AZ

Zəngəzur dəhlizi ilə bağlı ciddi dönüş

Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə belə deyib.

O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir. 

“Biz Zəngəzur dəhlizi ideyası ilə bağlı İran tərəfinin müəyyən narahatlığını görürük, bu narahatlığa aydınlıq gətirilməsi üçün Tehrana müraciət etmək lazımdır. Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi isə aydındır və yaxşı məlumdur. Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab versin”, - deyə Zaxarova əlavə edib. 

Rusiya XİN-nin qeyd edilən açıqlaması üçtərəfli işçi qrupun fəaliyyətini bərpa etdiyi anlamına gəlir. 2022-ci ilin iyun ayından sonra Ermənistanın baş nazirlərin müavinləri səviyyəsində aparılan danışıqlarda iştirakını dayandırması kommunikasiyaların blokdan açılmasını əngəlləyən səbəblərdən biri olub. Bu baxımdan, İşçi Qrupun fəaliyyətini davam etdirməsi Ermənistanla müəyyən razılaşmanın nəticəsi kimi başa düşülə bilər. 

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycandan qaytdıqdan sonra, yəni avqustun 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı əsas məsələlərdən biri kimi kommunikasiyaların açılmasının vacibliyindən danışıb. Rusiya XİN-dən verilən son məlumat isə nəqliyyat-tranzit əlaqələrinin yaradılması məqsədilə üçtərəfli işçi qrupun fəaliyyətini bərpa etməsinə dair Putinlə Paşinyan arasında razılaşmanın əldə olunduğunu deməyə əsas verir. 

Baş nazirlərin müavinləri səviyyəsində hələlik görüş keçirilməsə də, bu istiqamətdə yazışmaların aparıldığı istisna edilmir. Əgər bu müzakirələr nəticə verərsə, İşçi Qrupun görüşü baş tuta bilər. Qeyd edək ki, 2002-ci ilin əvvəlində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında dəmir yolunun açılması barədə üçtərəfli işçi qrupda razılaşma əldə olunmuşdu. 

Söhbət 43 kilometrlik Ağbənd-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir. Hətta Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan adıçəkilən dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsait lazım olduğunu demişdi. Ancaq Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federeal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin olunmasını Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd adlandırmaqla 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasından imtina etdi. 

Xüsusilə də Azərbaycanın Zəngəzur dəhlizi məsələsini Ermənistanla imzalanacaq çərçivə sazişinin mətnindən müvəqqəti çıxartmağa razılaşması rəsmi İrəvan tərəfindən yanlış olaraq siyasi uğur kimi qarşılanıb. Yəni Ermənistan Zəngəzur dəhlizi mövzusunun artıq arxivə atıldığına ümid edirdi. Lakin Azərbaycan 10 noyabr Bəyanatından imtina etməyib və bu sənədi Zəngəzur dəhlizinin açılması üçün əsas hüquqi baza hesab edir. 

Eyni zamanda, rəsmi Bakı Zəngəzur dəhlizi məsələsinin növbəti mərhələdə müzakirə edilməsini təklif edir. Bu isə kommunikasiyalar açılmadan yekun sülh sazişinin mümkün olmayacağı anlamına gəlir. 

Rusiya Prezidentinin avqustun 18-19-da Bakıya səfəri zamanı Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin açılmasına dair aparılan danışıqlar Zəngəzur dəhlizi məsələsinin vacibliyini qısa müddətdə yenidən gündəmə gətirib. Yəni çərçivə sazişi imzalanmadan Rusiyanın Ermənistandan 10 noyabr Bəyanatındakı öhdəliyini yerinə yetirmək tələbi Paşinyan hökumətini çətin vəziyyətə salıb. 

Politoloq Tiqran Qriqoryan hesab edir ki, Ermənistan rəsmi Bakının kommunikasiyaların blokdan açılması məsələsini sülh müqaviləsindən ayırmaq istəyini qəbul etmir. Onun sözlərinə görə, bu, Azərbaycan tərəfinin güzəşti deyil, Ermənistanla dünya ictimaiyyəti tərəfindən sülh sazişi kimi qəbul ediləcək, əslində isə Azərbaycan tərəfinin üzərinə ciddi öhdəliklər qoymayacaq bir sənəd imzalamağa yönəlmiş taktiki gedişdir.

“Düşünürəm ki, bu mövzu həm Türkiyə, həm də Azərbaycan üçün eyni dərəcədə vacibdir. Ermənistanda sülh müqaviləsinin imzalanması məsələsinin nəqliyyat kommunikasiyalarının blokdan açılması mövzusundan ayrılmasına dair razılaşma yanlış şərh olunur. Bu, Azərbaycan tərəfinin güzəşti deyil. 

