyini qeyd edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hazırda, yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanma mərhələsindədir.

Sonda A.T deyir ki, Azərbaycanda zorakılığa qarşı mübarizə aparan qadın olmaq çox çətindir...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
far.az

10Mənbələr