2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən “güclü dövlət, yüksək rifah” prinsipini əsas götürüb: “Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərdə partiyamızın öz müstəsna rolu vardır. Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisi və inamı sonsuzdur”.
Deputatlığa namizəd Musa Quliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması yeni dövrün əsasını qoydu: “Bu, daha böyük qələbələrə - soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, yenidən qurulmasına, məskunlaşmanın sürətləndirilməsinə, viran edilən şəhər, kəndlərimizin cənnətə çevrilməsinə, dövlətimizin nüfuzunun beynəlxalq aləmdə daha da artmasına, Türk dünyasının birliyinə və digər nailiyyətlərə yol açan bir dövrdür. Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə getməsi qürurverici olmaqla tarixi qələbələrimizdən qaynaqlanır”.
Tədbir iştirakçılarından Hüseyn Budaqov, Flora Rüstəmova, Yəhya Namazov, Sevinc İsgəndərova, Orucəli Rzayev və digərləri çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər. “Yeni zəfərlərə səs verəcəyik!”, - deyə vurğulanıb.
Deputatlığa namizəd Musa Quliyev şəhidlər Sərxan Muxtarov, Taleh Mustafazadə və Nurlan Bağırovun ailələrini də ziyarət ediblər.