Azərkosmosun “K.O.S.M.İ.K. Akademiya”sının təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinə səfər ediblər.
Layihənin məqsədi məktəbliləri texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsinə həvəsləndirmək, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Proqram çərçivəsində məktəblilər müxtəlif simulyatorlara daxil olaraq aerodinamik testlər və jet mühərriklərinin prinsipləri ilə tanış olublar. Həmçinin “Pilot Yumurtasını Qoru” adlı yaradıcı vörkşopda iştirak edərək problem həlletmə bacarıqlarını təkmilləşdiriblər. Eləcə də raketlərin prinsipləri və mikroqravitasiya şəraitində maye dinamikası mövzuları əhatə edilməklə kosmos mühitində iş, Beynəlxalq Kosmik Stansiya (ISS) və “Dragon” kapsulu haqqında ətraflı məlumat əldə ediblər.
Məktəblilər “Docking” simulyatoru vasitəsilə kosmik əməliyyatların real simulyasiyasında iştirak edib, astronavt menyularının hazırlanması üzrə təcrübə keçməklə VR mikroqravitasiya simulyatoru vasitəsilə real kosmos şəraitini sınaqdan keçiriblər.