AZ

"Seçiciyə hansısa "boğazdan yuxarı" vədlər vermədim" - Fazil Mustafa

"Sabah seçkilər dövrü üçün qanunvericilikdə nəzərdə tutulan təbliğat-təşviqat kampaniyasının son günüdür. Seçki qərargahımızın üzvləri Bakıxanov qəsəbəsində təbliğat çalışmalarını gec saatlara qədər davam etdirməkdədirlər. 30 avqustda həm MDB, həm də Şanxay əməkdaşlıq təşkilatından olan müşahidəçilərlə görüşüm nəzərdə tuutulduğundan, eləcə də Türkiyə Cumhuriyyətinin Zəfər günü tədbirində iştirak edəcəyimdən məhəllələrdə görüşlərimi sabah günorta saatlarına qədər yekunlaşdırmaq məcburiyyətindəyəm".

Redaktor.az xəbər verir ki, bunu 26 saylı sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd Fazil Mustafa özünün feysbuk hesabında seçicilərinə müraciətində yazıb.

"Bildiyiniz kimi, DSK tərəfindən ayrlmış açıq və qapalı məkanlarda bütün kütləvi görüşlərimizi artıq tamamlamışıq. Yay aylarının xüsusiyyətlərini nəzərə alaraq evlərində qalmağı tərcih edən əksər sakinlərlə bu və ya digər vasitələrlə təmas qura bildik. Qeyd edim ki, digər namizədlərə qarşı da hər hansı bir sayğısızlığa yol vermədik, qarşılaşdıqca hamısına uğurlar dilədik. Düşünürəm ki, mövcud reallıqlar çərçivəsində apardığımız kampaniya qənaətbəxş sayıla bilər. Ənənəvi olaraq çıxışlarımda, görüşlərimdə seçiciyə hansısa "boğazdan yuxarı" vədlər vermədim, sadəcə söylədim ki, şəxsiyyətimiz, ömür yolumuz, əməlimiz görəcəyimiz işlərin zəmanətçisidir. Fikrimcə, öz şəxsiyyətinə hörmət edən hər bir şəxs layiq olmadığı mövqeyə, ağırlığını daşıya bilmədiyi işə qol qoymaz. Seçkilərdə şəxsimi dəstəkləyən, dəstəkləməyən hər kəs mənim üçün bir Azərbaycan vətəndaşıdır və əgər yenidən etimad göstərilərsə fərq qoymadan hamısının hüquqlarının qorunması da həmişəki kimi bizim vəzifə borcumuz olacaq. Bir gerçəyi də anlayırıq ki, millət vəkili bir dairədən seçilsə də bütün Azərbaycan vətəndaşlarının mənafeyini parlamentdə təmsil edir. Ümid edirəm ki, bu amilləri nəzərə alaraq səsvermədə mövqeyinizi bildirəcəksiniz. Hər şeydən öncə bu seçkilərin, millətimizə, dövlətimizə xeyirli olmasını diləyirəm", - deyə o müraciətini yekunlaşdırıb.

T.İSMAYIL

Seçilən
110
redaktor.az

1Mənbələr