AZ

Rusiya əsas əngəli barmaqla göstərir  - RƏY

Zəngəzur dəhlizinin açılmasında maneə yaradan tərəf Ermənistandır

“İrəvanla gələcəkdə imzalanan istənilən sənəd sadəcə olaraq kağız üzərində qala bilər. Ermənistana etibar yoxdur, ona görə ki, qeyri-müstəqil dövlətdir və kənar təlimatlar əsasında addımlar atır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi üçtərəfli işçi qrupların Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə etməyə başladığını deyib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, əsas iş Azərbaycan və İranla təmasda qərb istiqamətində, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan ərazisindən keçməklə, daha sonra İran istiqamətində aparılır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilməkdədir: "İş üçtərəfli razılaşmalar çərçivəsində ən yüksək səviyyədə aparılır". Zaxarova əlavə edib ki, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi açıq-aydın və hamıya məlumdur. “Biz müvafiq razılaşmaların tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında əldə ediləcəyindən çıxış edirik ki, bu həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşuların maraqlarına cavab versin”. Rusiya təmsilçisi Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlərin şübhə altına alınması cəhdlərinin də təhlükəli olduğunu söyləyib: "Rusiya hesab edir ki, hazırda üçtərəfli razılaşmalara alternativ yoxdur. Bunu sorğu-sual etmək cəhdləri son dərəcə təhlükəlidir. Onlar davam edən qeyri-sabit ikitərəfli münasibətlər kontekstində tərəflərin qarşılıqlı öhdəliklərində boşluq yarada bilər". Qeyd edək ki, Rusiya rəhbəri V.Putin Azərbaycan səfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb. Ardınca Kreml rəhbəri ilə Prezident İlham Əliyev arasında telefon danışığı olub. Ekspertlərin fikrincə, Rusiya üçün indiki vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir. Lakin bütövlükdə bu maraqları başda ABŞ olmaqla Qərbə itirməyi də gözə ala bilməz. Ona görə də Moskva Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişini öz reallıqları fonunda tənzimləmək istəyir. Ən yaxşı halda regional kommunikasiyaların açılması məsələsinə fokuslanaraq dividendlər əldə etməyə çalışır. Zəngəzur dəhlizinin açılması Rusiya üçün hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Lakin Rusiya ilə bərabər, ABŞ və Çin də bu dəhlizin açılmasına xüsusi maraq göstərən qlobal aktorlar sırasındadır. Böyük güclərin hər birinin Zəngəzur dəhlizi ilə bağlı öz konkret hədəfləri var. Bu isə Azərbaycanın geosiyasi manevr imkanlarını artırır. Erməni politoloq Vigen Akopyan deyib ki, Rusiyanın Ermənistan ərazisindən keçən dəhliz (Zəngəzur) məsələsini yenidən aktuallaşdırması İrəvanın təbliğat maşınına zərbə oldu. Çünki İrəvan Bakının məsələnin müvəqqəti olaraq gündəmdən çıxması barədə açıqlamasını “ciddi diplomatik uğur” kimi təqdim edirdi. Onun sözlərinə görə, İrəvan 10 noyabr bəyanatını Baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” projesi ilə tutuşdurmağa çalışsa da, heç kim bunu ciddiyə almır: "Azərbaycan və Türkiyənin də son məqsədi bu dəhlizin açılmasıdır. Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və məqsədlərinə çatmağa çalışacaqlar". Politoloq hesab edir ki, Rusiya 10 noyabr bəyanatını əsas götürərək, hələlik Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçməsinə mane olur.
Siyasi elmlər doktoru, professor, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Rusiya Prezidenti V.Putinin Azərbaycanda səfərdə olarkən əsas müzakirə predmetlərindən biri də nəqliyyat kommunikasiyalarının yaradılması oldu. Politoloqun sözlərinə görə, "Şimal-Cənub" Dəhlizinin açılması, Azərbaycanın bu prosesdə iştirakçılığı və görülən işlər haqqında dövlət başçısı İlham Əliyev öz fikirlərini bildirdi:

