AZ

Kremlin Zəngəzur təşəbbüsü: Azərbaycan "Türk yolu"na Rusiyanın nəzarət etməsinə isti yanaşmamalıdır

“Zəngəzur məsələsinin aktuallaşması Rusiyanın geosiyasi maraqları ilə bağlıdır”.

Bunu Bakıvaxtı.az-a politoloq Natiq Miri Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın üçtərəfli işçi qrupların Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə etməyə başlaması barədə dediklərinə münasibət bildirərkən deyib.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Rusiyanın regiona varlığını möhkəmləndirir:

"Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə müəyyən mənada Qərb dünyasına uduzur. Qərb, o cümlədən ABŞ Ermənistanda yerləşməyə davam edir. Bu proses davamlı şəkil alıb. Avropa ölkələri də Ermənistanın güc strukturlarında təmsilçiliyi artırır. Bu o anlama gəlir ki, ABŞ və Avropa ölkələri Ermənistana təsir imkanlarını çoxaltmağa çalışırlar”.

Onun fikrincə, belə təqdirdə gələcək perspektiv Rusiya üçün heç də xoş mənzərə vəd etmir. Müsahibimiz hesab edir ki, ona görə də Rusiya gələcəkdə bütün təhlükələrdən sığortalanmaq, rus hərbi bazasının Ermənistandan çıxarılmasının qarşısını almaq üçün Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. ABŞ və digər rəqib güclərin bölgəyə nüfuzunun önünü kəsməyə çalışır:

“Rusiya bunu ancaq 10 noyabr üçtərəfli bəyannamə ilə edə bilər. Üçtərəfli bəyannamə hüquqi bir sənəddir və imkan verir ki, Rusiya danışıqlarda bilavasitə iştirak etsin. Bəyannamədəki 9-cu müddə konkret olaraq Rusiyanın dəhlizə nəzarət mexanizmini həyata keçirməsini nəzərdə tutur. Ona görə Moskva 10 noyabr bəyannaməsindən yapışaraq ortalığa yeni təşəbbüs atır”.

N.Miriyə görə, Azərbaycan tərəfi ona görə narazılığını bildirmir ki, Moskva-Bakı münasibətlərinə kölgə düşməsini istəmir. Həm də Bakı əmindir ki, İrəvan bu prosesdən məmnun deyil:

“Vladimir Putinin Bakıya səfəri, ardınca Nikol Paşinyan və İlham Əliyevlə telefon danışığı bu məsələni aktuallaşdırdı. Ancaq bu o demək deyil ki, kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupların müzakirəsi konkret Zəngəzur dəhlizinin fəaliyyətini özündə ehtiva edir. Çünki Ermənistan dəfələrlə görüş və müzakirədə maraqlı tərəf olduğu görüntüsünü yaratmağa çalışıb, imitasiya edib. Bu da onlardan biri ola bilər".

Natiq Miri: Moskva 10 noyabr bəyannaməsindən yapışaraq ortalığa yeni təşəbbüs atır

Politoloq hesab edir ki, əslində Azərbaycan tərəfi də "Türk yolu" adlanan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinə isti yanaşmamalıdır:

"Strateji dəhlizə niyə Rusiya nəzarət etməlidir? Azərbaycan və Ermənistan arasında bir anlaşma oldu. Qərara alındı ki, sülh sənədinin imzalanmasına əngəl sayılan Zəngəzur dəhlizi məsələsi kənarda müzakirə predmeti olsun və gələcəyə saxlanılsın. Bu, Azərbaycan və Ermənistanın mövqelərini qismən gücləndirən amildir. Rusiyanın isə mövqelərini zəiflədən amildir. O baxımdan Zəngəzur dəhlizi ilə bağlı işçi qrupun müzakirələrinin nəticə verməyəcəyini düşünürəm. Çünki Moskvanın istəyi Bakının və İrəvanın maraqlarına uyğun deyil".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi üçtərəfli işçi qrupların Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə etməyə başladığını deyib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, əsas iş Azərbaycan və İranla təmasda qərb istiqamətində, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan ərazisindən keçməklə, daha sonra İran istiqamətində aparılır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilməkdədir:

"İş üçtərəfli razılaşmalar çərçivəsində ən yüksək səviyyədə aparılır".

Zaxarova əlavə edib ki, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi açıq-aydın və hamıya məlumdur.

“Biz müvafiq razılaşmaların tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında əldə ediləcəyindən çıxış edirik ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşuların maraqlarına cavab versin”.

Rusiya təmsilçisi Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlərin şübhə altına alınması cəhdlərinin də təhlükəli olduğunu söyləyib:

"Rusiya hesab edir ki, hazırda üçtərəfli razılaşmalara alternativ yoxdur. Bunu sorğu-sual etmək cəhdləri son dərəcə təhlükəlidir. Onlar davam edən qeyri-sabit ikitərəfli münasibətlər kontekstində tərəflərin qarşılıqlı öhdəliklərində boşluq yarada bilər".

Ekspertlərin fikrincə, Rusiya üçün indiki vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir. Lakin bütövlükdə bu maraqları başda ABŞ olmaqla Qərbə itirməyi də gözə ala bilməz. Ona görə də Moskva Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişini öz reallıqları fonunda tənzimləmək istəyir.

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
10
bakivaxti.az

10Mənbələr