Ötən ilin sonundan etibarən Bakının mövqeyi bütün problemli məsələləri sülh müqaviləsindən çıxarmaq, o cümlədən kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyası və demarkasiyasını ayrı-ayrı danışıqlar müstəvisində müzakirə etməkdən ibarətdir. Bundan sonra Azərbaycan Ermənistanla faktiki olaraq, konkret heç nəyi həll etməyən müəyyən ümumi sənədi razılaşdırmağı planlaşdırır. Bu, o demək deyil ki, Zəngəzur dəhlizi mövzusu bağlanıb. 

Tərəflər sülh sazişi imzalasa belə, Azərbaycan, Türkiyə, hətta Rusiya bu məsələnin həllində maraqlı olacaq. Onların yanaşmaları bir qədər fərqli olsa da, ABŞ-nin da bu mövzuya maraq göstərdiyini görürük. Ümumiyyətlə, bu məsələ danışıqlar masasında qalır və hətta sülh müqaviləsi imzalandıqdan sonra belə bir sənəd imzalansa da, qaldırılacaq”,-deyə erməni politoloq bildirib. 

Artıq bu məsələ ətrafında Rusiya, Azərbaycan və Türkiyə intensiv, qapalı diplomatik müzakirələrin getdiyini görmək olar. Kreml Ermənistanı kommunikasiyaların açılmasına razı salmaq üçün müəyyən kompromislər təklif edə bilər. Ancaq Ermənistana ən çox güzəştə getməli olan tərəf yəqin ki, Rusiyanın özü olacaq. Çünki Zəngəzur dəhlizinin indiyə qədər açılmaması Ermənistanla Rusiya arasındakı fikir ayrılığı ilə bağlıdır.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu yaxınlarda bildirib ki, 2022-ci ildə İşçi Qrup səviyyəsində gedən qapalı danışıqlarda Ermənistan Rusiya qoşunlarının yalnız Zəngəzurda deyil, dəmir yolu və avtomobil yollarının Azərbaycan ərazisindən keçən hissəsində də dayanmasını təklif edib. Azərbaycan isə 10 noyabr Bəyanatında belə bir razılaşmanın olmadığını əsas gətirərək bu təklifdən imtina edib. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin Bakıya səfəri zamanı Ermənistanı 10 noyabr Bəyanatını sabotaj etməkdə ittiham edərkən məhz həmin hadisəni nəzərdə tutub. Göründüyü kimi, Ermənistan bu təxribatçı təklifi irəli sürməklə Rusiya qoşunlarının bölgəyə yerləşməsindən Azərbaycanın imtina etməsinə şərait yaratmaq istəyib. 

Yəni Ermənistan dolayısı ilə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışıb. Azərbaycan ərazisində Rusiya qoşunlarının yerləşməsi təbii ki, Moskvanın maraqlarına cavab verir. Lakin Azərbaycan buna heç bir halda razı olmaz. Ermənistan isə Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya qoşunları tərəfindən təmin olunmasına dair öhdəliyə malikdir. Buna baxmayaraq, Ermənistanın yenidən sözügedən şərti danışıqlar masasına gətirməyəcəyinə təminat yoxdur. 

Çünki Rusiya qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsi təklifi Paşinyan hökumətinə Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün siyasi manipulyasiya imkanı yaradır. 10 noyabr Bəyanatının icrası Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi deməkdir. Bu isə Ermənistanın Qərbyönümlü hakimiyyətinin maraqlarına cavab vermir. ABŞ-nin Zəngəzurda hərbi fəallığının artması perspektivdə Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-ticarət dəhlizinə nəzarəti ələ almağa hesablanıb. 

Lakin ABŞ Rusiyanı və Çini bu dəhliz vasitəsilə həyata keçiriləcək ixrac-idxal əməliyyatlarından kənarlaşdırmaq istəyir. Asiya bazarlarına çıxmağa çalışan Rusiya isə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas ötürücü hissəsi olan Zəngəzur dəhlizinin açılması üçün hərəkətə keçib. Belə bir vəziyyətdə İranın Zəngəzur dəhlizinə qarşı çıxması Rusiyanın maraqlarına ziddir. Ona görə də Rusiya çox güman ki, İranı bu məsələdə neytrallaşdırmağa çalışacaq. 

Bu isə İranın Azərbaycana yönəlik təzyiqlərini aradan qaldıra bilər. Ancaq Zəngəzura Rusiyanın və ABŞ-nin marağının artması regionda geosiyasi qarşıdurmanın yeni mərhələyə keçməsi üçün zəmin yaradır. 

phrase_var_article.chosen
145
50
cebheinfo.az

10phrase_var_article.sources