"Sözsüz ki, Rusiya Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə izləyir. Çünki Rusiya region dövlətidir. Ələlxüsus, son dövrlərdə Qərbin bölgədə Ermənistan üzərindən aktivləşməsi Moskvanın sırf müşahidəçi rolunda qalmasına imkan vermir. Rus rəsmiləri də hər zaman bildirirlər ki, Cənubi Qafqaz regionunun Rusiyanın təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu var. Rusiyanın bu məsələdə fəallığını bir neçə aspektdən dəyərləndirmək lazımdır. Ortada üçtərəfli Birgə Bəyanat mövcuddur. Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsi öz aydın ifadəsini tapıb. Orada göstərilib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında məqliyyat-kommunikasiyası yaradılır və nəzarəti də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək. Ermənistan Baş naziri Nikol Paşinyanın bu sənədin altında imzası var. Azərbaycan artıq öz ərazisində Zəngəzur dəhlizinin seqmentlərinin yaradılması işlərinə başlayıb. Bununla Azərbaycan Prezidenti nümayiş etdirdi ki, o, öz imzasına hörmətlə yanaşır və üzərinə düşəni səmimiyyətlə reallaşdırır".
E.Mirbəşiroğlu vurğulayıb ki, 2021-ci ildən sonra Rusiyada iki sənəd imzalanıb. Həmin sənədlərdə regionda kommunikasiyanın açılması, iqtisadi layihələrin həyata keçirilməsi məsələləri aktuallığını qoruyub saxlayır: "Azərbaycan regionda kommunikasiyaların açılmasında hər zaman maraqlı olub. Cənubi Qafqaz bölgəsində sülhün, tərəfdaşlığın təmin olunmasının əsas məsuliyyətini Azərbaycan öz üzərində hiss edir. Bu istiqamətdə də addımlar atır. Bölgənin ən güclü və potensial sahibi ölkəsi məhz Azərbaycandır. Yeni geosiyasi reallığı da biz formalaşdırmışıq". 
Professorun qənaətincə, Zəngəzur dəhlizinin açılmasında əsas maneə yaradan tərəf Ermənistandır: "Paşinyan öz imzasına etinasız yanaşır. Bu da düşünməyə əsas yaradır ki, İrəvanla gələcəkdə imzalanan istənilən sənəd sadəcə olaraq kağız üzərində qala bilər. Ermənistana etibar yoxdur, ona görə ki, qeyri-müstəqil dövlətdir və kənar təlimatlar əsasında addımlar atır. Məhz bundan sonra Bakı razılaşdı ki, kommunikasiya məsələləri sonrakı mərhələdə nəzərdən keçirilə bilər. Azərbaycanın bu mövqeyi ona hesablanmışdı ki, Ermənistanın sülhdən yayınmaq üçün bəhanələri qalmasın. Əfsuslar ki, sülhə hazır olmayan Ermənistan əlavə bəhanələr gətirməkdən çəkinmir. Azərbaycan ərazilərinə iddialardan əl çəkməkdə tərəddüd etdiyi üçün Konstitusiya dəyişikliyinə getməyə də tələsmir. Həmçinin ATƏT-in Minsk qrupunun buraxılmasını da istəmir. Bakı isə mümkün kompramislərə getməklə həm də Ermənistanın xislətini, mahiyyətini dünyaya tanıdır, sülh imitasiyasını ifşa edir". 
Siyasi şərhçi qeyd edib ki, Rusiya əngəl törədən tərəfin Ermənistan olduğunu yaxşı bilir: "Xarici işlər naziri Sergey Lavrov Prezident Putin Bakıda olarkən Ermənistanı açıq formada ittiham etdi. Bildirdi ki, Zəngəzur dəhlizinin açılmasının qarşısını alan İrəvandır. Bu da göstərir ki, Moskva reallığı yaxşı bilir. Fərqindədir ki, Ermənistan regional kommunikasiyalarda kənar dairələrin, Qərb ölkələrinin nəzarətini təmin etməyə çalışır. Daha doğrusu, kənar qüvvələr Ermənistanın əliylə bölgəyə nüfuz etməyə cəhd göstərirlər. ABŞ Zəngəzurda öz hərbi mövcudluğunu təmin etməkdədir. Rusiya haqlı olaraq bundan çox narahat olur. ABŞ-nin okeanın o tayından gələrək Cənubi Qafqazda hərbi mövcudluğunu qurması yaxşı məqsədlərə xidmət edə bilməz. Məhz bundan sonra Ermənistan tərəfi Azərbaycan ərazilərini intensiv atəşə tutur. Qərb regionda yenidən gərginlik yaratmaq istəyir və Ermənistandan alət kimi istifadə edir. Zəngəzur dəhlizi "Şimal-Cənub" Dəhlizinin mühüm seqmentlərindən biri ola bilər və gələcəkdə İpək Yoluna birləşər. Bu da bir çox ölkələr üçün faydalı, səmərəlidir. Sağlam məntiqə söykənən region dövlətləri Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır". 

Seçilən
184
34
sherg.az

10Mənbələr