Bu gün Misli premyer-liqasında 5-ci tura start veriləcək.
Keçiriləcək hər iki oyunu "CBC Sport" canlı yayınlayacaq.
Misli premyer-liqası
1-ci dövrə, 5-ci tur
30 avqust
Turan Tovuz – Səbail
"Turan Tovuz"un bu rəqiblə ev oyunlarının balansı: 4:+1=2-1, 8:8.
2022/23 - 2:2, 2:2; 2023/24 - 1:3, 3:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Tovuz, şəhər stadionu. Saat 17.45.
Turnir cədvəlindəki durumdan xəbərdarsız. "Turan Tovuz" uzun fasilədən sonra liderliyi ələ keçirib və zirvədən qopmaq niyyətində deyil. Komanda iddiasını "Qarabağ"la matçda da gizlətmədi. Kurban Berdıyevin komandası növbəti sınaqla üz-üzədi. İlk dörd turda məğlub olmayan və qol buraxmayan tovuzlular bu dəfə gücünü ənənəvi ev ab-havasında göstərəcək. "Bozqurd"un heç bir problemi yoxdu, motivasiyası da öz yerində. Qısası, türkmənistanlı mütəxəssisin təcrübəsi bəhrə verməkdədi. Statistika tovuzluları aşkar favorit kimi göstərməyə əsas verməsə də, ən azı "doğma divarlar" amili onların xeyrinədi. "Səbail"in durumu da qənaətbəxşdi. Bəli, Şahin Diniyevin komandası hələ istədiyi səviyyədə deyil. Amma bu, "dənizçilər"in "Kəpəz"i darmadağın etməsinə mane olmadı. Bayıl təmsilçisi həlledici məqamda ciddi problemlərlə üzləşmək istəmirsə, hər xala indidən dəyər verməlidi. Yenidən qurulan kollektiv çətin səfər sınağından əlidolu qayıtmaqla mövqeyini xeyli yaxşılaşdıra bilər.
Bu komandalar indiyə qədər 8 oyunda üz-üzə gəlib, hərəyə 2 qələbə qazanıb. 4 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də bərabərlik var - 12:12.
Sumqayıt – Araz-Naxçıvan
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+3=0-0, 4:0.
2014/15 - 1:0; 23/24 – 2:0, 1:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.00.
Görünür, "Sumqayıt" hələ sabit nəticələr qazanmaqda çətinlik çəkir. Əlbəttə, bunun müxtəlif səbəbləri var. Heyətlı bağlı çatışmazlıqlar Samir Abasovun əlini zəiflədirsə, futbolçuların Konfrans Liqasında mübarizəni dayandırandan sonra toparlaya bilməməsi də işləri korlayır. Uğursuz dönəmi geridə qoymalı olan "kimyaçılar" hələ "yuxulayır". Odu ki, 2020/21 mövsümündən bəri Masazırda qələbə qazana bilməyən kollektiv bu dəfə də istəyinə çatmadı. Daha doğrusu, "Sabah"ın meydandanın məğlub ayrılmaqla "qan itirdi". Samir Abasovun nəyə əsasən "Araz-Naxçıvan"la matçın daha çətin olacağını dediyini bilmirik. Amma "gənclik şəhəri"nin təmsilçisi qələbədən başqa çıxış yolu axtarmamalıdı. Onsuz da komanda "Mehdi Hüseynzadə"də qalib gəlmək iqtidarındadı.
Rəqibin durumunun da ürəkaçan olmadığını nəzərə alsaq,doğru strategiya 3 xalı gətirə bilər. Həmin xallar ki, "Araz-Naxçıvan" "Neftçi"dən son dəqiqədə qol buraxaraq əldən verdi. Muxtar Respublika təmsilçisi hələ tam gücünü göstərə bilmir. Elmar Baxşıyev komandasını bu oyuna daha yaxşı kökləməli və təcrübəsinu danışdırmalıdı. Bunu nə dərəcədə bacaracağını üç gündən sonra görəcəyik. Bəlkə də o, "qırmızı-ağlar"ın tarixində "Sumqayıt" üzərində ilk qələbəsini qazanmasına nail olacaq.
Bu komandalar indiyə qədər 5 dəfə üz-üzə gəlib. Bunların 3-də "kimyaçılar" qalib gəlibsə, 2-də hərəyə 1 xal düşüb. Topların nisbətində "Sumqayıt" öndədi - 6:2.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta