AZ

Vaşinqton nə istəyir? – Blinkenin Əliyevə telefon zənginin ƏSL SƏBƏBİ

Ötən gün ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək, bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.

ABŞ Dövlət katibinin Azərbaycan Prezidentinə telefon zəngini, apardığı müzakirəni Medianews.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, A.Blinken tərəflər arasında növbəti görüş təşkil etməyi planlaşdırır.

Onun sözlərinə görə, Vaşinqton gözlənilən sülh sazişinin yaxın aylarda imzalanmasını istəyir: “ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin qısa müddətdə, lap elə bu aylarda imzalanması marağından irəli gəlir. Blinken tərəflər arasında növbəti görüş təşkil etməyi planlaşdırır. Blinken Nyu-Yorkda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasının növbəti günlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Blinken oxşar görüşü ötən il də BMT sessiyası çərçivəsində təşkil etmişdi”.

Politoloq söyləyib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Moskvanın Zəngəzur dəhlizinə artan marağından narahat olub: “Vaşinqton da bu dəhlizi dəstəkləyir, sadəcə nəqliyyat yolunun Rusiyanın nəzarətində olmasını istəmir. Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanla Ermənistanın da maraqlarına cavab vermir. Bütün hallarda Vaşinqton qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirsə, İrəvanı Konstitusiyada zəruri dəyişiklik etməyə inandırmalıdır. Bu, baş nazir Nikol Paşinyan üçün çətin addım olmamalıdır”.

Kamilə ORUCOVA

phrase_var_article.chosen
135
50
medianews.az

10phrase_var_article.sources