AZ

"Azərbaycan riyaziyyatçıları" - professor Həşim Ağayev

Ağayev Həşim Nizam oğlu 1916-cı ildə Lənkəran rayonunda anadan olmuş, 1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1943-cü ildən SSRİ Elmlər Akademiyası Azərbaycan filialının fizika sektorunda əmək fəaliyyətinə başlamışdır.

1947-ci ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə xüsusi törəməli diferensial tənliklər sahəsində namizədlik dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən 1954-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının fizika və riyaziyyat institutunda baş elmi işçi, 1954-1957-ci illərdə riyaziyyat şöbəsinin müdiri, 1957-ci ildən institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Azərbaycan Elmlər Akademiyasının riyaziyyat və mexanika institutunun yarandığı gündən (1959-cu ilin mayı) həmin institutun elmi işlər üzrə direktor müavini, 1964-1967-ci illərdə direktoru, 1970-ci ilin iyulundan 1981-ci ilə qədər V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışmışdır.

Həşim müəllim 1975-ci ildə Bakı Dövlət Universitetinin Dissertasiya Şurasında “О разрешимости некоторых стационарных и нестационарных нелинейных операторных уравнений в абстрактных пространствых (01.01.01.)” mövzusunda dissertasiya işini müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

1981-ci ildə Həşim Ağayev riyaziyyat və mexanika institutuna qayıdıb orada “Qeyri-xətti operator tənliklər” şöbəsinə rəhbərlik edir. Haşım Ağayevin elmi maraqları əsasən dörd istiqamətə yönəlmişdir: xüsusi törəməli diferensial tənliklər, funksional analiz və topologiya, funksiyalar nəzəriyyəsi, riyaziyyatın metodik və fəlsəfi problemləri. Riyaziyyatın aktual problemlərinə həsr olunmuş 70-dən çox məqaləsi və bir neçə kitabı çap olunmuşdur.

1988-ci il avqustun 2-də vəfat etmişdir.

©

Müəllifi olduğum "Azərbaycan riyaziyyatçıları" - kitabından səhifə 195-197

Professor Misir Mərdanov

visiontv.az



Seçilən
55
visiontv.az

1Mənbələr